Anar Bağırov

Anar Bağırov: “İntizam pozuntusuna yol vermiş vəkillərin fərdi vəkillik fəaliyyətlərinin ləğvi qanuni addımdır”

Vəkillər Kollegiyasının sədri Anar Bağırov/Foto “amerikaninsesi.org”dan götürülüb.

İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan vəkillər – Aqil Layıcovun və Elçin Sadıqovun fərdi qaydada vəkillik fəaliyyəti icazələri ləğv edilib. 

Onlar Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Bakıda yerləşən hüquq bürolarına təhkim ediliblər

Hər iki vəkil qərarla razılaşmadığını bildirib. 

Vəkillərin sözlərinə görə, Kollegiyanın qərarı onların razılığı olmadan verilib, bu isə qanunvericiliyin tələblərinə ziddir. 

Vəkillər Kollegiyasının sədri Anar Bağırov isə Azadlıq Radiosuna müsahibəsində deyib ki, Kollegiyanın bu qərarları qəbul etməsinə səbəb adıçəkilən vəkillərin reyesterdə göstərilmiş rayonlar üzrə fəaliyyət göstərməməsi və qanunda nəzərdə tutulmuş 2 faizlik sığorta ödənişini həyata keçirməməsidir. O bu qərarların intizam xarakterli olduğunu, ümumilikdə 18 vəkil barədə analoji addımların atıldığını bildirib.  

“Faktyoxla” Vəkillər Kollegiyasının 18 nəfər vəkilin fərdi vəkillik fəaliyyətinin ləğvinə dair qərarının qanunvericiliyin tələblərin uyğun olub-olmadığını araşdırıb.

Vəkillər Kollegiyası peşə birliyi olmaqla yanaşı, həm də ictimai funskiyaları həyata keçirən hüquqi şəxsdir [bax]. Bu, qurumun üzərində öz fəaliyyətini qanunçuluq prinsipi ilə tənzimləmək öhdəliyi yaradır. 

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 9-cu maddəsində də göstərilir ki, Kollegiyanın fəaliyyəti bu Qanunla və Kollegiyanın Nizamnaməsi ilə müəyyən edilir. 

Qanunun 5-ci maddəsinə əsasən vəkillər öz fəaliyyət formalarını könüllü olaraq seçir. Bu, fərdi və ya müvafiq qurumların tərkibində ola bilər. Buradan aydın olur ki, vəkillər iradələrinə zidd olaraq hüquq bürolarına təhkim edilməklə qanunvericiliyin bu tələbi pozulub. 

Anar Bağırov müsahibəsində sözügedən qərarları intizam tədbiri kimi xarakterizə edib. Vəkillər barəsində intizam tədbirlərinin mümkünlüyü “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda təsbit olunub. 

Qanunun 22-ci maddəsinə əsasən, vəkilin bu Qanunun və ya digər qanunvericilik aktlarının tələblərini, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnaməni, o cümlədən vəkil etikası normalarını pozması aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. 

Qanunun 16-cı maddəsinə görə, sığorta ödənişini həyata keçirmək vəkilin vəzifəsi olduğu üçün bu vəsaitin ödənilməməsi intizam məsuliyyəti üçün yetərli əsas yarada bilər. Lakin Qanunda vəkillərin cəlb oluna biləcəyi intizam məsuliyyətləri də dəqiq göstərilib. Belə ki, müvafiq Qanunun 22-ci maddəsinin VI maddəsinə görə, vəkilə qarşı bu intizam tədbirləri həyata keçirilə bilər: 

  1. 1.İrad tutma. 
  2. Töhmət. 
  3. Üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması. 
  4. Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə. 

Göründüyü kimi, qanun fərdi fəaliyyət göstərən vəkilin hüquq bürosuna təhkim olunmasını intizam tədbiri olaraq istisna edir. 

Beləliklə, Anar Bağırovun 18 nəfər intizam pozuntusuna yol verdiyi hesab edilən vəkillərin fərdi vəkillik fəaliyyətlərinin ləğvini intizam tədbiri kimi qiymətləndirməsi qanuni deyil. Çünki qanun intizam tədbirlərinin konrekt siyahısını müəyyən edir və həmin siyahı genişləndirilə bilməz.

Həmin siyahıda fərdi vəkillik fəaliyyətinin ləğvi nəzərdə tutulmayıb. Bu baxımdan qanunilik nöqteyi-nəzərindən Vəkillər Kollegiyası hətta həmin fərdi vəkillər intizam pozuntularına yol versələr belə, onların fərdi vəkilliklərini ləğv edə bilməzdi. Çünki bu qanunda nəzərdə tutulmayıb.

Bundan əlavə, yuxarıda göstərildiyi kimi fərdi vəkillik fəaliyyəti vəkillər tərəfindən könüllü seçilir. Bu isə onu göstərir ki, vəkillik fəaliyyətinin təşkilati-hüquqi formasını seçmək vəkillərin iradəsindən asılıdır və onların öz iradələrinə zidd hansısa büroya təhkim edilməsi qanunvericiliyin tələblərinə ziddir.

Beləliklə, “Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Vəkillər Kollegiyasının qərarı qanunaziddir. 

SHARE