Əli Həsənov

Əli Həsənov: “1993-cü ilin oktyabrına qədər Azərbaycanın legitim prezidenti Əbülfəz Elçibəy idi”

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov/Foto “azertag.az”dan götürülüb. 

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin torpaqların işğal olunmasında Heydər Əliyevin rolu haqqında iddiasına feysbuk səhifəsində status yazmaqla cavab verib. 

Əli Həsənov qeyd edib ki, Azərbaycanın işğal edilmiş sonuncu rayonu Zəngilan Ermənistan hərbi birləşmələri tərəfindən 1993-cü ilin oktyabrında zəbt olunub.

“O vaxta qədər Azərbaycanın legitim prezidenti Əbülfəz Elçibəy olub. Heydər Əliyev 1993-cü ilin 15 iyununda xalqın dəvəti ilə Azərbaycanı düşdüyü çıxılmaz vəziyyətdən xilas etmək üçün Bakıya gəlmiş və Ali Sovetin sədri seçilmişdi. Lakin ölkədə bütün güc strukturları parlamentin sədrinə yox, formal olaraq, legitim prezidentə, faktiki olaraq baş nazirə tabe idi. Parlamentin sədri kimi Heydər Əliyevə tabe olan nə ordu, nə də heç bir güc strukturu yox idi”, – deyə Əli Həsənov bildirib.

“Fakt Yoxla” Əli Həsənovun bu açıqlamasını araşdırıb.

Qeyd edək ki, 1993-cü ilin may-iyun aylarında ölkə daxilində siyasi hadisələrin kəskinləşməsi nəticəsində hökumət rəhbərliyi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət edib. Məhz, bu hadisədən sonra baş verən hadisələrin xronoloji ardıcıllığına baxmaq Əli Həsənovun dediklərinin doğru olub-olmadığını aydınlaşdırmaq üçün kifayət edir:

  •  İyunun 13-də Azərbaycan Ali Sovetinin 615 saylı qərarı ilə İsa Qəmbər Ali Sovetin sədri vəzifəsindən azad edilir.
  •  İyunun 15-də Ali Sovetin 628 saylı qərarı ilə Heydər Əliyev Ali Sovetin sədri seçildi. Məhz bu səbəbə görə iyunun 15-i rəsmi şəkildə Milli Qurtuluş Günü kimi qeyd olunur.
  •  İyunun 17-dən 18-nə keçən gecə prezident Əbülfəz Elçibəy Bakını tərk edərək Kələkiyə gedir.
  •  İyunun 21-də Ali Sovet Bakıya qayıtması üçün Əbülfəz Elçibəyə müraciət edir. Qərarı Ali Sovetin sədri Heydər Əliyev imzalayır. Amma Əbülfəz Elçibəy Bakıya qayıtmır.
  •  İyunun 24-də  Ali Sovet Əbülfəz Elçibəyin öz vəzifələrini icra edə bilmədiyini əsas gətirərək onun səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi haqqında qərar qəbul edir.

Bu müddət ərzində Heydər Əliyev prezident səlahiyyətlərindən istifadə edərək Nazirlər Kabinetinin strukturunda dəyişikliklər edərək:

– yeni Baş nazir,

– yeni Daxili işlər naziri,

– yeni Milli təhlükəsizlik naziri,

– yeni Baş prokuror təyin edir.

  •  İyulun 29-da  Ali Sovetin qərarı ilə 1993-cü il avqustun 29-a Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında referendum təyin edilir. Referendumun rəsmi nəticələri ilə 97,5 faiz seçicinin Əbülfəz Elçibəyə etimad göstərmədiyi elan olunur. 
  •  Sentyabrın 1-də Ali Sovetin 677 saylı qərarıyla 1993-cü ilin oktyabrın 3-ə növbədənkənar prezident seçkisi təyin olunur.
  •  Oktyabrın 3-də keçirilən seçkinin rəsmi nəticələrinə görə, Heydər Əliyev 98,84 faiz səs toplayaraq prezident seçilir.

Yuxarıda sadalananlar göstərir ki, Heydər Əliyev 1993-cü il iyunun 24-dən etibarən faktiki və rəsmi olaraq prezidentin səlahiyyətlərini icra edib, oktyabrın 3-də isə prezident seçilib.

“Fakt Yoxla”nın bir müddət əvvəl dərc etdiyi araşdırmada qeyd olunurdu ki, Heydər Əliyevin Ali Sovetin sədri kimi prezident səlahiyyətlərini icra etdiyi dönəmdə Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli və Qubadlı rayonları, rəsmi şəkildə prezident kimi fəaliyyət göstərdiyi dövrdə isə Zəngilan rayonu işğal olunub.

“Fakt Yoxla”nın qənaətinə görə, Əli Həsənovun Əbülfəz Elçibəylə bağlı açıqlaması yanlışdır.

 

 

SHARE