İlham Əliyev

İlham Əliyev: “İlin əvvəlindən 60 min yeni iş yeri açılmışdır”

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti/Foto president.az saytından götürülüb.

Prezident İlham Əliyev iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə ölkədə işsizlik səviyyəsinin aşağı salınması istiqamətində önəmli addımlar atıldığını deyib. AZƏRTAC agentliyinin məlumatına görə, prezident çıxışında açılan iş yerləri haqqında da danışıb.

“Onu da bildirməliyəm ki, ilin əvvəlindən 60 min yeni iş yeri açılmışdır. Onların bir hissəsi dövlət sektorunda açılmışdır. Biz bunu ona görə edirik ki, işsizlik aşağı səviyyədə olsun. Ona görə ödənişli ictimai iş yerlərinin yaradılması istiqamətində önəmli addımlar atılıb və təxminən 40 minə yaxın ödənişli ictimai iş yeri yaradılıbdır”, – deyə İlham Əliyev qeyd edib. 

“Fakt Yoxla”prezidentin açıqlamasının doğru olub-olmadığını araşdırıb.

Qeyd edək ki, İlham Əliyev adətən açılan iş yerləri barədə danışarkən daimi iş yerlərini nəzərdə tutur. Dövlət Statistika Komitəsinin (DSK) 2019-cu ilin ilk altı ayının nəticələrinə aid statistik göstəricilərində qeyd olunur ki, bu ilin ilk altı ayı ərzində 92 031 yeni iş yeri açılıb. Bu rəqəm prezidentin açıqladığı göstərici ilə üst-üstə düşmür. 

Ölkədə işsizlik probleminin azalması həm də daimi iş yerlərinin açılmasından keçir. 2018-ci ildən fərqli olaraq DSK-nın bu il dərc etdiyi statistik məcmuələrdə “daimi iş yeri” anlayışına rast gəlinmir. 

2018-ci ildə dərc olunmuş statistik məcmuələrdə isə “müvəqqəti iş yeri” anlayışı yox idi, amma daimi iş yerlərinin sayından başqa “digər tədbirlər üzrə” [müxtəlif beynəlxalq və yerli layihələr, abadlıq işləri və s.] bəndi qeyd olunurdu. Bu bölmə müvəqqəti iş yerlərinə dair göstəriciləri əhatə edirdi.

Statistik məlumatlarda 2019-cu ilin ilk altı ayı ərzində 25 223 müvəqqəti iş yeri açıldığı qeyd olunur. Bu rəqəmi ümümi iş yerlərinin sayından çıxanda məlum olur ki, 2019-cu ilin ilk altı ayı ərzində açılan daimi iş yerlərinin sayı 66 808 təşkil edib. 

Mülkiyyət formasına [yəni dövlət, özəl və ya bələdiyyə] gəldikdə isə, DSK rəqəmləri ümumi şəkildə təqdim edir. Ümumi göstəricilərə əsasən, bu ilin ilk altı ayı ərzində yeni açılan iş yerlərinin 71%-i (65 461) dövlət müəssisələrinin payına düşüb. 2018-ci ilin birinci yarısında dövlətin mülkiyyətində olan müəssisələrdə açılan iş yerlərinin payı 56% olub. 

Ödənişli iş yerlərinə dair statistika isə “inzibati və yardımçı xidmətlərin göstərilməsi” bəndində qeyd olunur. Bu bənd üzrə 36 928 yeni iş yerinin açıldığı  müşahidə olunur. Bu rəqəm prezidentin qeyd etdiyi “40 minə yaxın ödənişli ictimai iş yeri” açıqlamasına yaxındır.

İlham Əliyev müşavirədə qeyd edib ki, hazırda Bakı şəhərində bir neçə yüz yaşayış binasının tikintisi gedir, bu da iş yerlərinin açılması üçün şərait yaradır. 

Rəsmi məlumata görə, 2019-cu ilin birinci yarısında tikinti sektorunda 7 503, 2018-ci ilin müvafiq dövründə isə 4 508 iş yeri açılıb. Bu o deməkdir ki, 2019-cu ilin müvafiq dövrü ərzində tikinti sahəsində açılan iş yerlərinin sayı 66% artıb.

Məlumat üçün bildirək ki, 2019-cu ilin əvvəlində “ASAN xidmət”, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası və Vergilər Nazirliyi əmək münasibətlərinin tənzimlənməsi sahəsində monitorinqlərə başladı. Bu monitorinqlər çərçivəsində bir qism işəgötürənlər qeydə alınmamış işçilərlə əmək müqavilələri imzalamağa məcbur oldular. 

“ASAN xidmət” və Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin məlumatına görə, tikinti sahəsində çalışan 5 338 işçidən 1 148-i yeni qeydiyyata alınıb. Nəzərə almaq lazımdır ki, bu işçilərin çalışdıqları iş yerləri də yeni iş yerləri kimi qeyd olunur.

Qeyd edək ki,  tək hər hansı dövr ərzində açılmış iş yerləri yox, bağlanmış iş yerlərinin sayını  vurğulamaq və ötən ilin müvafiq dövrü ilə müqayisə aparmaq vacibdir. Bu həm də ölkə iqtisadiyyatında baş verən proseslər haqqında təsəvvür yaradır.

DSK-nin məlumatına görə, 2018-ci ilin birinci yarısında 122 318 yeni iş yeri açılıb və 22 600 iş yeri bağlanıb. Açılan iş yerlərinin 64 722-si daimi iş yeri olub. 2019-cu ilin ilk yarısında 66 808 yeni daimi iş yeri açılıb, 5 600 iş yeri isə bağlanıb.

Qeyd edək ki, rəsmi göstəricilərin özündə də uyğunsuzluq var. 2019-cu ilin yanvarın 1-nə olan məlumata görə, ölkə üzrə 1 548 872 muzdlu işçi olub. İyulun 1-nə ölkədə muzdlu işçilərin sayı 1 613 729-a çatıb. Yəni bu ilin 6 ayı ərzində muzdla çalışanların sayı 64 857 nəfər artıb. Əldə olunan fərq açılan və bağlanan iş yerləri arasında olan saldodur. Bu göstəricinin üzərinə bağlanan iş yerlərinin sayını ( 5 600) əlavə edəndə məlum olur ki, əslində 2019-cu ilin birinci yarısında 70 457 yeni iş yeri açılıb.

Beləliklə, 2019-cu ilin ilk altı ayı ərzində 60 000 yox, 70 457 iş yeri açılıb. DSK-nın statistik məlumatlarına görə, açılan iş yerlərinin bir hissəsi yox, 71%-i dövlət müəssisələrinin payına düşüb. 

“Fakt Yoxla”nın qənaətinə görə, İlham Əliyevin dedikləri doğrudur.

 

SHARE