Vilayət Eyvazov

Vilayət Eyvazov: “Polis üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir”

Daxili işlər naziri Vilayət Eyvazov/Foto “milli.az”dan götürülüb.

Daxili işlər naziri Vilayət Eyvazov iyulun 1-də Polis Günü münasibətilə təbrikində daxili işlər orqanlarının ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətlərinin olduğunu bildirib,  polisin vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində peşəkarlıq nümayiş etdirdiyini vurğulayıb.

“Eyni zamanda,[polis] vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir”, – deyə daxili işlər naziri bildirib.

“Fakt Yoxla” Vilayət Eyvazovun bu iddiasının həqiqətə uyğun olub-olmadığını yoxlayıb.

Vətəndaşların kütləvi şəkildə zorakılığa məruz qalması 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkisindən sonra müşahidə olunub. Azadlıq meydanına toplaşan müxalifət tərəfdarlarının etirazının yatırılmasında hüquq-mühafizə orqanları ilə yanaşı daxili qoşunlar, maskalı və mülki geyimli şəxslər da cəlb olunmuşdu.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının hazırladığı hesabatda qeyd olunurdu ki, seçkinin nəticələrinə etirazlar zamanı 700-dək şəxs polis tərəfindən saxlanılmışdı.

Human Rights Watch” təşkilatının 2004-cü ildə seçkinin nəticələrinə dair yaydığı hesabatda qeyd olunur ki, müxalifət tərəfdarları Azadlıq meydanına daxil olan kimi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) də dəstəyilə minlərlə polis və hərbi qüvvələr onlara qarşı zorakılıq ediblər. 

Təşkilatın müşahidəçisi mitinq zamanı öldürülən Müsavat Partiyasının Saatlı rayon təşkilatının sədri Həmidağa Zahidovun bədəninin qançır içində, başının isə dağıdılmış halda olduğunu müşahidə edib.

“Müxalifət liderlərinin bir çoxunun həbsi məhz BMCMİ tərəfindən həyata keçirilib. Qurumun Banditizmə qarşı Mübarizə Departamentinin əməkdaşları saxlanılanlara işgəncə verib, onlar elektrik cərəyanı və zorlama ilə təhdid olunublar”, – deyə hesabatda qeyd olunur. 

İlham Əliyevin qalib elan olunduğu seçki Azərbaycanın 2001-ci ildə Avropa Şurasına qəbul olunduqdan sonra keçirdiyi ilk prezident seçkisi idi. Avropa Şurasına üzvlük hüquq və azadlıqların qorunması və təminatına dair öhdəlik tələb edir. Öhdəliklər üzv dövlətlərin hüquq-mühafizə orqanlarının üzərinə də məsuliyyət qoyur. Bu tələblərdə qeyd olunur ki, vəzifələrini icra edərkən insan hüquqlarının pozuntusuna yol verən hüquq-mühafizə orqanlarının üzvləri cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Vilayət Eyvazov 2001-2004-cü illərdə öncə BMCMİ-nin rəis müavini, daha sonra rəisi vəzifəsini icra edib. Onun rəhbərlik etdiyi qurumun adı beynəlxalq təşkilatların hesabatında mitinqdə saxlanılan şəxslərə işgəncə verməkdə hallanırdı. Amma prezident seçkisindən Vilayət Eyvazovun vəzifəsi artırıldı. O, 2005-ci ildə daxili işlər nazirinin müavini, 2011-ci ildə nazirin 1-ci müavini, 2019-cu ildə isə daxili işlər naziri təyin olundu.

Bu arada Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2003-cü il mitinqində xəsarət alanlar haqqında qərarlar verib. “Muradova Azərbaycana qarşı” işində Müsavat Partiyasının fəalı Mahirə Muradova polis zorakılığı nəticəsində sol gözünü itirdiyini bildirib. AİHM bu iş üzrə Avropa İnsan Haqları Konvensiyasının (AİHK) 3-cü maddəsinin həm maddi, həm də prosessual cəhətlərinin pozulduğu qərarına gəlib və Azərbaycan hökumətini 25 min avro məbləğində cərimələyib. 

AİHK-nın 3-cü maddəsində “heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır” deyilir. AİHM-nin Azərbaycana qarşı qəbul etdiyi ən azı 17 qərarda məhz bu maddə üzrə pozuntu halına yol verildiyi qeyd olunur.

AİHM həm də Azərbaycanda etiraz aksiyaları zamanı polisin vətəndaşların sərbəst toplaşmaq azadlığı hüququnu pozduğuna dair qərarlar verib. 2011-ci il aprelin 2-də müxalif qüvvələri birləşdirən İctimai Palatanın Fəvvarələr meydanında keçirdiyi etiraz aksiyaları zamanı saxlanılan partiya funksionerlərinin məhkəmə istintaqında ifadə verən polis əməkdaşları etirazçıları rəislərinin verdiyi göstəriş əsasında saxladıqlarını bildirmişdilər.

AİHM “Məcidli və digərləri Azərbaycana qarşı” işi ilə bağlı verdiyi qərarda bu mitinqdə iştirak edən ərizəçilərin AİHK-nın 11-ci maddəsi ilə qorunan yığıncaqlar və birləşmək azadlığı hüququnun pozulduğunu bəyan edib.

Ötən dövr ərzində təşkil olunan etiraz aksiyaları və mitinqlər zamanı polis zorakılığına məruz qalanlar arasında jurnalistlər də olub. “Rizvanov Azərbaycana qarşı” işində qeyd olunur ki, ərizəçi 2005-ci ildə müxalifəti təmsil edən partiyaların Qələbə meydanında sanksiyalaşdırılmış mitinqdə çəkiliş apararkən Yasamal Rayon Polis İdarəsinin rəis müavini onu dəyənəklə bir neçə dəfə vurub. Məhkəmə materiallarında qeyd olunur ki, jurnalisti vuran polis jurnalistlərə “Mən onu astaca vurmuşdum, bərk vursaydım, ölərdi” deyib.

“Polis haqqında” Qanunun 26-ci maddəsində qeyd olunur ki, fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın qanunsuz tətbiqinə yol verən polis əməkdaşı qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyət daşıyır. Amma Yasamal rayon prokurorunun müavini Rizvanovun şikayəti üzrə cinayət işi açmaqdan imtina etmişdi. AİHM bu iş üzrə də AİHK-nın 3-cü maddəsinin pozulduğunu əsas gətirərək Azərbaycan hökumətini ərizəçiyə vurulan mənəvi zərərə görə 4500 avro məbləğində cərimələyib.

Jurnalistlərə qarşı zorakılıq halları sonrakı illərdə də davam edib. 2011-ci ilin aprelində müxalifət partiyalarının Bakıda Fəvvarələr meydanında keçirdiyi etirazlar zamanı “Demokrat” qəzetinin baş redaktoru Mustafa Hacıbəyli saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilir. Jurnalist olduğunu bildirib, saxlanma səbəbini soruşandan polis idarəsinin rəis müavini onun bədəninin müxtəlif nayihələrinə yumuq və təpik vurub. 

Polisin vətəndaşlara qarşı qanunsuz rəftarı Avropa Şurasının İşgəncələrə qarşı Komitəsinin (CTP) 2017-ci ilə dair hesabatında da qeyd olunur. Hesabatda  saxlanılan şəxslərin əsasən əməliyyatçılar, bəzi hallarda müstəntiqlər və yüksək rütbəli polis işçiləri tərəfindən ilkin istintaq zamanı polis bölmələrində təzyiq və işğəncəyə məruz qaldıqları bildirilib.

“Azərbaycanda polisin təzyiq və işgəncə vasitələri arasında təpik, yumruq və dəyənklə, stul, beysbol dəyənəyi, eləcə də elektrik cərəyanı ilə vurma yer alır. Polis idarələrində ən çox işlədilən üsullardın biri də ”turbin”dir. Bu işgəncə zamanı saxlanılan şəxsin ayaqları və əlləri  arxadan bağlanılır, onun hərəkət etməsini məhdudlaşdırmaq üçün dizləri və dirsəklərindən dəmir boru yaxud da taxta keçirilir və ayaqlarının altı da daxil olmaqla bütün bədən nayihələrinə zərbələr endirilir”,- deyə hesabatda qeyd olunur.

“CTP”-nin hesabatı Bakı, Gəncə, Şəki, Naxçıvan şəhərlərinin polis idarələrinin, eləcə də BMCMİ-nin müvəqqəti saxlanma təcridxanalarında saxlanılan şəxslərin ifadələri əsasında hazırlanıb.

İnsan Haqları Klubunun 2018-ci ilə dair hesabatında da qeyd olunur ki, “Bandotdel” kimi tanınan BMCMİ xüsusilə də hökumətin tənqidçilərinə işgəncə verməklə tanınır. 

Siyasi Məhbusların Siyahısı üzrə İşçi Qrupun siyasi məhbus elan etdiyi Saleh Rüstəmov və qardaşı oğlu Vidadi Rüstəmovun “Bandotdel”də işgəncəyə məruz qaldığı qeyd olunur. Rüstəmovlar müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) maliyyə yardımı etməkdə günahlandırılırdılar. 

Polis haqqında” Qanunun 13-cü maddəsinin VII və VIII hissələrində qeyd olunur ki, polis əməkdaşı açıq-aşkar qanuna zidd əmr və ya göstəriş aldıqda qanunu rəhbər tutmalı, bu barədə polisin rəhbərliyinə məlumat verməlidir.  Qanunsuz əmri və ya göstərişi icra edən polis əməkdaşı qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır. 

Etiraz aksiyasi və mitinqlər zamanı ən çox rast gəlinən hallardan biri də polisin özünü vətəndaşlara təqdim etməməyidir. Bu pozuntu daha çox müxalifət partiyalarının və fəalların keçirdiyi mitinqlər zamanı qeydə alınıb. 

Bu ilin fevralında “Xocalı” abidəsini ziyarət edən Müsavat Partiyasının funksionerləri polis təzyiqi ilə qarşılaşıblar. Polislər və mülki geyimli şəxslər özlərini kimliklərini soruşan müxalifət fəallarına təqdim etməyiblər.

“Polis haqqında” Qanunun 13-cü maddəsində qeyd olunur ki, polis əməkdaşı  hər hansı şəxsə müraciət edərkən adını, soyadını, rütbəsini bildirməli və xidməti vəsiqəsini göstərməklə özünü təqdim etməlidir. 

Cinayət Məcəlləsinin 133-cü maddəsində isə bildirilir ki, işgəncə vermə quluq mövqeyindən istifadə etməklə vəzifəli şəxs tərəfindən törədildikdə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Prezident İlham Əliyev hələ 2013-cü ildə bildirmişdi ki, polis orqanlarında bir nəfər də olsun polis cəzalandırılmayacaq. Prezidentin fikrincə, polis  bütün hərəkətlərini qanun çərçivəsində aparır. 

“Fakt Yoxla”nın qənaətinə görə, Vilayət Eyvazovun dedikləri yalandır.

SHARE