Vahid Əhmədov

Vahid Əhmədov: “Bəzi hallarda mülkiyyətin toxunulmazlığı təmin edilmir”

Vahid Əhmədov, Milli Məclisin deputatı

“Bəzi hallarda mülkiyyətin toxunulmazlığı təmin edilmir”. 

APA-nın yazdığına görə, bunu millət vəkili, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Sahibkarlar gününə həsr olunan “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” adlı konfransda çıxış edərkən bildirib. 

Mülkiyyətin toxunulmazlığı deyəndə Vahid Əhmədov elə sahibkarlıq mülkiyyətini nəzərdə tutub.

“Fakt Yoxla” deputatın dediklərinin doğru olub-olmadığını yoxlayıb.

Azərbaycanda mülkiyyət hüququ iki əsas hüquqi sənəd – Azərbaycan Respublikasının Konstitusiyası və Mülki Məcəllə ilə tənzimlənir.

Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152-ci maddələrinə əsasən, mülkiyyət hüququ – şəxsin təkbaşına və ya başqaları ilə birlikdə ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmçinin mülkiyyət hüququ Avropa İnsan Hüquqları Konvensiyasına əlavə 1 saylı Protokolla qorunur. 

Protokolun 1-ci maddəsində vurğulanır ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Dünya Bankı biznes və investisiya mühitini firmaların məhsuldar tərzdə investisiyalar yatırması, iş yerləri yaratması və fəaliyyətin genişlənməsinə yönəldilmiş imkanların və stimulların olması kimi tərif edir.

Azərbaycanda iş adamlarının mülkiyyət hüququnun pozulması ilə bağlı ən məşhur nümunələrdən biri Hüseyn Arabul işi olub. 

Türkiyəli iş adamı olan Arabul Azərbaycana 2001-ci ildə gəlib. O dövrdə, Bakı elektrik şəbəkəsinin idarə olunması uğrunda tender keçirilirdi. Formal olaraq, 2001-ci ilin sonunda Almaniyanın “Siemens” şirkəti bu tenderdə qalib gəlmişdi. Amma müəmmalı səbəblərə görə, hökumət 3 dəfə artıq sərmayə təklif edən almanlar ilə müqavilə imzalamaqdan imtina etmişdi və Hüseyn Arabulun başçılıq etdiyi şirkət ilə bağlanmışdı.

Nəticədə onun rəhbərlik etdiyi “Barmek-Azərbaycan Elektrik Şəbəkəsi” MMC Bakı və Sumqayıt elektrik şəbəkələrini 25 illik idarəetməyə götürmüşdü. Amma onun bu fəaliyyəti çox da uzun çəkməyib. 2006-ci ildə “Barmek” hər iki şəhərin elektrik şəbəkələrinin idarə edilməsindən uzaqlaşdırılıb.

“Barmek-Azərbaycan” şirkətinə qarşı Baş Prokurorluq Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı) və 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən oğurluq) maddələri üzrə cinayət işi açmışdı.

İyulun 5-də “Barmek”in bütün varidatına və bank hesablarına həbs qoyulub, iyulun 7-də isə İqtisad Məhkəməsi şirkətin “Azərenerji” Səhmdar Cəmiyyətinə 92 milyon dollar cərimə ödəməli olduğu barədə qərar çıxartmışdı.

Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Arabula 5 il şərti cəza verilmişdi. Daha sonra sərhədi qanunsuz keçməkdə günahlandırılan iş adamı Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü ilə 2 il müddətinə azadlıqdan da məhrum edilmişdi.

Hüseyn Arabul “Amerikanın Səsi”nə müsahibəsində bildirmişdi ki, problemin kökü 2005-ci ilə “Barmek”in villa sahiblərini işıq pulu verməyə məcbur etmə kampaniyasına başladığı vaxta təsadüf edir.

“Barmek-Azərbaycan” Dünya Bankının  nəzdində investisiyalarla bağlı mübahisələrin çözülməsi ilə məşğul olan mərkəzə İCSİD-ə (İnternational Center for Settlement of İnvestment Disputes) müraciət etmişdi.

“Barmek” Azərbaycan hökumətinə qarşı 460 mln. dollarlıq iddia qaldırmışdı. 

Bundan başqa, «Barmek»lə bağlı cinayət işinə xitam verilməsini, həbs olunan şirkət rəsmilərinin azadlığa buraxılmasını və ölkədən çıxışla bağlı qoyulan qadağanın götürülməsini tələb edirdi. 

2009-cu il sentyabrın 28-də tərəflər İCSİD-in Arbitraj qaydasına görə razılığa gələ biliblər. 

Oktyabrın 9-a Arabulun həbsi ilə bağlı məhkəmə qərarı dəyişdirildi, ölkədən çıxışla bağlı qadağa üzərindən götürülüb. Hüseyn Arabul həmin il oktyabrın 28-də Azərbaycanı tərk edib.

Mülkiyyət hüququnun pozulması ilə bağlı daha bir nümunə Zülfüqarlı qardaşları məsələsidir. 

Zülfüqarlı qardaşları «Bakı Elektroştamp», «Bakı Poladtökmə» və bir sıra digər bu tipli müəssisələrin sahibləri idilər. Sahibkar kimi fəaliyyət göstərən Zülfüqarlı qardaşları 2005-ci ildə həbs olundu və sahib olduqları əmlakı böyük bir hissəsi əllərindən alındı.

Qardaşlardan biri Nurəddin Zülfüqarlı “Azadlıq” qəzetinə demişdi ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun xəbərdarlığından, yəni zavodları onun dediyi yüksək vəzifəlilərə verməkdən imtina etməyindən sonra  həbs edildi. 

Hələ 2012-ci ildə Bakıda fəaliyyət göstərən metal zavodlarının ələ keçirilməsi ilə bağlı şikayətlər yayılmışdı. Bu müəssisələrə kütləvi şəkildə idmançı formasında gənclərin gətirilərək orada fəaliyyətin dayandırıldığı bildirilirdi. O zaman bu məsələnin arxasında «Baku Steel Company» şirkətinin sahibi Rasim Məmmədovun dayadığı deyilirdi. Ancaq R. Məmmədov həmin vaxt AzadlıqRadiosuna açıqlamasında bu məsələlərdə adının hallanmasını yanlışlıq saymışdı. 

Keçmiş deputat Nazim Bəydəmirliyə məxsus olan «Ataxan Dəmir Sənaye» Türkiyə-Azərbaycan birgə müəssisəsi, «Şəhriyar 99», «R.A.N.K» MMC və başqa metaləritmə müəssisələri eyni aqibətlə üzləşib. 2012-ci ilin iyulunda “Ataxan Dəmir Sənaye” Türkiyə-Azərbaycan birgə müəssisəsinə hücum olmuşdu. 

Müəssisənin payçılarından biri, sabiq deputat Nazim Məmmədov (Bəydəmirli) demişdi ki, hücum edənlər mülki geyimdə olublar. 

Onlar müəssisə rəhbərliyindən işi dayandırmağı tələb ediblər. Həmin şəxslər özlərini “Baku Steel Company”nin sahibi Rasim Məmmədovun adamları kimi təqdim ediblər. 

Məsələ ilə bağlı sahibkar Daxili İşlər Nazirliyinə və Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinə ərizə ilə müraciət etsə də, işə baxılmayıb. 

Mətbuatda verilən məlumatlarda “Baku Steel Company” təqribən 21 özəl şirkəti ələ keçirməyə çalışıb. 

Göründüyü kimi, bir neçə halda ən azı sahibkarlara qarşı mülkiyyət hüququnun pozulduğunu müşahidə edə bilərik.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Vahid Əhmədovun dedikləri doğrudur. 

SHARE