Əli Əhmədov

Əli Əhmədov: “Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunur” 

Əli Əhmədov, Baş nazirin müavini/Foto sia.az-dan götürülüb.

“Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunur. Ölkədə mətbuatın sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur”. 

Report”un məlumatına görə, baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədov  iyulun 22-də jurnalistləri mükafatlandırma mərasimində belə deyib. 

“Faktyoxla.info” Əli Əhmədovun söylədiklərinin doğruluq əmsalını araşdırıb. 

Qanuni imkanlar və məhdudiyyətlər 

Milli Məclisin ratifikasiya etdiyi “Avropa İnsan Haqları Konvensiyası”nın 10-cu maddəsində deyilir “Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir”. 

Azərbaycanın ratifikasiya etdiyi daha bir sənəddə – BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Paktının 19-cu maddəsinə görə, hər kəsin öz fikrini sərbəst ifadə etmək hüququ var: “Bu hüquqa dövlət sərhədlərindən asılı olmayaraq, hər cür informasiya və ideyaları axtarmaq, almaq, şifahi, yazılı, mətbuat, yaxud bədii ifadə formaları vasitəsilə, yaxud özü seçdiyi başqa üsullarla yaymaq azadlığı daxildir”. 

Azərbaycan Konstitusiyasının 47-ci maddəsində “Hər kəsin fikir və söz azadlığı”nın olduğu bəyan edilir. 

50-ci maddədə isə “Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı” olduğu bildirilir. 

Konstitusiyada həmçinin dövlət senzurasının qadağan edildiyi, kütləvi informasiyanın azadlığına təminat verildiyi vurğulanır. Amma son illər ifadə və mətbuat azadlığı sahəsində qanunvericiliyə çox sayda məhdudlaşdırıcı dəyişikliklər edilib. 

Məsələn, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna III fəslin əlavə olunması və “Telekommunikasiya haqqındaQanuna dəyişikliklər dövlət qurumuna rəsmi qaydada, bəzən də məhkəmə qərarı olmadan belə elektron resurslara ölkə daxilində girişi bloklamaq hüququ verib. 

Hazırda Azərbaycanda 7 tənqidi xəbər saytına giriş məhkəmə qərarı ilə məhdudlaşdırılıb. 

Bunlar  Azadlıq Radiosu, “Azadlıq”qəzeti, “Meydan” TV, “Turan” TV, “Azərbaycan saatı” proqramı, “xural.com” və “bastainfo.com” saytlarıdır. 

Bəzən də icra qurumları qanunvericiliyə söykənərək məhkəmə qərarı olmadan xəbər saytlarına girişi məhdudlaşdırırlar. 

Məsələn, ötən il Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması ilə bağlı internetdə yayılan “yalan məlumatlar” və “qanunsuz çağırışlar”a dair cinayət işi qaldıraraq “bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” və “fia.az” saytlarının bağlanması barədə Nəqliyyat Rabitə Yüksək Texnologiyalar Nazirliyinə müraciət etmişdi. 

Eyni ittihamlarla mühakimə olunan “bastainfo.com” saytının rəhbəri Mustafa Hacılıya və “criminalaz.com” saytının baş redaktoru Anar Məmmədova, “teref.info” saytının redaktoru Nurəddin Xocaya (İsmayılov) 2 il sınaq müddəti olmaqla 5 il 6 aylıq şərti cəza verilib. 

Hər üç redaktor rəhbərlik etdikləri saytlarda “hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar etmə”də ittiham olunur, vəkilləri isə ittihamları əsassız sayırlar. 

Hüquqşünas Ələsgər Məmmədli “Turan” İnformasiya Agentliyinin, “Press-Klub” və Azərbaycan Jurnalistlər Birliyinin Milli Mətbuat günü münasibətilə təşkil etdiyi forumda deyib ki, Azərbaycanda 60 resurs bloklanıb. 

Mütəxəssislər  bu dəyişikliklərin Konstitusiyada və Konvensiyanın 10-cu bəndində göstərilən ifadə azadlığının məhdudlaşdırması kimi qəbul edirlər. 

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” haqqında qanunun III fəslində internet saytında həm “az”, həm də digər domen zonalarından ad seçilə biləcəyi deyilir. 

Adların qeydiyyatını milli inzibatçı və qeydiyyatçılar həyata keçirir. Milli inzibatçı həm də qeydiyyatdan keçmiş domen adlarının reyestrini apararaq, reyestr məlumatlarından istifadəni sorğu əsasında təmin edir. Bunadək belə məlumatlar açıq idi, həmin bilgiləri sorğu ilə istəməyə lüzum yox idi. 

İnformasiya əldə etmək mümkündürmü?

İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununu 2005-ci ildən bəri 30-dək dəyişikliyə məruz qalıb. Sonuncu dəfə onun 30.1 maddəsinə dəyişiklik olunub. 

Buna qədər qanun həmin informasiyaları öz saytlarına yerləşdirməklə bağlı qurumların üzərinə vəzifə qoyurdu. Amma dəyişiklikdən sonra informasiya sahiblərinin illik maliyyə fəaliyyəti, dövlət büdcəsindən verilən vəsaitdən istifadəyə aid olan məlumatlar birbaşa sayt üzərindən deyil, Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydalar əsasında açıqlanır. 

Ekspertlərə görə, bu dəyişikliklər rəsmilərin söylədiyi kimi şəffaflığa deyil, qapalılığa daha çox xidmət edir. 

“İnformasiya əldə edilməsi haqqında”  Qanunda deyilir ki, məlumatların qapalı tutulması inzibati məsuliyyət doğrurur. 

İnzibati Xətalar Məcəlləsi buna görə, cərimə cəzası nəzərdə tutur. 

Məcəllənin 43-cü maddəsində deyilir ki, məhkəmələr jurnalistlərlə əlaqəli 374, 382-ci (eləcə də digər) maddələrdə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. 

Məcəllənin qüvvəyə minməsindən 3 ildən artıq vaxt keçsə də, bu müddəaların icra mexanizmi yoxdur, yəni vəzifəli şəxs jurnalistə məlumat vermədikdə inzibati xətalar üzrə protokol tərtib etmək səlahiyyəti indiyə kimi heç kimə verilməyib. 

Yeri gəlmişkən, “İnformasiya əldə edilməsi haqqında” Qanunun icrasına Ombudsman təsisatı nəzarət etməlidir. 

Maliyyə hesablarının sayta daxil edilməsini də qurumlardan tələb etmək onun vəzifəsidir. 

Qanuna görə, informasiya sorğusu göndərilən zamanı sorğuçu mənfi cavab alarsa, bu barədə ya məhkəmə, ya da Ombudsmana şikayət edə bilər. Ancaq Ombudsman indiyə kimi bu müddəaların işə düşməsi üçün heç bir təşəbbüsl irəli sürməyib. 

Daha bir kağız üstündə qalan maddə: Azərbaycanın cinayət qanunvericiliyi jurnalistin peşə fəaliyyətinə əngəl yaratmağa görə məsuliyyət müəyyən edir. 

Cinayət Məcəlləsinin 163-cü maddəsinə görə, belə əməllərə yol verənləri cərimə və ya həbs cəzası gözləyir. 

Turan” yazır ki, son 1 ildə jurnalistlər azı 13 dəfə informasiya əldə etmək hüququnun pozuntusu ilə bağlı məhkəməyə müraciət ediblər. Sorğuların göndərildiyi icra hakimiyyəti qurumları, açıq səhmdar cəmiyyətlər informasiya təqdim etməkdən imtina ediblər. 13 məhkəmə araşdırması zamanı yalnız bir işdə cavabdeh istənilən informasiyanı verib. Digər işlərdə isə məhkəmələr jurnalistlərin əleyhinə qərar çıxarıblar. Qərarların “İnformasiya əldə edilməsi haqqında” Qanuna uyğun olmadığı, bu səbəbdən məhkəmə çəkişməsinin davam etdiyi deyilir. 

Dini ekstremizmə qarşı mübarizə” və “Kütləvi informasiya vasitələri haqqında Qanuna dəyişikliklərdən sonra bəzi informasiyaların əldə edilməsi məhdudlaşıb. 

Dəyişikliklərə görə, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında KİV işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir. Əməliyyat barədə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir. 

Böhtan və təhqirə görə cinayət məsuliyyəti ləğv edilmək əvəzinə…

Qanunvericiliyə edilən son dəyişikliklərdən biri də Cinayət Məcəlləsinə yeni – 148-1 maddəsinin əlavə olunmasıdır. Əlavəyə görə, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atmağa və ya təhqirə görə cərimə, islah işləri və ya həbs cəzası nəzərdə tutulur. 

Eyni zamanda, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrinə də dəyişiklik edilərək “internet resursları” sözü əlavə olunub. 

Beynəlxalq qurumlar dəfələrlə Azərbaycan hökumətini böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləğv edilməsinə çağırıblar. Amma hakimiyyət cəmiyyətin buna hazır olmadığını bəyan edib. Bu maddələrə görə, cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə, Cinayət Məcəlləsinin 323-cü maddəsi isə dövlət başçısının ünvanına təhqir və ya böhtana görə cinayət məsuliyyəti nəzərdə tutur. 

Sözügedən maddələrlə 2011-2015-ci illərdə demək olar ki, cinayət işi açılmadığı halda, sonrakı illərdə onlayn media təmsilçilərinə qarşı tətbiq edilib. 

Son 1 ildə böhtan və təhqirə görə 29 dəfə məhkəmələrə şikayət edilib. 

3 il öncə bu mövzuya həsr olunan müzakirələrin birində Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Draqana Filipoviç demişdi: “Diffamasiya barədə qanunun məqsədi ifadə azadlığını müdafiə etməkdir”.

Bu il aprelin 3-də prezidentin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanda tapşırılmışdı ki, Ədliyyə Nazirliyi cinayətlərin dekriminallaşdırılması ilə bağlı üç ay müddətində təklif hazırlasın. 3 ay başa çatıb, amma təkliflərdən xəbər yoxdur. 

Medianın maliyyə durumu

Bir qədər də medianın azad, müstəqil fəaliyyəti üçün vacib sayılan bəzi şərtlər haqqında.

Son illər dövlət KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə mediaya maliyyə yardımı göstərir, jurnalistlərə mənzil paylayır. Bu addım birmənalı qarşılanmır, jurnalistlərin mövqeyinin satın alınması kimi təqdim olunaraq tənqid edilir. 

2018-ci ildə 33 qəzetə KİVDF yardım kimi 2,21 mln. manat,  2019-cu ildə azı 1 milyon manat ayırıb. Bununla belə, bu ildən 17 çap KİV-nə yardım dayandırılıb. 

Hazırda yardım alan KİV-lər daha çox hökumətyönlü qəzetlərdir: “Səs”, “Yeni Azərbaycan”, “İki sahil”, “Yeni Müsavat”, “Kaspi”, “Kaspiy”, “525-ci qəzet”, Bakı xəbər”, “Yeni zaman”. 

Fondun elanında deyilirdi ki, maliyyələşdirmə üçün meyar son üç ildə müntəzəm olaraq çap edilmə, birdəfəlik tirajın ən az 5000 nüsxə, səhifə sayının ən az 16 (A3 formatında), pərakəndə və abunəlik üzrə ümumilikdə gündəlik satışın ən az 2000 nüsxə olmasıdır. 

Mütəxəssislərə görə KİV-lərin müstəqil yaşamasının bir yolu da reklam bazarının olmasıdır. Ancaq rəqəmlər bu sahədə elə də ürəkaçan deyil. 

Dövlət Statistika Komitəsinin məlumatına görə,  2018-ci ildə Azərbaycan KİV-lərinin reklam gəlirləri 7 mln. 747,2 min manat olub. 2017-ci ildə reklam gəlirləri 4 mln. 684,8 min manat  təşkil edib. 2016-cı ildəsə reklam gəlirləri 10,9 mln. manat olub. 

Televiziyaların reklam gəlirləri bu il 3,5 mln. manatdan  6,9 mln. manata qədər artıb. Radionun gəlirləri 701 min manatdan  360,2 min manata qədər azalıb. İnternet-medianın gəlirləri 352 min manatdan  474,5 min manata qədər artıb. Qəzetlərin və jurnalların gəlirləri 35,5 min manatdan 1000 manata qədər azalıb.

Turan” yazır ki, dünyada qəbul edilmiş normaya görə medianın reklam bazarının həcmi ölkə ÜDM-inin strukturunda 1% təşkil etməlidir, amma Azərbaycanda media reklamının ÜDM-də payı misli görünməmiş şəkildə azalıb. 

2018-ci ildə Azərbaycan ÜDM 79,8 mlrd. manat  təşkil etdiyi halda, media reklamının payı 0,008% olub.

Həbslər və qətllər

Bu ilin martına kimi Azərbaycanda həbsdə olan jurnalistlərin sayı 10-dan çox idi. Novruz bayramı ərəfəsində əfv sərəncamı ilə onlardan 3-ü – Fikrət Fərəməzoğlu, Nicat Əliyev və Rəşad Ramazanov azadlığa buraxılıb. Böhtana görə həbs olunan videobloger Mehman Hüseynov cəzası başa çatdığı üçün azadlığa çıxıb. 

Hazırda 7 jurnalist həbsdədir: “Azadlıq” qəzetinin şərhçisi Seymur Həzi, araşdırmaçı jurnalist Əfqan Muxtarlı, “Azadlıq” qəzetinin əməkdaşları Elçin İsmayıllı, Ziya Əsədli, dini mövzularda yazan jurnalist Araz Quliyev, realliq.info saytının rəhbəri İkram Rəhimov  və xeberman.com saytının rəhbəri Polad Aslanov. 

Onlara qarşı irəli sürlümüş ittihamlar peşə faəliyyətləri ilə bağlı olmasa da, vəkilləri jurnalistlərin təqsirli bilindiyi ittihamların qurama olduğunu, peşə fəaliyyətlərinə görə həbs edildiklərini açıqlayırlar. 

Məsələn, realliq.info saytının rəhbəri İkram Rəhimov Azərbaycan prezidentinin istimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov barəsində tənqidi yazılardan sonra həbs edilib. Həbsindən dərhal sonra rəhbəri olduğu saytlar bloklanıb. 

Və ya Cinayət Məcəlləsinin 274-cü maddəsi – dövlətə xəyanətdə suçlanan Polad Aslanov Dövlət Təhlükəsizlik Xidmətini tənqid edən yazılarına görə həbsdə olduğunu bildirir. 

Rəsmi ittiham təsdiqlənsə, jurnalisti 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası gözləyir. 

Ölkədə öldürülən, cinayət işinin üstü açılmayan jurnalistlər də var. Belə ki, “Monitor” jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı binanın blokunda güllələnərək qətlə yetirilib. 

Yazıçı-publisist Rafiq Tağı 2011-ci il noyabrın 19-da işdən qayıdarkən evinin yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb əməliyyat olunsa da, noyabrın 23-də vəfat edib. Hər iki qətllə bağlı həbs edilən yoxdur.

Jurnalist Rasim Əliyev “Qəbələ” futbol klubunun hücumçusu Cavid Hüseynovun xarici jurnalistlə davranışı haqqında sosial mediada yazdığı tənqidi statusdan sonra özünü futolçunun qohumları kimi təqdim edən  bir qrup şəxs tərəfindən döyülmüşdü. Rasim Əliyev bir gün sonra xəstəxanada vəfat edib. 

Bu ilin aprelində Sərhədsiz Reportyorlar Təşkilatının açıqladığı Dünya Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə içində 166-cı yeri tutub. Ötən il isə 162-ci yerdə idi. 

“Azərbaycanda ifadə azadlığı təhlükə altında qalmaqda davam edir”, – bunu isə Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Mijatovic iyulda Azərbaycana dörd günlük səfərinin sonunda deyib. 

Sadalananlar yerli KİV-lərin həm iqtisadi baxımdan müstəqilliyini qorumaqda çətinlik çəkdiyini, bəzən də bunu bacarmadığını, eyni zamanda qanunların verdiyi azadlıqların bir sıra hallarda kağız üzərində qaldığını, bir sıra hallarda isə məhdudlaşdırıldığını göstərir. 

Beləliklə, “Faktyoxla”nın gəldiyi qənaətə görə,  Əli Əhmədovun ölkədə azad söz və mətbuat azadlığının təmin olunması barədə dedikləri yalandır.  

SHARE