İnam Kərimov

İnam Kərimov: “AXCP-Müsavat cütlüyünün hakimiyyətdə olduğu dövrlərdə 267 min hektar üzüm sahəsi vəhşicəsinə məhv edilib”

Kənd Təsərrüfatı naziri İnam Kərimov/Foto “ona.az”dan götürülüb.

Kənd Təsərrüfatı naziri İnam Kərimov Göyçay rayonunda “Narçılığın inkişafı: qarşıda duran vəzifələr” mövzusunda keçirilən respublika müşavirəsində  dövlətin üzümçülüyün inkişafına dəstək göstərdiyini deyib. AZƏRTAC-ın yazdığına görə, İnam Kərimov üzüm sahələrinin azalmasında 1992-1993-cü illərdə hakimiyyətdə olan hökuməti günahlandırıb.

“Çox təəssüflər olsun ki, 80-ci illərin sonu, 90-cu illərin əvvəlində, xüsusilə də 1992-1993-cü illərdə, AXCP-Müsavat cütlüyünün hakimiyyətdə olduğu dövrlərdə 267 min hektar üzüm sahəsi vəhşicəsinə məhv edilib”,- deyə nazir bildirib.

“Fakt Yoxla” İnam Kərimovun bu iddiasının doğru olub-olmadığını yoxlayıb.

Dövlət Statistika Komitəsinin (DSK) “Azərbaycan kənd təsərrüfatı 2019” adlı statistik məcmuəsində 1913-cü ildən başlayaraq üzüm bağlarının sahəsi haqqında məlumatları dərc olunub. Bu məlumatlara əsasən, ölkə üzrə üzüm  əkinlərinin sahəsi ancaq 1985-ci ildə 267 min hektar olub.   

Azərbaycanda üzüm əkini sahəsi 

İl Üzüm sahəsi,

 min ha

Azalma/artım,

min ha

1980 263,0 15,4
1981 274,2 11,2
1982 274,9 0,7
1983 282,2 7,3
1984 284,1 1,9
1985 267,8 -16,3
1986 214,2 -53,6
1987 197,0 -17,2
1988 195,4 -1,6
1989 188,9 -6,5
1990 181,4 -7,5
1991 171,0 -10,4
1992 146,3 -24,7
1993 140,1 -6,2
1994 110,3 -29,8
1995 97,7 -12,6
1996 83,3 -14,4
1997 66,3 -17,0
1998 35,1 -31,2
1999 20,5 -14,6
2000 14,2 -6,3
2001 11,5 -2,7
2002 8,9 -2,6
2003 7,7 -1,2
2004 8,0 0,3
2005 9,6 1,6
2006 10,0 0,4
2007 12,4 2,4
2008 13,3 0,9
2009 15,0 1,7
2010 15,4 0,4
2011 15,9 0,5
2012 16,3 0,4
2013 16,1 -0,2
2014 15,9 -0,2
2015 16,1 0,2
2016 16,0 -0,1
2017 16,1 0,1
2018 16,1 0,0

Mənbə: Dövlət Statistika Komitəsi

Ölkə üzrə ən çox üzüm sahəsi 1984-cü ildə qeydə alınıb: 284,1 min hektar.  1985-ci ildən başlayaraq üzüm sahələri azalmağa başlayıb. Bu azalma əsasən 1985-ci ildə SSRİ-də qəbul edilmiş qərarlarla bağlı idi. Belə ki, 1985-ci il mayın 7-də Sov.İKP MK-nın “Sərxoşluğun və alkoqolizmin qarşısının alınması haqqında” və SSRİ Nazirlər Sovetinin 410 N-li “Sərxoşluğun və alkoqolizmin qarşısının alınması, samoqon istehsalının kökünün kəsilməsi haqqında” Qərar qəbul edilib. 

Müstəqillik əldə olunandan sonra bu qərarlar formal olaraq saxlanılıb, 2002-ci ildə Nazirlər Kabinetinin qərarı ilə qüvvədən düşüb. Alkoqola qarşı kampaniyanın nəticələrinə dair indiyə kimi mübahisələr gedir, amma görünən budur ki, bu qərarlar üzüm əkin sahələrinin azalmasına xeyli təsir gösrərib. Müvafiq qərarlardan sonra Rusiyada azalan üzüm sahələr 32 min hektar, Ukraynada ən azı 60 min hektar təşkil edib. Azərbaycanda 1985-1990-cı illərdə 102,7 min hektar, 1991-ci ildə isə 10,4 min hektar azalma qeydə alınıb.

Nazirin qeyd etdiyi dövrə baxsaq, görərik ki, 1992-1993-cü illərdə ölkə üzrə üzüm sahələri ümumilikdə 30,9 min hektar azalıb. Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun məlumatına görə, 43 min hektar üzüm bağı Ermənistan silahlı qüvvələrinin işğalı altında qalıb. İşğal məhz 1992-1993-cü illərdə baş verib. Amma, nazir açıqlmasında bu mövzuya toxunmayıb.

1993-cü ilin oktyabrında hazırda da hökumətdə olan Yeni Azərbaycan Partiyası hakimiyyətə gəlib. Həmin tarixdən 2003-cü ilədək üzüm bağlarının sahəsində 132,4 min hektar azalma qeydə alınıb. 

İllər üzrə reytinq təşkil etsək, 1992-ci ildə qeydə alınan azalma həcminə görə ilk beşliyə daxil olacaq. Amma bu beşlikdə heç də birinci yerlərdə qərarlaşmayacaq. 

Üzüm sahələrinin ən çox azaldığı illər (min ha)
1986 53
1998 31,2
1994 29,8
1992 24,7
1987 17,2

 

DSK-nın məlumatlarından görünür ki, üzüm sahələri kəskin şəkildə 1996-ci ildən sonra azalmağa başlayıb. Eyni ildə “Torpaq islahatı haqqında” Qanun qəbul edilib. Torpaq islahatları nəticəsində üzüm sahələri də yerli əhali arasında bölündü. 1996-ci ildən başlayaraq 2002-ci ildə “Üzümçülük və şərabçılıq haqqında” Qanun qəbul edilənədək üzüm bağlarının sahəsi 86,2 min hektar azalmışdı.  

Azərbaycanda üzümçülük” kitabının müəlliflərinə görə, qanunun qəbulundan və zümçülüyün  regionların inkişafı üzrə dövlət proqramına [2004-cü il] daxil edilməsindən sonra, bu sahədə müəyyən qədər artım müşahidə olunmağa başlayıb.

“Bu artım da 2013-cü ilə kimi davam etdi. Ondan sonraki dövrdə isə üzüm əkmələrin sahəsində heç bir artım və ya dəyişiklik müşahidə olunmayıb”,- deyə müəlliflər yazıb.

Beləliklə, 1985-ci ildən başlayaraq 2003-cü ilədək ölkə üzrə üzüm bağlarının əkin sahəsi 267 min hektardan 7,7 min hektaradək azalıb. SSRİ-dönəmində bu faktor alkoqolizmə qarşı mübarizə planı ilə əlaqələndirilir. 1992-93-cü illərdə işğal zamanı 43 min hektar üzüm sahəsi Ermənistan silahlı qüvvələrinin işğalı altında qalıb. 1992-93-cü illərdə azalan üzümlüklərin sahəsi isə 267 min hektar yox, 30.9 min hektar olub.

“Fakt Yoxla”nın qənaətinə görə, İnam Kərimovun dedikləri yalandır. 

 

SHARE