Əli Kərimli

Əli Kərimli: “Sığorta bazarının 50%-dən artığı təkcə “Paşa Sığorta”ya, “Paşa Holding”ə aiddir”

AXCP sədri Əli Kərimli/Foto sputnik.az-dan götürülüb.

“Ölkənin sığorta bazarının 50%-dən artığı təkcə “Paşa Sığorta”ya, “Paşa Holding”ə aiddir”. 

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli  “BBC News Azərbaycanca“nın “Sual vaxtı” proqramına müsahibəsində deyib.

“Fakt Yoxla” Əli Kərimlinin dediklərinin doğru olub-olmadığını araşdırıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta bazarına dair statistikanı həm sığorta şirkətləri, həm də sığorta növləri üzrə dərc edir.

2019-cu il iyulun 1-nə olan məlumata görə, Azərbaycanda 22 sığorta şirkəti mövcuddur. Bu sığorta şirkətlərinin arasında iki şirkət “Paşa Holding” şirkətlər qrupuna aiddir. Bu “Paşa Sığorta” ASC və “Paşa Həyat Sığorta” ASC-dir. 

Azadlıq Radiosunun dərc etdiyi araşdırmada “Paşa Holdinq” şirkətlər qrupunda əsas pay sahiblərinin prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevanın olduğu bildirilirdi. 

Bəs “Paşa Holdinq”ə daxil olan sığorta şirkətlərinin ümumi sığorta bazarında payı nə qədərdir?

Öncə qeyd edək ki, sığorta bazarı qiymətləndirilərkən iki əsas göstəricidən istifadə olunur: sığorta haqları və sığorta ödənişləri. Birinci göstərici əsasən şirkətin dövriyyəsini, onun müştəri bazasını və s. göstərir. Rəsmi məlumata görə, 2019-cu ilin ilk 6 ayı ərzində sığorta şirkətləri tərəfindən 361 336,8 min manat sığorta haqqı yığılıb və 119 102,4 min manat sığorta ödənişi edilib.  

“Paşa Holdinq”in nəzdində olan şirkətlər 198 472,6 min manat sığorta haqqı yığıb və 56 574,5 min manat sığorta ödənişi ediblər. Bu isə müvafiq olaraq 54,93% və 47,5% təşkil edir.

2018-ci ilin yanvar-dekabr aylarında sığorta şirkətləri 727 954,1 min manat sığorta haqqı yığıb və 240 333,5 min manat sığorta ödənişi ediblər. “Paşa Sığorta” ASC və “Paşa Həyat Sığorta” ASC-nin payına isə 393 005,4 min manat sığorta haqqı və 120 565,8 min manat sığorta ödənişi düşüb. Bu, sığorta bazarın müvafiq olaraq 53,99% və 50,17%-ni təşkil edir.

Azərbaycanın sığorta bazarında həyat sığortası və qeyri-həyat sığortası da mövcuddur. Həyat sığortası ilə 2019-cu il yanvarın 1-nə olan məlumata görə 3, 2019-cu il iyulun 1-nə olan məlumata görə 4 şirkət məşğul olub. 

“Paşa Həyat Sığorta” ASC həyat sığortası bazarında önəmli paya sahibdir. 2018-ci ilin sonuna olan məlumata görə, həyat sığortası bazarında 340 992,9 min  manat sığorta haqqı yığılıb və 98 115 min manat sığorta ödənişi edilib. 

Bu məbləğin müvafiq olaraq 264 998,4 min [77,71%] və 71 045,5 min manatı [72,41%] “Paşa Həyat Sığorta” ASC-nin payına düşüb. 2019-cu ilin birinci yarısı üçün bu göstəricilər müvafiq olaraq 80,71 və 74,74% təşkil edib.

Beləliklə, ümumi sığorta bazarı üzrə “Paşa Holdinq”in payı 50% civarındadır, bəzi sığorta növləri üzrə isə holdinqin payı 80%-ə çatır.

“Fakt Yoxla”nın qənaətinə görə, Əli Kərimlinin dedikləri doğrudur.

SHARE