Bəxtiyar Sadıqov

Bəxtiyar Sadıqov: “Dövlət indiyədək hansı qəzeti bağlayıb, hansı saytı bloklayıb?”

Deputat Bəxtiyar Sadıqov/Foto teleqraf.com-dan götürülüb.

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat, prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının və Mətbuat Şurası İdarə Heyətinin üzvü Bəxtiyar Sadıqov Milli Mətbuat günü ərəfəsində Azadlıq Radiosuna müsahibəsində saytların bloklanması haqda sualı cavablandırarkən Azərbaycanda mediaya basqı olmadığını, vətəndaşların narazı qaldıqları halda qəzet və saytı məhkəməyə vermək haqqının olduğunu bildirib.

Bəxtiyar Sadıqov jurnalistə “Dövlət indiyədək hansı qəzeti bağlayıb, hansı saytı bloklayıb?”, – deyərək sual ünvanlayıb.

“Fakt Yoxla” bloklanan saytlar haqqında məlumatları toplayıb.

Hüquqşünas Ələsgər Məmmədli “Turan” İnformasiya Agentliyinin, “Press-Klub” və Azərbaycan Jurnalistlər Birliyinin Milli Mətbuat günü münasibətilə təşkil etdiyi forumda deyib ki, Azərbaycanda 60 resurs bloklanıb, onların 7-si barəsində məhkəmə qərarı var.

Məhkəmə qərarı ilə  Azadlıq Radiosu, “Azadlıq”qəzeti, “Meydan” TV, “Turan” TV, “Azərbaycan saatı” proqramı, “xural.com” və “bastainfo.com” saytlarına giriş məhdudlaşdırılıb.

Azərbaycanda tənqidi saytlara giriş əsasən 2017-ci ilin martın 10-da “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” Qanunlara dəyişikliklərdən sonra tətbiq edilib. Həmin dəyişikliklər internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada, bəzən məhkəmə qərarı olmadan bloklanmasına imkan verir.

Bu dəyişikliklərdən bir neçə həftə sonra – martın 27-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN)yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) “Azadlıq” qəzeti, Azadlıq Radiosu, Meydan TV, Turan telekanalı və “Azərbaycan saatı” verilişinin yerləşdirildiyi internet resurslarının bloklanması üçün məhkəməyə müraciət etmişdi. Səbail Rayon Məhkəməsi ETM-in iddiasını təmin etmişdi. Apellyasiya Məhkəməsi və Ali Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı.

BBC Azərbaycan” saytının yazdığına görə, ETM adıçəkilən media qurumlarını Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ictimai sabitliyin pozulmasına yönələn destruktiv hərəkətlərə yol verməkdə, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar etdməkdə, radikal dini qurumların qanunsuz fəaliyyətlərinin təbliğini  və yayılmasını qadağan edən digər informasiyaları yerləşdirməkdə ittiham edib, bu saytların dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratdığını iddia edib.

Media qurumları bu ittihamları təkzib ediblər. Azadlıq Radiosunun aid olduğu “Radio Free Europe/ Radio Liberty”-nin prezidenti Thomas Kent nazirliyin bu addımını azad mətbuatı qorxutmağa yönələn və adi hüquqlara və beynəlxalq konsensiyalara nifrətdən başqa heç bir şey göstərməyən, vicdansız senzura adlandırmışdı. 

2017-ci il sentyabrın 25-də Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (“OCCRP”) saytına giriş məhkəmə qərarı olmadan məhdudlaşdırıldı. Azərbaycandan bu sayta müraciətlər OCCRP-nin prezident İlham Əliyevin və yüksək rütbəli dövlət məmurlarının da adlarının çəkildiyi 2.9 mlrd. dollarlıq çirkli pulyuma əməliyyatı haqqında dərc etdiyi araşdırmasından sonra məhdudlaşdırılıb. 

Meydan Tv”-nin yazdığına görə, layihənin rəhbəri Drev Sullivan deyib ki, saytın bloklanması Azərbaycanda medianın susdurulması və ifadə azadlığının məhdudlaşdırılması prosesinin bir hissəsisdir. 

Xəbər saytlarına girişin məhdudlaşdırılması ilə bağlı növbəti dalğa 2018-ci ilin iyulunda başladı. Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması ilə bağlı internetdə yayılan “yalan məlumatlar” və “qanunsuz çağırışlar”a dair cinayət işi qaldıraraq “bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” və “fia.az” saytlarının bağlanması barədə NRYTN müraciət etmişdi.

Eyni ittihamlarla mühakimə olunan “bastainfo.com” saytının rəhbəri Mustafa Hacılıya və “criminalaz.com” saytının baş redaktoru Anar Məmmədova, “teref.info” saytının redaktoru Nurəddin Xocaya [İsmayılov] 2 il sınaq müddəti olmaqla 5 il 6 aylıq şərti cəza verildi.

Avqustun 7-də “az24saat.org“, bir gün sonra isə “xural.com”, “arqument.az”,”anaxeber.az” və “monitortv.info” saytının bloklanması ilə bağlı qərarlar verildi. Həmin saytlar NRYTN-nin iddiası əsasında böhtan xarakterli yazılar yaymaqda günahlandırılırdı. Sayt rəhbərləri ittihamları qəbul etmədiklərini açıqlamışdılar.

2018-ci il avqustun 10-da Bakı Apellyasiya Məhkəməsi “arqument.az” saytının bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinin qərarını ləğv etmişdi. Amma 2019-cu ilin aprelində “arqument.az” saytına giriş ikinci dəfə məhdudlaşdırıldı. Bu məhdudlaşdırma məhkəmə qərarı olmadan həyata keçirilmişdi.

Müstəqil araşdırmalardan məlum olur ki, hazırda məhkəmə qərarı olmadan NRYTN-nın təşəbbüsü ilə bloklanan satyların sayı 50-dən çoxdur.

“Fakt Yoxla”nın qənaətinə görə, Bəxtiyar Sadıqovun dedikləri yalandır.

 

SHARE