Əli Əhmədov

Əli Əhmədov: “Azərbaycanda təhsillə bağlı problemlər öz həllini tapıb, savadsızlıq aradan qaldırılıb”

Baş nazirin müavini Əli Əhmədov/Foto sia.az-dan götürülüb.

Baş nazirin müavini Əli Əhmədov iyunun 18-də deyib ki, Azərbaycanda təhsillə bağlı problemlər həllini tapıb. 

Trend” İnformasiya Agentliyinin yazdığına görə, Əli Əhmədov bu haqda BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri layihəsi haqqında çıxışı zamanı deyib.  

“Azərbaycanda təhsillə bağlı problemlər öz həllini tapıb, savadsızlıq aradan qaldırılıb”, – deyə  Baş nazirin müavini bildirib.

“Fakt Yoxla” Əli Əhmədovun dediklərinin doğru olub – olmadığını yoxlayıb.

Öncə  baş nazirin müavininin savadsızlığın aradan qaldırılması ilə bağlı dediklərinə baxaq. Beynəlxalq makroiqtisadi göstəriciləri dərc edən “countryeconomy.com” saytının məlumatına görə, 2016-cı ildə Azərbaycanda 15-24 yaşlı məktəblilər arasında savadlılıq göstəricisi 99.94 % olub. 

Cədvəl 1.

Azərbaycanda savadlılıq göstəricisi (%-lə)
İl 15-24 yaş
1999 99,89
2007 100 
2009 99,95
2010 99,95
2011 99,94
2012 99,94
2013 99,95
2014 99,96
2015 99,94
2016 99,94

Qeyd edək ki, bu reytinqlər məktblərdə tədris olunan fənlər üzrə qazanılan biliklərin səviyyəsini göstərmir. Beynəlxalq hesabatlarda savadlılıq faizinin reytinqi hazırlanarkən ölkələr üzrə əhalinin yazıb-oxumaq bacarığı əsas götürülür.

“PIRLS-2016” oxu bacarığının inkişafı üzrə beynəlxalq təqiqatın nəticələrinə görə, Azərbaycandan olan 4-cü sinif şagirdləri oxu bacarıqlarını 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462 baldan 472 bala qaldırıblar.

Azərbaycanda ümumi təhsil müəssisələrində təhsil alanların yekun qiymətləndirilməsini Dövlət İmtahan Mərkəzi (DİM) həyata keçirir. DİM-in 2015-2016-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının elmi-statistik təhlilini əhatə edən “Abituriyent” jurnalının 12-ci sayında orta məktəbi bütün qiymətləri “5”lə bitirən tələbə ilə, bütün qiymətləri “3” olan tələbələrin imtahan balları müayisə olunub. Fənnləri “3” qiyməti ilə başa vuran məzunların 97,02 %-nin qəbul imtahanlarındakı nəticələri çox zəif 0-200 bal intervalında olub. Orta məktəbi “5” qiyməti ilə başa vuranların 48,46 %-i attestat qiymətlərini doğrulda bilib. DİM-in gəldiyi nəticəyə görə, şagirdlərə məktəblərdə verilən yüksək qiymət nisbətən şişirdilmiş olub.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) təşkilata üzv və partnyor ölkələrdən olan şagirdlərin biliklərinin beynəlxalq qiymətləndirilməsini həyata keçirir. Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının (PISA) məqsədi proqramda iştirak edən ölkələrin 15 yaşlı məktəblilərinin oxuma-anlama, riyaziyyat və elmi biliklərinin səviyyəsini ölçməkdir. Azərbaycan “PISA” qiymətləndirilməsində 2006, 20092018-ci illərdə qatılıb. 

Qiymətləndirmənin nəticələrinə dair hesabatda qeyd olunur ki,  təkcə 2006-ci ildə bu proqrama Azərbaycanın 72 rayonunun 171 təhsil müəssisəsindən 5312 nəfər iştirak edib. 2009-cu il tədqiqatında Azərbaycandan 162 ümumtəhsil məktəbi və peşə litseylərindən 4716 şagird iştirak edib.

 

Cədvəl 2.

“PISA” üzrə göstəricilər
İL İştirakçı ölkələrin sayı Azərbaycan Riyaziyyat Oxuma və qavrama Təbiət elmləri
2006 57 55 32 54 55
2009 65 64 45 63 64

Cədvəldən də göründüyü kimi, Azərbaycan  2009-cu ildəki reytinq siyahısında 9 pillə geriləyib, nəticədə 2012 və 2015-ci illərdə  qiymətləndirmədə iştirakını dayandırıb. Baxmayaraq ki, Təhsil Nazirliyinin 2009-cu ildə təhsil sektorunun inkişafına dair ikinci layihəsində nazirliyin qarşısında duran vəzifələr siyahısında “PISA-2012” qiymətləndirməsində iştirak da nəzərdə tutulurdu. Təhsil ekspertləri Azərbaycanın “PISA 2012”-dən geri çəkilməsinin səbəbini əvvəlki qiymətləndirmə nəticəsində əldə olunan göstəricilərin aşağı olması ilə əlaqələndirirdilər. 

Azərbaycan 2018-ci ildə keçirilən qiymətləndirmədə iştirak edib. Bununla bağlı nəticələr 2019-cu ilin dekabrında açıqlanacaq.  

Qeyd edək ki, “təhsildə problemlər” anlayışı çoxşaxəlidir. Biz bu araşdırmanı orta məktəb şagirdlərinin savadlılıq və qiymətləndirmə nəticələri ilə məhdudlaşdırmışıq. Yuxarıda da qeyd etdiyimiz kimi,  savadlılıq dedikdə qazanılan biliklər yox, yazıb-oxuma bacarığı nəzərdə tutulur. Azərbaycanın bu göstərici üzrə yüksək nəticə göstərməsi təhsildə olan bütün problemlərin həll olunduğu mənasına gəlmir. Görünən odur ki, Azərbaycan orta məktəb şagirdlərinin qatıldığı biliyin beynəlxalq qiymətləndirilməsi proqramında iştirak edən ölkələr arasında ən sonuncu yerlərdə qərarlaşıb.  

“Fakt Yoxla”nın qənaətinə görə, Əli Əhmədovun dedikləri faktlarla manipulyasiyadır.

SHARE