Hüseyn Hüseynov

Hüseyn Hüseynov: “Son 19 ildə yoxsulluq 10 dəfə azalıb”

Hüseyn Hüseynov/Foto “report.az”dan götürülüb.

“Azərbaycanda 2000-ci ildə yoxsulluq göstəricisi 49 faiz idisə, bu gün yoxsulluq 5 faiz təşkil edir”. 

Report.az”ın məlumatına görə, bunu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri Hüseyn Hüseynov deyib.

Onun sözlərinə görə, son 19 ildə Azərbaycanda yoxsulluq 10 dəfə azalıb. 

 “Fakt Yoxla“ Hüseyn Hüseynovun açıqlamasının doğru olub-olmadığını araşdırıb.

İqtisadi olaraq yoxsulluq səviyyəsini dinamikada tədqiq etmək üçün bir sıra makroiqtisadi göstəricilər lazımdır ki, bunlara aşağıdakıları aid etmək olar:

  1. Ümumi Daxili Məhsul;
  2. Adambaşına düşən Ümumi Daxili Məhsul;
  3. Əhalinin gəlirləri;
  4. Yoxsulluq həddində olanların sayı;
  5. İşsizlik;
  6. İnflyasiya;
  7. Xarici ticarət göstəriciləri (idxal, ixrac, saldo);
  8. Büdcə gəlirləri və xərcləri;
  9. Valyuta məzənnəsi və s.

Yoxsulluq anlayışına ikili yanaşma var: biri daha çox gəlir anlayışı və statistika ilə bağlıdır. Belə ki, yoxsulluq aşağı həddi ölkədə müəyyən olunmuş yaşayış minimumu sayılan, xərclərin həcminə görə ölçülən aşağı həyat səviyyəsi ilə ifadə olunan sosial-iqtisadi hadisə kimi qəbul olunur. Məsələn, BMT  günə adambaşı 2 dollardan az (1,90 USD) gəlir əldə edəni yoxsul hesab edir. 

Başqa sözlə, əgər bu rəqəmi manata çevirsən, Azərbaycanda yoxsul ailə adambaşı 96,9 AZN-dən az qazanmalıdır. 

Dövlət Statistika Komitəsinə (DSK) istinadən, Azərbaycanda orta ev təsərrüfatının 4,11 nəfərdən ibarət olmasını nəzərə alsaq, bu bir ailədə gəlirlərin 398,2 AZN-dən az olması deməkdir. 

Yoxsulluq səviyyəsinə birbaşa ciddi təsir edən amillərdən biri də işsizlikdir. 

Prezident İlham Əliyev ötən il Davos Dünya İqtisadi Forumunda ölkə boyu işsizlik göstəricisinin 5  faiz olduğunu qeyd etmişdi.  Lakin “Fakt Yoxla”nın araşdırmasına görə, 2018-ci ildə Azərbaycanda işsizlik səviyyəsi 5 yox, 21 faiz olub. 

İşsizliyin bu qədər yüksək olması eyni zamanda yoxsulluğa da təsir etməlidir. Amma son illər yüksək inflyasiya (yəni qiymət artımı) olmasına, eyni zamanda işsizliyin faktiki olaraq artmasına baxmayaraq, yoxsulluq göstəricilərində müsbət trend nümayiş etdirir. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2005-ci ildən 2017-ci ilə qədər yoxsulluq səviyyəsi Azərbaycanda bu istiqamətdə dəyişib:

  • 2001-49%
  • 2002-46,7%
  • 2002-46,7%
  • 2003-44,7%
  • 2004-40,2%
  • 2005-29,3%
  • 2006-20,8%
  • 2007-15,8%
  • 2008-13,2%
  • 2009-10,9%
  • 2010-9,1%
  • 2011-7,6%
  • 2012-6%
  • 2013-5,3%
  • 2014-5%
  • 2015-4,9%
  • 2016-5,9%
  • 2017-5,4%
  • 2018-4,9%

Göründüyü kimi, katibliyin rəhbərinin sözləri rəsmi statistika ilə üst-üstə düşür, amma qeyd etdiyimiz kimi, yoxsulluq anlayışına ikili yanaşma mövcuddur. 

İkinci yanaşma daha çox həyat səviyyəsi ilə bağlıdır və onu keyfiyyət göstəriciləri ilə ölçmək olar. 

Bu yanaşmaya görə, yoxsulluq insanların cəmiyyət tərəfindən qəbul edilmiş minimal standartlar səviyyəsində istehlakı olmayan həyat tərzidir.

Bəs Azərbaycanda əhalinin həyat səviyyəsi necədir? 

Ev təsərrüfatların vəziyyətini öyrənmək üçün, Dövlət Statistika Komitəsi müvafiq araşdırma aparır. Bu araşdırmanın nəticələri DSK-nın rəsmi saytında “Ev təsərrüfatlarının abadlıq şəraiti və təchizatı” bölməsinə daxil edilir. Sonuncu rəqəmlər 2017-ci ilə aiddir. 

Tədqiqata görə, Azərbaycanda 2017-ci il üzrə mərkəzi isitmə sistemi ilə təmin olunmuş ev təsərrüfatlarının xüsusi çəkisi 22,2 %, soba ilə (qaz, odun) 60,8 %, telefonla təmin olunma 77,7 %, vanna, duş, hamam təminatı isə 89,6 %. 

 Bu o deməkdir ki, ölkə üzrə ev təsərrüfatlarının 77,8 % mərkəzi isitmə sistemi, 39,2 % soba, 22,3 % telefonla, 10,4 % isə normal şəraitə malik hamamla təmin olunmayıb.  

Bundan başqa, 2017-ci il üzrə ev təsərrüfatlarının ümumi həcminin, demək olar ki, 10 faizinin şəbəkə qazı, 11,3% mərkəzləşdirilmiş su, 35 %-nin isə isti su təchizatı yoxdur.

Bəs bu imkanları ev təsərrüfat nümayəndələri öz hesabına əldə edə bilərlərmi? Prezident İlham Əliyevin sonuncu sərəncamına əsasən, minimum əməkhaqqı 2019-cu ilin sonunda 250 manat təşkil edəcək. Başqa sözlə, işdən asılı olmayaraq əməkhaqqı bundan aşağı ola bilməz. Ancaq sərəncam hələ  2019-cu il sentyabrın 1-dən qüvvəyə minəcək. 

Hazırda isə Azərbaycanda minimum əməkhaqqı 180 manat təşkil edir. Bəs bu minimum əməkhaqqı ilə əhali öz ehtiyaclarını nə dərəcədə ödəyə bilər?

Bunun üçün minimal qiymətləri araşdırmaq lazımdır. 

Mərkəzi istilik sisteminin qurulması – ümumilikdə 1000 AZN-dən artıq.

  1. Duş kabina – 80-90 AZN
  2. Vanna – 120-135 AZN
  3. Duş kabin arakəsmələri – 70-80 AZN
  4. Duş – 20-30 AZN
  5. Kafel (kvadratı 9-10 manat)
  6. Unitaz – 140-180 AZN
  7. Telefon(mobil) – 199 AZNdən başlayaraq 2000 AZN-ə kimi
  8. Telefon (distans ev) – 80-90 AZN
  9. Telefon(ev) – ən ucuz – 30 AZN

Hüseyn Hüseynov bildirib ki, hazırda ölkə üzrə yoxsulluq 5 faizdir. Rəsmi statistika da bunu təsdiqləyir, amma əhalinin “minimal standartlar səviyyəsində istehlakı” cəhətdən yaşadığı abadlıq şəraitini və təchizatını araşdırsaq, bu rəqəmin reallıqla üst-üstə düşmədiyini görə bilərik. 

“Fakt Yoxla”nın qənaətinə görə, Hüseyn Hüseynov Azərbaycandakı yoxsulluq səviyyəsindən danışarkən manipulyasiyaya yol verib.

 

SHARE