İlqar Məmmədov

İlqar Məmmədov: “ReAl Partiyası olaraq Milli Məclisə ən azından bir ədəd qanun qəbul etdirmişik”

ReAl Partiyasının sədri İlqar Məmmədov/Foto “amerikaninsesi.org”dan götürülüb.

ReAl- Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov “Açıq Azərbaycan” onlayn media platformasının layihəsi olan “Ağır Söhbət” proqramına müsahibəsində azadlığa buraxılandan sonrakı müddət ərzində gördüyü işlər haqqında danışıb.

İlqar Məmmədov ötən 1 il ərzində rəhbərlik etdiyi partiyanın gücləndirildiyini, ReAl Partiyasının Azərbaycanda ictimai rəyin formalaşdırılması prosesində liderlik etdiyini qeyd edib. “Bir sıra müsbət nailiyyətlər də əldə etdik. Ən azından REAL partiyası olaraq Milli Məclisə bir ədəd qanun qəbul etdirmişik”, – deyə partiya sədri müsahibəsində bildirib.

“Fakt Yoxla” İlqar Məmmədovun qanun qəbuluna dair açıqlamasının doğru olub-olmadığını araşdırıb.

ReAl Partiyası 2018-cu il noyabrın 19-dan etibarən ödənişsiz ali təhsil, seçkili mer və devalvasiya itkilərinin əvəzlənməsi haqqında qanun layihələri üçün imzatoplama kampaniyasına başlamışdı. 2019-cu il martın 4-də partiya hər üç qanun layihəsini 41 mindən artıq imza ilə birlikdə Milli Məclisə (MM) təqdim etdi.

Konstitusiyanın 96-cı maddəsinə əsasən, seçki hüququ olan 40 min vətəndaşın qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ var.

Bu hüquq 2009-cu il martın 18-də keçirilən referendumla qəbul edilib. 

Konstitusiyanın 98-1-ci maddəsinə görə, təklif edilən qanun layihəsi 2 ay ərzində səsə qoyulmalı, MM təklif edilən qanun layihələrini göstərilən müddət ərzində səsə qoymasa, prezident parlamenti buraxmalı idi. 

Bu müddətin bitməsinə bir gün qalmış – mayın 3-də MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ReAl Partiyasının təqdim etdiyi layihələrin  parlamentin müzakirəsinə çıxarılmaması haqqında qərar qəbul etdi. Komitənin iclasında iştirak edən MSK üzvü Etibar Quliyev bildirdi ki, sənədlərdə olan 41 min 500 vətəndaşın imzası nəzərdən keçirilib və əldə edilən nəticəyə əsasən, lazım olan 40 min imza toplanmayıb

Qeyd edək ki, Konstitusiyanın 96-cı maddəsində 40 min vətəndaşın qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququnun olduğu qeyd olunsa da, bu təşəbbüs hüququndan istifadə qaydası ilə bağlı norma qəbul edilməmişdi. MM-in mayın 3-də qəbul etdiyi qərardan bir neçə həftə sonra – mayın 23-də parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi müzakirə olundu. Komitənin sədri Əli Hüseynli layihənin cəmiyyətdən gələn təklif əsasında qısa müddətdə parlamentdə yaradılmış işçi qrup tərəfindən hazırlandığını bildirmişdi. Bu qanun layihəsi iyunun 13-də MM-in plenar iclasında I oxunuşda  qəbul edildi

Bu qanun layihəsi I oxunuşda qəbul edilsə də, onun yekun olaraq nə zaman qanun kimi qəbul edilib [III oxunuşda] qüvvəyə minəcəyi məlum deyil. Təcrübə göstərir ki, MM-də I oxunuşdan keçən qanun layihələrinin yekunlaşdırılması illərlə uzana bilir [“Təhsil haqqında” Qanunda olduğu kimi].

Qeyd edək ki, “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi ReAl Partiyasının hazırladığı qanun layihələri MM-ə təqdim ediləndən qısa müddət sonra parlamentin gündəliyinə salınmışdı. Buna görə ReAl Partiyasının sözügedən qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılmasında rolu olduğunu ethimal etmək mümkündür.

Amma faktiki olaraq, ReAl Partiyası parlamentə vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında qanun layihəsi  ilə bağlı yox, Konstitusiyanın verdiyi hüquqa əsaslanaraq ödənişsiz ali təhsil, seçkili mer və devalvasiya itkilərinin əvəzlənməsi haqqında qanun layihələri təqdim etmişdi. Həmin qanun layihələri Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin qərarına əsasən parlamentin  müzakirəsinə çıxarılmamışdı. 

“Fakt Yoxla”nın qənaətinə görə, İlqar Məmmədov “ReAl Partiyası olaraq Milli Məclisə ən azından bir ədəd qanun qəbul etdirmişik” deməklə  faktlarla manipulyasiyaya yol verib.

SHARE