İlqar Məmmədov

İlqar Məmmədov: “Avropa Məhkəməsində bəraət almışam”

ReAl Partiyasının sədri İlqar Məmmədov/Foto İlqar Məmmədovun “facebook” səhifəsindən götürülüb.

Respublikaçı Alternativ (ReAl) Partiyasının sədri İlqar Məmmədov Açıq Azərbaycan” onlayn media platformasının layihəsi olanAğır Söhbət” proqramında Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) ona bəraət verdiyini bildirib.

“…Avropa Məhkəməsində mən sübut eləmişəm ki, heç bir cinayətim yoxdur. Mən orada bəraət almışam …Avropa Məhkəməsinin qərarı birmənalı bəraət qərarıdır, azadlığı sürətləndirmək qərarı deyil” .

Proqramın növbəti dəqiqələrində aydın olur ki, partiya sədri AİHM-nin 2019-cu il 25 may tarixli qərarını nəzərdə tutur və o, dəqiqləşdirmə edərək Ali Məhkəmənin Plenumunun ona bəraət verməli olduğunu bildirir.

“Fakt Yoxla” İlqar Məmmədovun bəraətlə bağlı dediklərinin doğru olub-olmadığını yoxlayıb.

Azərbaycan dilinin izahlı lüğətinə görə, “bəraət” sözü “təmizə çıxma”; “günahsız, təqsirsiz olduğu meydana çıxma”; “müqəssirin günahsız olduğunu, cəzaya layiq olmadığını etiraf edən məhkəmə qərarı” deməkdir.

Cinayət-Prosessual Məcəllənin 350.1-ci maddəsinə görə isə, “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarıdır.

Avropa İnsan Haqları Konvensiyasının (AİHK) 19-cu maddəsi ilə təsis olunan AİHM-nin funksiyası insan haqları pozuntularını müəyyənləşdirmək və üzv dövlətlərin öz üzərilərinə götürdükləri öhdəliklərə riayət etmələrini təmin etməkdir. 

AİHK-nın 46-cı maddəsinə əsasən, dövlətlər AİHM-in onların tərəf olduqları iş üzrə qəti qərarını icraetmə öhdəliyi götürürlər. AİHM-in qəti qərarı onun icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsinə göndərilir. Avropa Şurasının Nizamnaməsinin tələblərinə görə, məhkəmə qərarını icra etməyən dövlət məsuliyyət daşıyır və bu həmin dövlətin Avropa Şurasında üzvlüyünün dayandırılmasına və əgər qərarın icra olunmaması davam edərsə, bu halda üzvlükdən çıxarılmasına səbəb ola bilər. 

AİHM yerli məhkəmələr üçün üst instansiya deyil, yəni yerli məhkəmələrin qərarlarını aradan qaldıra və ya dəyişdirə bilməz. Onun yerli məhkəmələrin hüquq pozuntularını düzəltmək və ya yerli məhkəmələrin qərarları yerinə öz araşdırmasını və qərarlarını irəli sürmək kimi bir səlahiyyəti yoxdur

Papamichalopoulos Yunanıstana qarşı” işində AİHM vurğulayır ki, üzv dövlətlər mahiyyətinə zidd olmamaq şərti ilə onun qərarlarını yerinə yetirməklə bağlı vasitələri seçməkdə sərbəstdirlər. Bu, dövlətlərin AİHM-in qərarlarını yerinə yetirməkdən yayına biləcəkləri anlamına gəlmir, AİHM-in qərarları icbari xarakterlidir. Lakin dövlətlər bu qərarlardan doğan tədbirləri hansı formada yerinə yetirəcəklərini özləri müəyyənləşdirir.

Mülki Prosessual Məcəllənin 431-1-ci maddəsinə əsasən, AİHM-in qərarlarının icrası ilə bağlı hüquqi məsələlər üzrə işlərə Ali Məhkəmənin Plenumu baxır. Məsələn, AİHM-in “Layıcov Azərbaycana qarşı” işi ilə bağlı iddiaçı Tacir Layıcovun xeyrinə qərarından sonra Ali Məhkəmənin Plenumu işi Şəki Apellyasiya Məhkəməsinə göndərib və Layıcova bu instansiyada tam bəraət verilib. Bu, həm də AİHM-nin verdiyi qərarın tam icra olunaraq, şəxsə bəraət verməsi ilə bağlı Azərbaycanın məhkəmə sistemində ilk presedent sayılır. 

Sözügedən maddədə AİHM-in qərarının birbaşa icrası da nəzərdə tutulur, lakin bu belə AİHM-in qərarlarının mahiyyətini dəyişmir. AİHM-də baxılan işlər üzrə bəraət vermə səlahiyyəti ölkədaxili məhkəmə instansiyalarında qalır.

İlqar Məmmədovun nəzərdə tutduğu qərarda bildirilir ki, Azərbaycan dövləti ərizəçinin işi üzrə AİHM-nin 1-ci2-ci qərarlarını yerinə yetirməyib, Məhkəmə tərəfindən aşkarlanan Konvensiyanın 5, 6 və 18-ci maddələrinin pozuntusunu aradan qaldırmayıb. İlqar Məmmədovun vaxtında azadlığa buraxılmaması; AİHM-in qərarından sonra bu prosesin həddən artıq uzadılması; İlqar Məmmədovun azadlığa buraxılması istiqamətində effektiv addımların atılmaması Azərbaycan dövlətinin AİHM-in qərarlarının icrası istiqamətində “xoş niyyət” sərgiləməməsi kimi şərh edilib və 46.1-ci maddənin pozuntusu hesab olunub. Qərara görə, İlqar Məmmədovun həbsindən öncəki hüquqi statusu qaytarılmalı, yəni bütün ittihamlar və onların nəticələri aradan götürülməli, seçkilərdə namizəd kimi iştirak etmək haqqı bərpa edilməlidir. Qeyd edək ki, bu, AİHM-in tarixində üzv dövlətlə bağlı verilən ilk belə qərardır. Lakin bu qərar belə hüquqi anlamda “bəraət” kimi şərh oluna bilməz. 

AİHK-nın 32-ci maddəsinə əsasən, AİHM-nin  səlahiyyəti Konvensiya və Protokolların tətbiq və təfsiri ilə əlaqədar meydana çıxan məsələlərlə məhdudlaşır. Bu səlahiyyətlərə indiki halda ərizəçinin AİHK-da təsbit edilmiş hüquqlarının pozulub-pozulmaması aiddir.

AİHM-nin qərarından çıxan nəticələrə əsasən, İlqar Məmmədov ictimai-siyasi anlamda “bəraət almış” hesab oluna bilər. Bu da nəzərə alınmalıdır ki, ReAl sədri müsahibənin  növbəti dəqiqələrində dəqiqləşdirmə edərək Ali Məhkəmənin Plenumunun ona bəraət verməli olduğunu bildirir.

“Fakt Yoxla”nın qənaətinə görə, İlqar Məmmədovun dedikləri doğrudur.

 

 

SHARE