Əli Əhmədov

Əli Əhmədov: “Azərbaycan dövləti sosial vəzifələri layiqincə yerinə yetirir”

Baş nazirin müavini Əli Əhmədov iyulun 2-də Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalının təqdimat mərasimində deyib ki, bu il əməkhaqlarının artırılması ilə bağlı imzalanan iki sərəncam məhz vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.

“Azərbaycan dövləti sosial vəzifələri layiqincə yerinə yetirir”,- deyə “Report” İnformasiya Agentliyi Əli Əhmədova istinadən yazıb.

“Fakt Yoxla” Əli Əhmədovun dediklərinin doğru olub-olmadığını araşdırıb.

Qeyd edək ki, “sosial rifah” geniş anlayışdır. Dövlətin sosial siyasətinin bu istiqamətdə vəzifələri dedikdə gəlirlərin ədalətli bölgüsü, yoxsulluğun azaldılması, sosial müdafiə, tam məşğulluğun təmin olunması, işsizliklə mübarizə və s. nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) sentyabrdan etibarən 1 mln.350 min şəxsin əməkhaqqı gəlirinin artacağını açıqlayıb. Belə ki, prezident İlham Əliyevin, 2019-cu il iyunun 18-də imzaladığı sərəncama əsasən, minimum əməkhaqqı  sentyabrın 1-dən etibarən 180 manatdan 250 manata qaldırılıb.

Bu artımlara baxmayaraq, Azərbaycan hələ də minimum və orta aylıq nominal əməkhaqqının səviyyəsinə görə postsovet ölkələrinin əksəriyyətindən geri qalır. “The Global Economy” və “Trading Economics” saytından əldə etdiyimiz məlumatlara görə, Azərbaycan orta aylıq nominal əməkhaqqına görə yalnız Tacikistan, Özbəkistan və Qırğızıstandan irəlidədir.

Cədvəl 1. 2019-cu ilin iyuluna minimum və orta aylıq nominal əməkhaqqının məbləği (dollarla)

Ölkələr Orta aylıq nominal əməkhaqqı Minimum əməkhaqqı
Estoniya 1563 595
Litva 1420 611
Latviya 888 474
Rusiya 691 170
Belarusiya 533 156
Qazaxıstan 481 110
Ukrayna  428 165
Moldova 409 96
Gürcüstan 406 53
Ermənistan 396 116
Azərbaycan 344 147
Tacikistan 154 41
Özbəkistan 222 24
Qırğızıstan 252 17

 

Qeyd edək ki, Azərbaycan hökuməti əməkhaqqı və təqaüdlərin artımını manatla ifadə edir. 2015-ci ilin yanvarında və dekabrında qeydə alınan devalvasiyalardan sonra manat dəyərini itirməyə başladı. Artımları dollarla müqayisə edəndə məlum olur ki, əməkhaqqı və təqaüdlərin məbləği nəinki artıb, əksinə, bu göstəricilər 5 il əvvəl olduğundan da aşağıdır.

Məsələn, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2014-cü ildə orta aylıq nominal əməkhaqqı 444 manat olub. Bu məbləğ həmin dövrdəki məzənnə ilə 569 dollar edirdi. Hazırda isə orta aylıq nominal əməkhaqqının məbləği 344 dollardır. Müqayisə aparanda məlum olur ki, bu məbləğ 2014-cü illə müqayisədə 225 dollar azdır.  

Bu il oktyabrın 1-dən minimum əmək pensiyası 160 manatdan 200 manata (117 dollar) qaldırılacaq. DSK-nın məlumatına görə, devalvasiyadan öncə minimum əmək pensiyasının məbləği 100 manat, yəni 128 dollar olub. Bu isə 5 il əvvəlki göstərici ilə müqayisədə 11 dollar aşağıdır.

Dövlət büdcəsinin gəlirləri 2019-cu il üçün 13,5 mlrd. dollar proqnozlaşdırılıb. 2014-cü ildə bu göstərici 23,6 mlrd. dollar olub. Bu azalmanın fonunda bu il budcə layihəsində sosial siyasətin həyata keçirilməsi ilə bağlı xərclər üçün 6,3 mlrd. manat (3.7 mlrd. dollar) nəzərdə tutulub. Bu barədə Hesablama Palatasının 2019-cu ilin büdcə layihəsi haqqında qanun layihəsinə verdiyi rəydə yazılıb.

BBC”-nin Azərbaycan xidməti 2014-cü ildə sosial müdafiə və təminat üzrə büdcə xərclərinin 2.5 mlrd. dollar olduğunu yazmışdı. 2014-cü illə müqayisədə hökumət bu xərcləri 1.2 mlrd. dollar artıra bilib.

Dövlətin sosial öhdəliklərini yerinə yetirdiyini göstərən faktorlardan biri də müavinətlərin məbləğidir. Prezidentin 2019-cu il fevralın 25-də əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzaladığı sərəncama görə, sosial müavinətin I qrup əlilliyə görə məbləği 150, II qrup əlilliyə görə 130, III qrup əlilliyə görə 110 manat müəyyənləşdirilib. Bu isə o deməkdir ki, bu qruplardan olan əlillərin aldığı təqaüdlərin məbləği ölkə üzrə yaşayış minimumundan 30, 50 və 70 manat aşağıdır. 

2019-cu il yanvarın 1-dən yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilib. 2009-cu ildə isə ölkə üzrə yaşayış minimumunun məbləği 84 manat (105 dollar) təşkil edirdi. Bu il  yaşayış minimumu ölkə üzrə 105 dollar təşkil edir. Dəfələrlə artırılsa da, bu göstərici dollarla 10 il əvvəl olduğu kimi qalır.

İnsanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərini əhatə edən minimum istehlak səbəti 2014-cü ildə Nazirlər Kabinetinin qərarı ilə əmək qabiliyyətli əhali üçün 136,8 manat, pensiyaçılar üçün 107,9 manat, uşaqlar üçün 105 manat müəyyən olunub. 

Qeyd edək ki, devalvasiyadan sonra ərzaq məhsullarının qiymətləri qalxıb. Amma Nazirlər Kabineti beş il ərzində istehlak səbətinin məbləğini yeniləməyib.

İstehlak səbətinin məbləğindən başqa, onun tərkibi də mübahisə doğurur. Məsələn, Azərbaycanda illik istehlak səbətinin tərkibinə daxil edilən əksər ərzaq məhsullarının həcmi digər ölkələrlə müqayisədə aşağıdır. Bu göstəriciləri Rusiya ilə müqayisə edəndə aşağıdakı mənzərə alınır. 

Cədvəl 2. Azərbaycanda və Rusiyada minimum istehlak səbətindəki ərzaqlar(kq-la)  

    Əmək qabiliyyətli əhali Pensiyaçılar Uşaqlar
  Ru. Az. Ru. Az. Ru. Az.
1. Çörək və çörək məhsulları 126 136.8 98.2 107.9 77.6 100.5
2. Kartof 100.4 54.8 80 40.2 88.1 42
3. Tərəvəz və bostan məhsulalrı 114.6 97.2 98 85.2 112.5 100.7
4. Meyvə və giləmeyvə 60 38 45 32 118.1 76
5. Ət və ət məhsulları 58.6 32.9 54 25.6 44 29.6
6. Süd və süd məhsulalrı 290 223.6 257.8 233.8 360.7 258.6
7. Balıq və balıq məhsulları 18.5 7.7 16 6.8 18.6 8
8. Yumurta (ədəd) 210 150 200 100 201 183
9. Şəkər və qənnadı məmulatları 23.8 16.9 21.2 15.8 21.8 19.7
10. Bitki yağı, marqarin və digər piylər 11 10.9 10 8.4 5 7
11. Kərə yağı 7 5.8 6
12. Digər məhsullar (duz, çay və.s) 4.9 4.7 4.2 3.3 3.5 4

 

Sonda qeyd edək ki, 2019-cu ildə minimum əməkhaqqının məbləği artırılsa da, Azərbaycan bu sahədə hələ də postsovet ölkələrinin əksəriyyətindən geri qalır.

Ölkə üzrə yaşayış minimumu qaldırılsa da, onun məbləği dollarla 10 il əvvəl olduğu kimi qalır, minimum əmək pensiyasının həddi 5 il əvvəllə müqayisədə 31 dollar aşağı düşüb. I və II qrup əlillərə verilən müavinətlərin həcmi isə yaşayış minimumundan 30, 50 manat aşağıdır.  

“Fakt Yoxla”nın qənaətinə görə, Əli Əhmədovun Azərbaycan dövlətinin sosial vəzifələrini layiqincə yerinə yetirdiyinə dair dedikləri yanlışdır.

SHARE