Əli İnsanov

Əli İnsanov: “1996-ci ildə həkimlərin aylıq maaşı 6,5 dollar idi”

Sabiq Səhiyyə naziri Əli İnsanov

1993-2005-ci illərdə Azərbaycanın səhiyyə naziri olan Əli İnsanov “Meydan TV”-yə müsahibəsində vətəndaşların müalicəsi üçün ayrılan xərclər və həkimlərin aldığı məvaciblər haqqında danışıb. Sabiq nazir səhiyyə sahəsinə ayrılan vəsaitlərin aşağı olmasının rüşvət və neqativ hallara yol aça biləcəyinin mümkünlüyünü də qeyd edib.    

“1996-ci ilin büdcəsini qaldırıb baxsanız, görərsiniz ki, Azərbaycanın hər bir vətəndaşının müalicəsi üçün il ərzində Səhiyyə Nazirliyinə 1 dollardan bir az artıq vəsait ayrılırdı. Həkimlərin aylıq maaşı isə 6,5 dollar idi. İndi siz özünüz bundan nəticə çıxardın, belə bir şəraitdə, əlbəttə,  rüşvət, o dediyiniz neqativ hallar – elə bil mühitdir ki, orada mütləq yarana bilər”, – deyə sabiq nazir bildirib.

“Fakt Yoxla” Əli İnsanovun səhiyyə xərclərinə dair dediklərinin doğru olub-olmadığını araşdırıb.

1996-cı il dövlət büdcəsinin təsdiqi haqqında” Qanunda təhsil, elm və səhiyyənin maliyyələşdirilməsi üzrə vəsait ayrıldığı qeyd olunurdu. Səhiyyə Nazirliyinə “səhiyyənin maliyyələşdirilməsi” üçün büdcədən 27 337 mln. manat vəsait ayrılması nəzərdə tutulurdu. Təhsil və elm üçün ayrılan vəsaitlər Tibb Universiteti ilə bağlı olduğundan bu göstəriciləri hesablamaya daxil etmədik.

Dünya Səhiyyə Təşkilatı (DST) adambaşına düşən səhiyyə xərclərini hesablamaq üçün dövlət xərclərini əhalinin sayına bölür. 1996-ci il yanvarın 1-nə olan məlumata görə, Azərbaycan əhalisinin sayı 7 726,2 min nəfər təşkil edib. DST-nın metoduna əsasən, səhiyyə sahəsində adambaşına ayrılan vəsait 3538 manat olub. 

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 1996-ci ildə dolların məzənnəsi 4100 manat olub. Beləliklə, adambaşına düşən vəsait bu məzənnə ilə 0.86 dollar təşkil edib. Bu isə Əli İnsanovun dediyi kimi, 1 dollara yaxın göstəricidir. 

Qeyd edək ki, 1996-ci ildə bir çox vergilər, hətta ƏDV-nin böyük hissəsi rayon və şəhərlərin büdcəsinə gedir, bir sıra sahələr yerli büdcələr hesabına maliyyələşirdi. Ona görə də, dövlət büdcəsi dedikdə yalnız respublika büdcəsinin yox, yerli büdcələrin xərcləri də nəzərə alınırdı.

1996-cı ildə  Səhiyyə Nazirliyinə rəsmi şəkildə 204 481 mln. manat ayrılmışdı. İlin yekunlarına görə isə ümumi xərclər 211 287,1 mln. manat təşkil edib. Bu hesabla həmin il adambaşına düşən vəsaitin məbləği 27 088 manat (6.7) dollar təşkil edib.

Həkimlərin əməkhaqlarına gəlincə, DSK 1996-ci ildə “səhiyyə, bədən tərbiyəsi və sosial müdafiə” sahəsində orta nominal əmək haqqının 47 000 manat [11,4 dollar] təşkil etdiyini açıqlayıb.

1996-ci ildə ölkə iqtisadiyyatı üzrə 2490,9 min nəfər [67.5 %] 11,4 dollardan aşağı əməkhaqqı alırdı. Bu baxımdan Əli İnsanovun açıqladığı maaşın məbləği [6.5 dollar] orta statistik həkim üçün qismən doğru hesab edilməlidir.

Əli İnsanovun Azərbaycanda bir nəfərə düşən səhiyyə xərci haqqında dedikləri isə yanlışdır. Çünki 1996-cı ildə Azərbaycanda adambaşına düşən səhiyyə xərci 1 yox, 6,7 dollar olub.

“Fakt Yoxla”nın qənaətinə görə, Əli İnsanovun dedikləri yarı doğrudur.

 

SHARE