Leyla Abdullayeva

Leyla Abdullayeva: “Qoşulmama Hərəkatına sədrlik uğurlu xarici siyasətimizin və hərəkatın üzvlərinin ölkəmizə yüksək etimadının təzahürüdür”

XİN-in mətbuat xidmətinin rəisi Leyla Abdullayeva/Foto “Trend.az”dan götürülüb.

Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçiriləcək və Azərbaycan 2019-2022-ci illər üzrə bu quruma sədrlik edəcək.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəisi Leyla Abdullayeva AZƏRTAC-a müsahibəsində sədrlik haqqında “Bu, uğurlu xarici siyasətimizin və Hərəkatın üzvlərinin ölkəmizə yüksək etimadının təzahürüdür” deyib.

“Fakt Yoxla” Leyla Abdullayevanın Qoşulmama Hərəkatına sədrlik seçimi ilə bağlı dediklərini araşdırıb. 

Qoşulmama Hərəkatı 1961-ci ildə təsis olunub. Soyuq müharibə dövründə gərginliyi azaltmaq məqsədilə yaradılan hərəkata üzv olan ölkələr hərbi bloklara qoşulmur. Hərəkata üzv olan ölkələrin sayı 120-dir. Bununla belə, 17 ölkə və 10 beynəlxalq təşkilat Quşulmama Hərəkatında müşahidəçi statusuna malikdir. Təsis sammiti Belqradda baş tutan blokun əsas prinsiplərini dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət, ölkələrin daxili işlərinə qarışmamaq təşkil edir.

2011-ci ildən bu blokun üzvü olan Azərbaycanın Qoşulmama Hərəkatına sədrik etməsi haqqında qərar 2016-ci ildə Venesuelada keçirilən XVII zirvə toplantısında qəbul edilib.

Hərəkatın 2006-cı ildə Kubada keçirilən sammitində qurumun metodologiyasına dair qəbul olunan sənəddə hərəkata sədrliyin müxtəlif dövlətlər arasından üç ildən bir regional rotasiya qaydası ilə seçildiyi yazılıb. 

2016-ci ildə keçirilən sammitdə qəbul olunan yekun sənəddə qeyd olunur ki, dövlət və hökumət başçıları Azərbaycanın XVII sammitə ev sahibliyi etməklə bağlı təklifini alqışlayıblar. Göründüyü kimi, namizədlik təklifini Azərbaycan tərəf özü irəli sürüb.

Həmin ilin sentyabrında Azərbaycanın XİN-in yaydığı məlumatda qeyd olunurdu ki, Azərbaycanın sədrlik təklifi Qoşulmama Hərəkatının Avropa regionundan olan üzv dövlətlər tərəfindən təsdiq olunub və təsbit üçün sammitə təqdim edilib.

Hərəkat əsasən Asiya, Afrika və Latın Amerikasından olan dövlətləri birləşdirir. Avropa regionu ölkələrindən quruma Azərbaycandan başqa üzv olan yeganə dövlət Belarusiyadır. ABŞ-ın nüfuzlu “Washington Post” qəzeti Belarusiyanı “Avropanın sonuncu diktaturası” adlandırıb. XİN “Avropa regionundan olan dövlətlər” deməklə Azərbaycanın namizədliyinin təstiqlənməsində Avropa regionundan olan digər ölkələrin xususi rolu olduğuna dair fon yaratmağa çalışıb. 

“Screenshot” Qoşulmama Hərəkatının rəsmi internet səhifəsindən götürülüb. 

Yekun sənəddən də göründüyü kimi, sədrliyə təşəbbüs Azərbaycan tərəfindən irəli sürülüb, Avropa regionundan olan 1 dövlət – Belarusiya tərəfindən təsdiq olunub və sonda Hərəkata üzv ölkələr tərəfindən təsbit olunması üçün XVII sammitə təqdim olunub

“Fakt Yoxla”nın qənaətinə görə, Leyla Abdullayevanın Qoşulmama Hərəkartına sədrliyi Azərbaycanın uğurlu xarici siyasəti kimi təqdim etməsi faktlarla manipulyasiyadır.

 

SHARE