Əli Əhmədov

Əli Əhmədov: “Ölkədə “uşaqpulu verilmir” məntiqini qəbul etmirəm” 

Baş nazirin müavini Əli Əhmədov

Baş nazirin müavini Əli Əhmədov deyib ki, Azərbaycanda xeyli ailə ünvanlı sosial yardım alır və bu yardımdan faydalanan ailələrin əksəriyyəti çoxuşaqlıdır. 

“Bu mənada “ölkədə “uşaqpulu” verilmir” məntiqini qəbul etmirəm. Ona görə də ki, ünvanlı sosial yardım həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub. Çoxuşaqlı ailələr həm də aztəminatlı ailə hesab olunur”, – deyə  “Report” İnformasiya Agentliyi Əli Əhmədova istinadən yazıb.

“Fakt Yoxla” Əli Əhmədovun dediklərinin doğru olub-olmadığını araşdırıb.

Öncə qeyd edək ki, Azərbaycanda uşaqlar üçün müavinətin verilməsi 2006-cı il iyunun 1-dən dayandırılıb. Həmin tarixdən aztəminatlı ailələrə ünvanlı sosial yardımlar təyin olunub. Bu yardımın təyin olunması “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunla tənzimənir.

Dünyanın müxtəlif ölkələrində “çoxuşaqlı ailə” termininə fərqli yanaşmalar mövcuddur. Məsələn, İngiltərədə 2 uşağı olan ailə artıq çoxuşaqlı sayılır və dövlətdən müavinət ala bilir. Almaniyada “Gəlir vergisi haqqında” Qanuna əsasən ölkədə hər uşağa görə müavinət təyin olunur. 3 və daha çox uşağı olan ailələr üçün isə müavinət artırılır. 2017-ci ildən etibarən  Rusiyada hər 3-cü və növbəti uşağa görə dövlət aylıq ödəniş edir.

Ümumi nәsilvermә əmsalı 15-49 yaş arasında bir qadının orta hesabla neçə uşaq dünyaya gətirə bildiyini göstərir. Dövlət Statistika Komitəsinin (DSK) “Әhalinin tәkrar istehsalının ümumi göstәricilәri”adlı siyahısında 2005-ci ildə əhalinin nəsilvermə əmsalının hər qadın üçün 2,3 uşaq olduğu göstərilib. 2018-ci ildə bu göstərici 1,8-ə düşüb.

 “Sosial müavinətlər haqqında” Qanuna görə, 5-dən çox uşağı olan qadınlara 18 yaşa çatmamış hər uşağa görə aylıq sosial müavinət təyin olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) məlumatına görə, bu müavinət, 5-dən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə verilir. Müavinət bu hüququn yaranmasına səbəb olmuş 6-cı övlad bir yaşına çatanda təyin edilir. 2019-cu il aprelin 1-dən bu müavinət 55 manata çatdırılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə 5-dən çox uşaqlı ailələrin övladları olan 8987 uşaq müavinət alıb. Azərbaycanda 0-19 yaşlı əhalinin sayı 2 885 900  nəfərdir. Beləliklə, çoxuşaqlılığa görə müavinətdən faydalananlar 0-19 yaşda olan əhalinin 3,1 %-ni təşkil edib.

“Sosial müavinətlər haqqında” Qanuna görə, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə də müavinət verilir. Müavinət uşağın bir yaşı tamam olan ayın sonunadək təyin edilir. DSK-nın 2019-cu il üçün dərc etdiyi “İşləməyən əhaliyə uşaqlar üçün dövlət tərəfindən təyin olunmuş sosial müavinətlər” adlı siyahıda həmin ailələrin uşağı olan 796 nəfər 2019-cu ilin əvvəlinə aylıq 55 manat müavinət alıb. 2016-ci ildə isə  bu müavinət 5623 uşaq üçün verilib. Hazırda 796 uşaq Azərbaycanda 0-19 yaş arası əhalinin 0,02%-ni təşkil edir.

Qeyd edək ki, 2019-cu il yanvarın 1-dən uşaqlar üçün yaşayış minimumu 160 manat müəyyən edilib. İnsanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərini əhatə edən minimum istehlak səbəti 2014-cü ildə Nazirlər Kabinetinin qərarı ilə uşaqlar üçün 105 manat müəyyən olunub. İşləməyən ailədə bir uşağa verilən müavinət uşaqlar üçün nəzərdə tutulan istehlak səbətinin həcmindən 2 dəfə aşağıdır.

ƏƏSMN-nin hesabatında qeyd olunur ki, 2016-cı ildə 163,3 min ailə ünvanlı sosial yardım alırdısa, 2018-ci ilin sonuna bu göstərici 42,7 min olub. Beləliklə 3 il ərzində ünvanlı sosial yardım alan ailələrin sayı kəskin şəkildə azalıb. Amma hesabatda azalmanın hansı səbəbdən baş verdiyi qeyd olunmayıb.

ƏƏSMN-nin çoxuşaqlı ailələrlə bağlı təhlilində qeyd olunur ki, 1999-cu il siyahiya alınmasında ev təsərrüfatlarının uşaqların sayına görə bölgüsündə “18 yaşadək uşaqları olan ailələrin sayı” nda  4 və daha çox uşaqlı 16,7 % idisə, bu göstərici 2009-cu ildə 9,7 % təşkil edib. Növbəti siyahıya alınma 2019-cu ilin oktyabrında keçiriləcəyindən hələlik bu ilə dair məlumat dərc olunmayıb.

Beləliklə, Azərbaycanda çoxuşaqlılığa görə müavinət alan uşaqlar 0-19 yaşlarında olan uşaqların 3,1 %-ni təşkil edir. Onlara verilən aylıq təqaüdün məbləği isə 55 manatdır. Bu məbləğ isə uşaqlar üçün nəzərdə tutulan istehlak səbətinin həcmindən 2 dəfə aşağıdır.

“Fakt Yoxla”nın qənaətinə görə, Əli Əhmədovun çoxuşaqlı ailələr və uşaqpulu ilə bağlı dedikləri əsasən yanlışdır.

SHARE