Rövnəq Abdullayev

Rövnəq Abdullayev: “Qaz hasilatında müsbət dinamika davamlı xarakter daşıyır”

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev/Foto “Trend”dən götürülüb.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində qeyd olunub ki, Azərbaycan beynəlxalq miqyasda yeni təbii qaz mənbəyi, mühüm qaz ixracatçısı kimi tanınır.  

“Ötən 25 ildə Azərbaycanda qaz hasilatı 5 dəfə, son 11 ildə isə 30,3% artıb. Bu müsbət dinamika davamlı xarakter daşıyır”,- deyə ARDNŞ prezidenti vurğulayıb.

“Fakt Yoxla” Rövnəq Abdullayevin dediklərinin doğru olub-olmadığını yoxlayıb. 

Neft İxrac Edən Ölkələr Təşkilatının (“OPEC”) 2018-ci ildə yaydığı məlumata görə, Azərbaycanın qaz ehtiyatı 1.2 trilyon kubmetrdir. Azərbaycan qaz hasilatını Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) və beynəlxalq konsorsiumlar razılaşdırılmış şəkildə həyata keçirirlər. Ümumi qaz hasilatının böyük hissəsi xarici şirkətlərin payına düşür.

 

 

 

 

 

 

 

 

Skrinshot ARDNŞ-ın rəsmi səhifəsindən götürülüb

ARDNŞ 2009-cu ildə 6,9 mlrd. kubmetr qaz hasil edib. 2009-cu illə müqayisədə 2018-ci ildə qaz hasilatı 400 mln. kubmetr azalaraq 6,5 mlrd. kubmetrə düşüb. 2009-cu ildə xarici şirkətlər tərəfindən 17,1 mlrd. kubmetr, 2018-ci ildə isə 23,6 mlrd. kubmetr qaz hasil edilib. 

Dövlət Statistika Komitəsinin (DSK) dərc etdiyi “Təbii qaz hasilatı” hesabatında 1928-ci ildən etibarən illər üzrə hasilat göstəriciləri qeyd olunub. 1994-cü ildə Azərbaycan üzrə ümumilikdə 6,4 mlrd. 2018-ci ildə isə 30,5 mlrd. kubmetr qaz hasil edilib. Bu, son 25 il ərzində 4,7 dəfə artım deməkdir. 2008-ci ildə 23,4 mlrd. 2018-ci ildə 30,5 mlrd. kubmetr qaz hasil edildiyini nəzərə alsaq, 11 ildə artım göstəricisi 30% yox, 24% olub.

2006-cı ildə “Şahdəniz” yatağının istifadəyə verilməsindən, 2010-cu ildə isə “Ümid” yatağının kəşfindən sonra Azərbaycanda qaz hasilatı artıb. ARDNŞ-ın payına düşən hasilat həcmində ən yüksək göstərici 2014-cü ildə qeydə alınıb.

Qazın ümumi hasilatında azalma isə 2015-ci ildə müşahidə olunub. Hazırda ölkə üzrə ümumi qaz hasilatı dövrünün ən yüksək göstəricisinə çatsa da, son 5 il ərzində ancaq 873 mln. kubmetrlik artım qeydə alınıb.

Rövnəq Abdullayev qaz hasilatında müsbət dinamikanın davamlı xarakter daşıdığını qeyd edib. Amma 2006-2012-ci illər arasında qaz hasilatında 65%, 2012-2018-ci illər arasında 13% artım qeydə alınıb. Bu isə o deməkdir ki, “Şahdəniz” yatağında hasilat başlayandan sonrakı ilk 6 il ərzində hasilatda  önəmli artım müşahidə olunsa da, son 6 ildə qaz hasilatının artım tempində 53% azalma müşahidə olunub. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə əsasən, Rövnəq Abdullayevin dedikləri yarı doğrudur.

 

SHARE