Natiq Cəfərli

Natiq Cəfərli: ““ASAN Viza”dan sonra Azərbaycanda turist sayında 1 milyona yaxın artım olub”

Natiq Cəfərli, ReAl Partiyasının İcra katibi/Foto “amerikaninsesi.org”dan götürülüb.

““ASAN Viza”dan sonra Azərbaycanda turist sayında 1 milyona yaxın artım olub”.

Bunu “Kanal 5”ə açıqlamasında Real Partiyasının İcra katibi Natiq Cəfərli deyib

““ASAN Viza”nın yaranması turizmdə atılan ən böyük addımlardan biridir. “ASAN Viza”dan sonra Azərbaycanda turist sayında 1 milyona yaxın artım olub”, – Cəfərli qeyd edib. 

“Fakt Yoxla” bu açıqlamanın doğru olub-olmadığını yoxlamaq qərarına gəlib.

Qeyd edək ki, Azərbaycan Respublikasi Prezidenti 1 iyun 2016-cı ildə “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərman imzalayıb.

10 yanvar 2017-cu ildən etibarən isə “ASAN Viza” portalı test rejimindən çıxarılmış və tam istifadəyə verilib. 

“ASAN Viza” sistemi vasitəsilə elektron vizalar 3 iş günü müddətində verilir və bu vizanı almış şəxslərə 30 gün ölkə daxilində qalmağa izn verilir. 

Vizanın rüsumu 20 dollardır. Həmçinin “ASAN Viza” sistemi üzərindən qeyri-iş və bayram günlərindən asılı olmayaraq, 3 saat ərzində sürətləndirilmiş viza rəsmiləşdirilməsi imkanı təmin edilib.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi saytında verilən məlumata görə, 2017-ci ildə ölkəyə 2,454 milyon,2018-ci ildə 2,605 milyon şəxs turist kimi gəlib.

ASAN Viza”nın tətbiq olunmasından bir il əvvəl, yəni 2016-cı ildə ölkəyə gələn turist sayı 2,044 milyon olub. Yəni 2 il ərzində artım təxminən 550 minə yaxın olub. 

Ölkəyə gəlmiş hər kəs turist sayılmadığı üçün,ümumi mənzərəni görmək baxımından, ölkəyə gəlmiş əcnəbilərin ümumi sayı baxımından da müqayisə aparmaq yararlı olar. 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi statistikasından da görünür ki, 2016-cı ildə sərhəddən ölkəyə daxil olmuş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 2 milyon 248 min nəfər olub. 

2017-ci ildə bu göstərici 2 milyon 696 min nəfər, 2018-ci ildə isə bu rəqəm 2 milyon 849 minə yüksəlib

Bu rəqəmi 2016-cı ilin rəqəmləri ilə müqayisə etsək, fərqin 601 min olduğunu görə bilərik. 

Göründüyü kimi, nəinki “ASAN Viza”nın tətbiq edilməsindən keçən bir il ərzində, hətta iki il ərzində belə ölkəyə gələn əcnəbi sayında artım bir milyon nəfərə yaxın olmayıb.

ASAN Viza” məhdud sayda ölkələrə verilir.

Statistika Komitəsinin verdiyi məlumata görə, “ASAN Viza” veriləcək ölkələr kateqoriyasından Azərbaycana 2016-cı ildə minimum 856 min nəfər daxil olub (Statistika Komitəsinin verdiyi məlumatda bütün ölkələr nəzərə alınmadığı üçün bu rəqəm minimum göstəricidir, real rəqəmin bundan yüksək olması ehtimalı var).

“ASAN Viza”nın verildiyi ölkələrdən Azərbaycana 2017-ci ildə 1,075 milyon, 2018-ci ildə isə 1,159 milyon şəxs daxil olub. 

Bu xidmətin fəaliyyətə başlamasından  sonrakı iki il ərzində ölkəyə daxil olan və “Asan viza” verilən dövlətlərin vətəndaşlarının sayında maksimum 300 min artım olub. 

ASAN Viza”dan istifadə edən milyonuncu şəxs 2019-cu ilin fevralında ölkəyə gəlib.

Deməli, “ASAN Viza”nın verildiyi iki il ərzində təxminən 2,235 milyon “ASAN Viza”nı ala biləcək şəxs ölkəyə daxil olub. Ancaq bunlardan sadəcə 1 milyonu bundan istifadə edib. Yəni ötən müddət ərzində turistlərin yarıdan çoxu “ASAN Viza”dan istifadə etməyib. 

Beləliklə, ölkəyə gələn ümumi turistlərin sayında 1 milyon deyil, 550 min artım olub. 

“ASAN Viza”dan istifadə edə biləcək şəxslərin sayında son iki ildə artım maksimum 300 mindir.

Göründüyü kimi, “ASAN Viza”nın verildiyi ölkələrdən son iki ildə gələn turistlərin 50 faizdən azı bu xidmətdən istifadə edib. 

“Fakt Yoxla”nın göstərilən statistikaya istinadən gəldiyi qənaətə görə, Natiq Cəfərlinin ifadələri əsasən yanlışdır. 

SHARE