Qüdrət Həsənquliyev

Qüdrət Həsənquliyev: “YAP istənilən vaxt növbədənkənar seçki çağıra bilər, konstitusiya buna imkan verir”

Deputat Qüdrət Həsənquliyev/Foto “publika.az”dan götürülüb.

Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat” qəzetinə müsahibəsində Azərbaycanda növbədənkənar parlament seçkilərinin mümkünlüyü haqqında danışıb.

Deputat qeyd edib ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) rəhbərliyinin qərarı bu seçkilərin keçirilməsi üçün kifayət edir. 

“YAP istənilən vaxt növbədənkənar seçki çağıra bilər, konstitusiya buna imkan verir. Kifayətdir ki, YAP üzvləri MSK-ya istefa ərizəsi verirlər və millət vəkillərinin sayı 83-dən az olursa, o halda Milli Məclis səlahiyyətli sayılmır və konstitusiyaya görə, prezident dərhal növbədənkənar seçki təyin etməlidir. Yəni bu zaman heç Milli Məclisin toplanmasına da ehtiyac yoxdur”, – deyə deputat vurğulayıb. 

“Fakt Yoxla” Qüdrət Həsənquliyevin dediklərinin doğru olub-olmadığını araşdırıb. 

Konstitusiyaya əsasən, Milli Məclisə seçkiləri prezident təyin edir. Seçkilər hər beş ildən bir noyabr ayının birinci bazar günü 125 seçki dairəsi üzrə keçirilir.  Milli Məclis deputatlarının səlahiyyətləri Milli Məclisin yeni çağırışının ilk iclas günü bitir. 

Konstitusiyanın 87.3-cü maddəsində qeyd olunur ki, Milli Məclis 83 deputatın səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir. Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyevin  şərhinə görə [2000-ci ildə], bu maddədə seçkidən sonra yeni seçilmiş Milli Məclis tərkibinin təsdiq edilib fəaliyyətə başlaması nəzərdə tutulur.  

Konstitusiyanın 88-ci maddəsinin I bəndində qeyd olunur ki, Milli Məclisin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Milli Məclisin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır.

Milli Məclisin Daxili Nizamnaməsinin “Yeni seçilmiş Milli Məclisin ilk iclasının keçirilməsi vaxtının təyin edilməsi” müddəasında sonuncu Milli Məclis seçkilərində seçilmiş və Konstitusiya Məhkəməsi tərəfindən təsdiq olunmuş, fəaliyyətə başlaması gözlənilən Milli Məclisin yeni tərkibindən bəhs olunur.

Nizamnamənin 3-cü maddəsində “Milli Məclisin iclası 83 deputat iştirak etdikdə səlahiyyətlidir” deyilir. Göründüyü kimi, burada Milli Məclisin tərkibi yox, iclasın səlahiyyətli olub-olmaması nəzərdə tutulur.

Qüdrət Həsənquliyevin Milli Məclisdə sayca üstünlük təşkil edən YAP üzvü olan deputatların istefasının parlamentin səlahiyyətlərini itirməsi ilə nəticələnəcəyi və yeni seçkilərin keçirilməsini zəruri edəcəyi barədə dediklərinə nəzər salaq.  

Seçki Məcəlləsinin  176-cı maddəsinin 4-cü bəndinə əsasən, deputat mandatının boş qalmasından sonra bir ay müddətində bu Məcəllənin 145-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilir. Amma Konstitusiyaya görə, Milli Məclis deputatlığından çıxanların yerinə seçkilər Milli Məclisin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, keçirilmir.

Beləcə, YAP üzvü olan deputatlar istefa verdiyi halda, yerdə qalan deputatlar [digər partiyaların üzvü və ya bitərəf olanlar] yeni çağırışın ilk gününə qədər səlahiyyətlərini qoruyub saxlayırlar. Milli Məclisin tərkibi də səlahiyyətini itirmiş olmur. Parlament üzvlərinin sayı iclas keçirməyə imkan verməsə belə, istefa verən deputatların yerinə yeni seçkilərin keçirilməsi bu problemin aradan qaldırılmasının qanuni həll yolunu təşkil edə bilir.

Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə prezident parlamenti buraxır. Milli Məclisin Nazirlər Kabinetinə etimadsızlıq qərarı qəbul etməsi üçün tələb olunan səs çoxluğu 63-dür. YAP-ı təmsil edən deputatların sayının 63-dən çox olduğunu nəzərə alsaq, ilk baxışda onların Milli Məclisi bu metodla prezidentə buraxdırmaq zəmini yarada biləcəkləri görünür. Düzdür, bu halda növbədənkənar seçkini YAP üzvü olan deputatlar yox, prezident çağırmış olacaq, amma hazırkı prezidentin də YAP-ın rəhbəri olduğunu nəzərə alsaq, deputatın iddiasının texniki olaraq doğru olduğunu demək olar. 

Amma Milli Məclisin hakim partiyanın səs çoxluğu ilə buraxılması mexanizmini hüquqi olaraq qəbul etmək mümkün deyil. Çünki parlamentin Nazirlər Kabinetinə bir il ərzində iki dəfə etimadsızlıq göstərməsi əhəmiyyətli hüquqi və siyasi məsələdir. Belə bir addım atıldığında tutarlı səbəblər göstərilməli, etimadsızlıq qərarı əsaslandırılmalıdır. Bunun əksi Konstitusiyanın verdiyi səlahiyyətdən sui-istifadə etmək deməkdir.

“Fakt Yoxla”nın qənaətinə görə, Qüdrət Həsənquliyevin açıqlaması əsasən yanlışdır.

SHARE