Əli Kərimli

Əli Kərimli: “Ermənistan ildə yarım milyard dollarlıq yüksək texnologiya məhsulu ixrac edir”

AXCP sədri Əli Kərimli/Foto BBC-dən götürülüb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli “BBC Azərbaycan” saytına  müsahibəsində bildirib ki, xarici investorları yüksək texnologiyalar sahəsinə cəlb etmək lazımdır.

“İlham Əliyev gedib Çinlə danışıq aparır ki, gəlin Kürdəmirdə böyük plantasiyalar qurun, bizə pomidor-xiyar istehsal edin.Bu nə deməkdir?”

Jurnalistin “İnvestorlar hansı sahələrə cəlb olunmalıdır?” sualına Əli Kərimli “Əlbəttə ki, istehsalat, yüksək texnologiya”, deyərək cavab verib.

Ermənistanı misal çəkən AXCP sədri “Ermənistan ildə yarım milyard dollarlıq yüksək texnologiya məhsulu ixrac edir”, – o deyib.

“Fakt Yoxla” Əli Kərmlinin Ermənistan haqqında açıqladığı rəqəmin doğru olub-olmadığını araşdırıb. 

Avropada iqtisadi aktivliyin klassifikasiyası kriteriyasına əsasən, yüksək texnologiya anlayışına əczaçılıq vəsaitləri, komüter, optik və elektronik qurğular, hava gəmiləri və təyyarələr daxildir.

Dünya Bankının məlumatına görə, 2018-ci ildə Ermənistanın yüksək texnologiya məhsullarının ixracı 6 mln. 472 min dollar təşkil edib. Bu göstərici istehsal edilmiş məhsulları əhatə edir. Yəni xidmətlər bura daxil deyil.

Dünya Bankı bildirir ki, 1999-2018-ci illərdə Ermənistandan ixrac edilən yüksək texnologiya məhsullarının həcmi ilə bağlı ən yüksək göstərici 2001-cü ildə qeydə alınıb – 10 mln. 399 min dollar.

200-dən artıq ölkənin iqtisadi göstəricilərini dərc edən “theglobaleconomy.com” saytının məlumatına əsasən, 2018-ci ildə Ermənistanın ümumi yüksək texnologiya məhsulu ixracı [bura həm məhsul, həm də xidmət daxildir]33 mln. 260 min dollar təşkil edib. Bu, indiyədək Ermənistan tarixində yüksək texnologiya məhsulu ixracı üzrə qeydə alınan ən yüksək göstərici olub.

Ermənistanın Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Ermənistanda informasiya texnologiyaları və informasiya xidmətlərinin həcmi 87 mlrd. 530 mln dram təşkil edib. Bu isə təxminən 183 mln. 800 min dollar edir. Ermənistanda istehsal edilən kompüter, elektronik qurğular, optik cihazlar və əczaçılıq məhsulları ümumilikdə 19 mlrd. 107 mln. dram (40 mln. 100 min dollar) dəyərində olub

Statistika Komitəsində Ermənistanın təyyarə və ya kosmik cihaz istehsal etdiyinə dair məlumat qeyd olunmayıb.

Beləliklə, Ermənistanda 2018-ci ildə istehsal edilən yüksək texnologiya məhsullarının ümumi dəyəri 223 mln. 900 min dollar təşkil edib. Bu rəqəm istehsal olunan məhsulun həcmidir. 

İxrac isə istehsaldan kiçik olur, çünki istehsal olunan bütün məhsullar ölkədən ixrac edilmir.

Ölkələrə üzrə biznes məlumatlarını dərc edən “globaledge.msu.edu” portalının məlumatına görə, Ermənistanın 2017-ci ildə ixrac etdiyi məhsulların ilk 10-luğunda texnologiya məhsulu olmayıb.

“Fakt Yoxla”nın qənaətinə görə, Əli Kərimlinin dedikləri yanlışdır.

SHARE