İlham Əliyev

İlham Əliyev: “Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir”

İlham Əliyev/foto: president.az

Azərbaycanda işsizlik göstəricisi ilə bağlı açıqlanan rəqəmlər həmişə mübahisə doğurub. Belə ki, işsizlik səviyyəsinin rəsmi açıqlamalarda göstərilən rəqəmlərdən dəfələrlə çox olduğu bildirilib.

AZƏRTAC agentliyinin yazdığına görə, prezident İlham Əliyev ötən il Davos Dünya İqtisadi Forumunda ölkə boyu işsizlik göstəricisinin 5 faiz olduğunu qeyd edib.

«Bir neçə il bundan öncə bizim əsas hədəflərimizdən biri yoxsulluq və işsizliyin azaldılması idi. Buna uğurla nail olundu. Yoxsulluq 5,4 faiz, işsizlik isə 5 faiz səviyyəsindədir», – deyə İlham Əliyev qeyd edib.

Prezident 2018-ci ilin iyulunda Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda da işsizliyin 5 faiz olduğunu deyib. Həmin il «Pew» Araşdırma Mərkəzi Avropa Birliyi ölkələri üzrə işsizlik səviyyəsini açıqlayıb.

Prezidentin açıqladığı rəqəmə inansaq, Azərbaycan işsizlik həddinin aşağı olmasına görə Avropanın inkişaf etmiş ölkələri – Almaniya və Birləşmiş Krallığı da geridə qoyub.

İşsizlik göstəricisinin yuxarı olması ölkə iqtisadiyyatının çətin durumda olduğuna işarədir. Bir şəxsin işdən çıxarılması ailənin iqtisadi durumuna mənfi təsir göstərir. Çoxlu sayda şəxsin işini itirməsi isə problemin miqyasını daha da genişləndirir. İnsanlar gəlirdən məhrum olur, nəticədə istehsal və isehlak aşağı düşür. Buna görə də, işsizlik iqtisadiyyatın durumunu ölçmək üçün əsas meyarlardan biri hesab olunur.

Vətəndaşlara «işsiz» statusunun verilməsi «Məşğulluq haqqında» Qanunla tənzimlənir. İşi və qazancı olmayan, müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyata alınan əmək qabiliyyətli vətəndaşlar işsiz statusu almaq hüququna malikdirlər.

2018-ci ilin oktyabrına olan məlumata görə, ölkədə 35 440 nəfər işsiz statusu alan şəxs olub.

«Fed.az» Dövlət Statistika Komitəsinə (DSK) istinadən yazıb ki, ölkədə ən çox işsiz Bakı şəhərindədir. Paytaxtda 18 553 nəfər işsiz var ki, bu da ümumi işsizlərin 52 faizini təşkil edir.  

Dünyanın tanınmış maliyyə institutları da məşğulluq mövzusuna toxunanda Azərbaycanın təqdim etdiyi rəsmi rəqəmlərə istinad edirlər.

Dünya Bankının  internet səhifəsində qeyd olunur ki, 2016-2017-ci illərdə Azərbaycanda işsizlik 5 faiz təşkil edib, Azərbaycanda müstəqillik dönəmindən bəri ən yüksək isşizlik səviyyəsi isə 1999-cu ildə qeydə alınıb: 12.2 faiz.

«Fakt Yoxla» yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycanda işsizlik faizini araşdırıb. Qrup üzvləri öncə rəsmi rəqəmləri gözdən keçiriblər.

Məlum olub ki, 2018-ci il yanvarın 1-nə Azərbaycanda əmək qabiliyyətli əhalinin sayı 6 408 100 təşkil edib. Onların 6 262 200-ü əmək qabiliyyətli yaşda, 145 900-ü isə pensiya yaşını keçənlərdir. Qeyd edək ki, 15-62.5 yaşlı kişilər və 15-59.5 yaşlı qadınlar əmək qabiliyyətli şəxslər hesab olunurlar.

Rəsmi məlumata görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 073 800 təşkil edir. Onların 4 822 100-ü məşğul, 251 700-ü işsiz hesab edilir.

«Məşğulluq haqqında» Qanuna görə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə-kəndli təsərrüfatının üzvləri qeyri-formal məşğul hesab olunurlar. Bu da öz növbəsində işləyənlərin statistikasının artmasına təsir edir.

Silahlı qüvvələrdə xidmət edənlər, ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar və s. şəxslər məşğul əhali siyahısına daxildir.

Azərbaycan qanunvericiliyinə görə, hər bir sahibkar, işçi Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata durmalıdır. Müvafiq qaydalara görə sığortaedən məcburi dövlət sosial sığortası üzrə fərdi uçot sistemində uçotda olmayan yeni işçi ilə əmək müqaviləsi bağladığı gündən sonra 1 ay ərzində müvafiq DSMF orqanına ərizə ilə müraciət etməlidir.

2018-ci il yanvarın 1-dək DSMF-nun fərdi uçot sistemində 3 566 745 şəxs qeydiyyatda olub. Bu rəqəmi məşğul əhalinin sayından çıxsaq, o zaman 1 255 355 nəfər –  mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər və qanunda qeyd edilən digər şəxslər – qalacaq.

Vergilər Nazirliyinin 2019-cu il yanvarın 1-nə olan məlumatına görə, ölkədə 845 196 fiziki şəxs qeydiyyatdan keçib. 2018-ci ilin yanvarın 1-nə olan göstəricini müəyyən etmək üçün,  bu rəqəmdən il ərzində yeni qeydiyyata duran 75 261 fiziki şəxsin sayını çıxırıq. Beləliklə, 2018-ci ilin yanvarın 1-nə ölkədə 769 935 vergi ödəyicisi olub.

Müvafiq olaraq, DSMF-nun sistemindəki 3 566 745 nəfərdən 769 935 vergi ödəyicisini və rəsmi olaraq muzdlu işlə məşğul olan 1 525 000 nəfərin sayını çıxanda DSFM-də qeydiyyatda olan, amma heç bir işlə məşğul olmayan 1 271 810 nəfər qalacaq.

Dövlət Statistika Komitəsinin məlumatına görə, kənd təsərüffatı sahəsilə 1 703 500 nəfər məşğuldur [muzdlu işçiləri hesaba əlavə etmədən]. Əgər mövcud qanunvericiliyə uyğun hesablasaq, o zaman biz heç bir işlə məşğul olmayan və qeydiyyatda olmayanların sayından (2 527 165)  kənd təsərrüfatı ilə məşğul olanların (1 703 500) sayını çıxmalıyıq. O zaman yerdə 823 665 qalacaq. Bu rəqəmdən də hərbi qulluqçuların sıravi heyəti [yalnız çağırış olunanlar, 15-20 min civarında] çıxılsa, rəsmən işsizlərin sayı müəyyən oluna bilər.

20 min çağırışçını çıxandan sonra yerdə qalan 803 665-ə rəsmi olaraq DSK tərəfindən işsiz sayılan 251 400 nəfəri əlavə etsək, işsizlərin ümumi sayı 1 055 065 olur. Bu rəqəm iqtisadi fəal əhalinin 21 faizini təşkil edir.  

Beləliklə «Fakt Yoxla»nın gəldiyi qənaətə görə, 2018-ci ildə Azərbaycanda işsizlik səviyyəsi 5 yox, 21 faiz olub. Buna görə də Prezidentin işsizliklə bağlı açıqlaması yanlışdır.

 

SHARE