Azərbaycan hər zaman Avropa Məhkəməsinin qərarlarının icrası üçün zəruri tədbirləri həyata keçirir

Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov APA-ya müsahibəsində məhkəmə qərarlarının icrası haqqında deyib: “Azərbaycan hər zaman Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşaraq onların icra edilməsi üçün zəruri tədbirləri həyata keçirir”. 

“Fakt Yoxla” Çingiz Əsgərovun bu iddiasının doğru olub-olmadığını yoxlayıb.

AİHM-nin ötən ilədək Azərbaycanla bağlı mahiyyəti üzrə  qərar qəbul etdiyi 251 işin 241-də Konvensiyanın ən azı bir maddəsinin pozuntusu  müəyyən edilib. Bundan əlavə, mahiyyəti üzrə olmayan qərarlar da var ki, məhkəmə ölkənin üzərinə ərizəçilərə münasibətdə təzminat ödəmək, işə yenidən baxmaq və s. kimi öhdəliklər qoyur.

Azərbaycan 2002-ci ildə Avropa İnsan Hüquqları Konvensiyası və onun Protokollarını ratifikasiya  etdiyini açıqlayıb. 2011-ci ildən 2021-ci il iyunun 14-dək  dövrü əhatə edən sənəddə qeyd olunur ki, hazırda AİHM-nin Azərbaycanla bağlı qərarlarının 264-nün icrasına nəzarət davam etdirilir. İcrası yubanan belə qərarların 216-ı “təkrarlanan”, 48-i isə “aparıcı” işlər üzrədir.

Azərbaycanın ötən il icra etdiyi qərarların sayı  12 olub. 

Son on il ərzində icrası yubanan qərarların sayında isə artım müşahidə edilir. 

Avropa Şurası Nazirlər Komitəsi (AŞ NK)  2021-ci ilin sentyabrında Azərbaycan Vəkillər Kollegiyasından xaric edilən Xalid Bağırovun, Elçin Namazovun, Aslan İsmayılovun  üzvlüyə bərpası ilə bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Azərbaycan hökuməti Vəkillər Kollegiyasının diqqətini AİHM-in vəkillikdən uzaqlaşdırılanların şikayətləri üzrə qərarlarının icrasına, şikayətçilərin əvvəlki vəziyyətlərinə qaytarılması öhdəliyinə yönəltməlidir. Hökumətdən hər üç ərizəçi ilə bağlı işlərə yenidən baxılması və qərar verilməsi istənilir.

Ali Məhkəmənin Plenumu ötən ilin noyabrında Aslan İsmayılovun vəkillikdən uzaqlaşdırılması barədə yerli məhkəmələrin çıxardığı bütün qərarları ləğv edib, işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Digər iki vəkilin işinə isə baxılmayıb.  

Nazirlər Komitəsi bu il martın 10-da  Avropa Məhkəməsinin qərarlarının icra vəziyyəti barədə də qətnamə qəbul edib. “Məmmədli qrupu”nda  hüquq müdafiəçiləri Anar Məmmədli, Leyla və Arif Yunusovlar, hüquqşünas İntiqam Əliyev, jurnalist Xədicə İsmayıl, fəallar Qiyas İbrahimov, NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, eləcə də mərhum fəal Bayram Məmmədovun adı  yer alır. Bu işlər Nazirlər Komitəsinin nəzarətində qalıb. 

Komitə ötən il sentyabrın 16-da qəbul etdiyi qətnamə ilə Azərbaycan hakimiyyətindən İlqar Məmmədov və Rəsul Cəfərov işində olduğu kimi Ali Məhkəmə vasitəsilə digər şəxslərin üzərindən də məhkumluğun götürülməsini, konkret addımlar atılması üçün Katibliklə təcili şəkildə əməkdaşlıq edilməsini və dekabrda mövcud vəziyyətə dair aralıq qətnamə hazırlanmasına qərar vermişdi.

Ali Məhkəmənin Plenumu 19 noyabr 2021-ci il tarixli qərarı ilə “Nida” Vətəndaş Hərəkatının sabiq üzvləri Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli və Zaur Qurbanlıya bəraət verib, onlara əsassız həbsdə saxlanılmaları və azadlıqdan məhrum edilmələri ilə bağlı mənəvi təzminat kəsib.  Qrupdakı digər şəxslərin işinə hələ də baxılmayıb. 

Beləliklə, ötən dövr ərzində Azərbaycan AİHM-nin qərarlarının icra edilməsi üçün hər zaman zəruri tədbirləri həyata keçirməyib.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Çingiz Əsgərovun iddiası yanlışdır