Elman Rüstəmov

Elman Rüstəmov: “Əhalinin 98 faizi ilin qalan dövründə inflyasiyanın sürətlənməsinə inanmır”

Mərkəzi Bankın sədri Elman Rüstəmov/Foto “report.az”dan götürülüb.

“Bütövlükdə gələcəkdə ilin sonuna qədər inflyasiyanın sürətlənməsini gözləyən əhalinin sayı 2 faizdir. Yəni, əhalinin 98 faizi ilin qalan dövründə inflyasiyanın sürətlənməsinə inanmır”.

Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov iyulun 31-də Azərbaycan Respublikası Prezidenti yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib

“Fakt Yoxla” olaraq bu faktın reallığa uyğun olub-olmadığı müəyyən etməyə çalışdıq.

Elman Rüstəmov bu rəqəmlərə Dövlət Statistika Komitəsi (DSK) ilə birlikdə keçirilmiş sorğuların nəticəsi olaraq istinad edib: “Biz özümüz Dövlət Statistika Komitəsi ilə birlikdə 4 mindən çox ailə təsərrüfatında sorğular aparmışıq”. 

Qeyd edək ki, bu sorğu barədə hər hansı bir əlavə məlumat verilməyib.

Dolayı məlumatlar əsasında deyə bilərik ki, belə tipli sorğu bu il ərzində ən azı 2 dəfə keçirilib.

Müşavirədən əvvəl, iyulun 26-da keçirilmiş mətbuat konfransında isə Elman Rüstəmov  deyib: “İyun ayında aparılmış sorğu nəticəsində məlum olub ki, əhalinin cəmi 2,3%-i inflyasiya tempinin yüksələcəyini gözləyir. Bu, mart ayına nisbətən 10 faiz bəndi azdır”.

Başqa sözlə, Mərkəzi Bank və DSK martda və iyunda keçirdiyi sorğulara görə, mart ayında inflyasiyanın sürətlənməsini gözləyən ev təsərrüfatların payı 12% təşkil edirdisə, iyun ayında bu göstərici 2,3% təşkil edib. 

Təəssüflər olsun ki, bu sorğu barədə hər hansı əlavə məlumata malik deyilik. Ona görə də nə sorğunun reprezentativliyi, nə də ümumiyyətlə, sorğu barədə hər hansı fikir irəli sürə bilərik (nə MB, nə DSK öz saytlarında bu sorğunun nəticələrini dərc edib).

Amma biz bu sorğunun nəticələrini digər sorğu və faktlar ilə müqayisə edə bilərik. Nəzərə almalıyıq ki, hər hansı sorğuda 98% nəticə əldə etmək çətindir. Bu hansısa sorğu nəticələrinin ümumiləşdirilmiş göstəricisidir. Sorğu cavabları həm suallardan, həm də təklif olunan variantlardan asılıdır. Bu məqamda biz Elman Rüstəmovun sözlərini özəl sektorda çalışan marketinq şirkətlərin sorğuları ilə müqayisə edə bilərik. 

Bu ilin fevral ayında Business Insight International Research Group şirkəti istehlakçı gözləntilərinə dair sorğu keçirib. İstehlakçı gözləntiləri (Consumer Confidence Index) bir çox ölkələrdə real iqtisadi vəziyyəti təsvir edən vacib amillərdən biridir. Çünki bu indeks vasitəsilə bazarda vəziyyəti araşdırmaq mümkündür. 

Bu sorğular Bakı şəhəri də daxil olmaqla Azərbaycanı təmsil edən 9 iqtisadi rayonda 1401 respondentlə həyata  keçirilib.

DSK-nin keçirdiyi sorğudan fərqli olaraq, bu sorğuda biz bütün məlumatlar ilə tanış ola bilərik. Fevral ayından bu yana iqtisadiyyatda ciddi dəyişikliklər baş vermədiyini nəzərə alsaq, bu sorğunun indiki reallığı da əks etdirdiyini təxmin edə bilərik. 

İnflyasiya ilə bağlı respondentlərdən iki sual soruşulub: “Ötən 12 ay müddətində istehlak qiymətlərinin dəyişməsi necə qiymətləndirərdiniz?” və “Ötən 12 ayla müqayisədə gələcək 12 ayda istehlak qiymətlərinin dəyişəcəyini necə qiymətləndirərdiniz?”. 

Müvafiq suallara cavabları isə keçən ildə keçirilmiş sorğu ilə müqayisə ediblər. 

Elman Rüstəmov inflyasiya gözləntiləri mövzusuna toxunduğuna görə bizi gələcək 12 aya münasibət daha çox maraqlandırır. Respodentlərdən əldə olunan cavablara görə:

Daha sürətlə artacaq – 25,6%;

Eyni səviyyədə artacaq – 20,7%;

Daha az səviyyədə artacaq – 27,3%;

Təxminən eyni qalacaq – 20,1%;

Azalacaq – 6,4%.

Göründüyü kimi, respondentlərin 73,6% inflyasiya səviyyəsinin daha da artmasını gözləyir (sadəcə, müxtəlif səviyyələrdə). Eyni qalacağına 20,1% inanır, azalmasına isə 6,4%. Bir il qabaq müvafiq göstəricilər 64,1%, 29% və 6,8% təşkil edirdi. Daha sürətlə artımına isə 2,3 % yox, 25,6% inanır. Başqa sözlə 2019-cu ilə münasibətdə insanlar daha pessimistik yanaşırlar. 

Eyni zamanda qeyd etmək lazımdır ki, inflyasiya gözləntilərinə bazarda olan vəziyyət də təsir edir. Fevraldan bu yana qiymətlərdə ciddi dəyişikliklər baş verib. Belə ki, sorğudan çox keçməmiş mart ayında bütün əhali soğan və kartof qiymətlərinin artımı ilə rastlaşdı

Hətta rəsmi məlumatlara görə, 1 kiloqram soğan 1,05 AZN-ə satılırdı (müqayisə üçün yanvarda müvafiq qiymət 0,45 AZN təşkil edirdi, bir il əvvəl isə 40-50% aşağı idi).

Bunu nəzərə alaraq, Nazirlər Kabineti bir sıra gömrük ixrac rüsumlarını tətbiq etməyə başladı.

Sonradan ölkədə meyvələrin qiymətlərində ciddi artım müşahidə olunmağa başladı. Nəticə etibarilə, Dövlət Statistika Komitəsi tərəfindən hər ay dərc olunan İstehlakçı Qiymətlər İndeksində, 2019-cu il üçün yanvar-iyun ayları üzrə qiymət cədvəlində, albalı, gilas, alça, gavalı, ərik, şaftalı, heyva, nar, xurma, qarpız, yemiş, üzüm və çiyələyin qiymətlərini göstərmədilər.

Belə şəraitdə inflyasiyanın daha da sürətlə artmamasına inanmaq çətindir. Başqa tərəfdən Elman Rüstəmov özü də qeyd etmişdi ki, inflyasiya müəyyən qədər sürətlənəcək. Belə ki, qeyd olunan mətbuat konfransında, o demişdi: “2019-cu ilin sonuna inflyasiyanın hədəf daxilində (4±2%) qalacağı, daxili tələbin genişlənməsilə bağlı ilin sonuna onun hədəf intervalının yuxarı hissəsində formalaşacağı proqnozlaşdırılır”. 

Rəsmi məlumata görə isə indi inflyasiya səviyyəsi 2,7% təşkil edir, bu isə “onun hədəf intervalının yuxarı hissəsində”n aşağıdır. 

“Fakt Yoxla”nın qənaətinə görə, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovilin sonuna qədər inflyasiyanın sürətlənməsini gözləyən əhalinin sayı 2 faizdir” deyərkən manipulyasiyaya yol verib.

SHARE