Ziyafət Əsgərov

Ziyafət Əsgərov: “Ulu Öndərin qətiyyəti sayəsində mütəşəkkil ordu yaradıldı”

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov/Foto azertag.az-dan götürülüb.

Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov deyib ki, Ulu Öndərin [Heydər Əliyev nəzərdə tutulur] qətiyyəti sayəsində Azərbaycanda mütəşəkkil ordu yaradılıb. Bu barədə “Trend” İnformasiya Agentliyi yazıb. 

 “… 1993-cü ilin iyunun 9-da Bakıya gələn və iyunun 15-də Ali Sovetin sədri seçilən Ulu Öndərin qətiyyəti sayəsində Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin, eləcə də ölkədə cinayətkarlığın qarşısı alındı, qanunsuz silahlı dəstələr ləğv olundu, mütəşəkkil ordu yaradıldı və dövlət müstəqilliyi qorunub saxlanıldı”,- deyə Ziyafət Əsgərov bildirib. 

“Fakt Yoxla” Ziyafət Əsgərovun ordunun yaradılması ilə bağlı açıqlamasının doğru olub-olmadığını araşdırıb.

Qeyd edək ki, Azərbaycanın ilk müdafiə naziri Valeh Bərşadlı 1991-ci il sentyabrın 5-də prezident Ayaz Mütəllibov tərəfindən təyin edilib.

“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında”   Qanunu 1991-ci ilin oktyabrın 9-da sabiq prezident Ayaz Mütəllibov tərəfindən qəbul edilib. 

Qanunun 1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri respublikanın prezidentinə tabe olan dövlət silahlı təşkilatıdır və Azərbaycanın mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumalıdır. 

Qanunda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin vəzifələri (Maddə 2), fəaliyyətinin hüquqi əsasları (Maddə 4), sayı, strukturu (Maddə 6) və s. göstərilirdi.

1991-ci il oktyabrın 9-da, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunun qüvvəyə minməsi qaydası barəsində Ali Sovetin qərarı qəbul edilib. Qərarda qeyd olunurdu ki, SSRİ silahlı qüvvələrinin Azərbaycan ərazisində yerləşən silahları və maddi-texniki sərvətləri, o cümlədən binaları milliləşdirilsin (Maddə 2), SSRİ silahlı qüvvələrinin şəxsi heyəti Azərbaycandan çıxarılsın (Maddə 3), Azərbaycan vətəndaşlarının SSRİ Silahlı Qüvvələrinə icbari çağırışı dayandırılsın və onların Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etməsi təmin edilsin (Maddə 6). Qərarın sonunda Hərbi And da qeyd olunub.

“Azərbaycanda hərbi xidmətə çağırışın əsasları haqqında” Qanun 1992-ci il iyunun 10-da qəbul edilib. Qanun Ali Sovetinin sədri İ. Qəmbərov tərəfindən imzalanıb. Həmin dövrdə prezidentin səlahiyyətlərini İsa Qəmbərov həyata keçirirdi.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetin sədri, oktyabrın 3-də prezident seçilib. O hakimiyyətə gələnə qədər müdafiə naziri təyin edilmiş, “Silahlı Qüvvələr haqqında” Qanun qəbul edilmiş, Azərbaycanın Silahlı Qüvvələri SSRİ Silahlı Qüvvələrindən ayrılmış, 1992-ci ilin iyununda Ağdərə rayonunun 80%-i işğaldan azad edilmiş, 1993-cü il mayın 25-də Rusiyaya məxsus hərbi birləşmələr Azərbaycandan çıxardılmışdı.

“Fakt Yoxla”nın qənaətinə görə, Ziyafət Əsgərovun dedikləri yanlışdır.

 

SHARE