logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Azərbaycanda hərbçilərin minimum xidmətkeçmə müddəti bir çox ölkələrdəki müddətdən çox olacaq

Azərbaycanda hərbçilərin minimum xidmətkeçmə müddəti bir çox ölkələrdəki müddətdən çox olacaq

Azərbaycanda hərbi qulluqçuların pensiya təminatında dəyişikliklər edilməsi planlaşdırılır. Bu məqalə yazılan zaman Milli Məclisin üçüncü oxunuşundan keçmiş layihə çərçivəsində 4 qanuna - “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında ”Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklər edilir.

Yeni dəyişikliyə görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE), gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 45-dən 48-ə qaldırılacaq və hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmət müddəti 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur. Layihədə digər təkliflər də nəzərdə tutulub.

“Fakt Yoxla” Azərbaycanda hərbçilərin pensiya təminatı ilə bağlı qanunvericilikdəki mövcud vəziyyəti, dəyişdirilməsi nəzərdə tutulan müddəaları analiz edib, həmçinin mövzu ilə bağlı bir sıra ölkələrlə müqayisələr aparıb.

Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi xidmət haqqında” qanunlar hazırda MAXE-lər, gizirlər və miçmanlar üçün hərbi xidmətdə olmağın son yaş həddini 45 yaş olaraq müəyyənləşdirir. Yeni qanun layihəsində bu yaş həddinin 48-ə çatdırılması, yəni 3 yaş artırılması nəzərdə tutulub.

Əmək pensiyaları” haqqında qanuna görə, aşağıdakı hərbi qulluqçular əmək pensiyasına çıxa bilərlər:

- Xidmətdən buraxılanadək ən azı 20 il hərbi xidmət etmiş şəxslər;

- Xidmətdən yaşa görə buraxılmış, ən azı 25 il ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;

- hərbi xidmətdən xəstəliyə və ixtisara görə buraxılmış və buraxıldığı gün azı 45 yaşı olan, minimum 25 il ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;

- Azı 15 il Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.

Yeri gəlmişkən, bu müddəalar ilk dəfə 1992-ci ildə qəbul edilən və 2006-cı ildə ləğv edilən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunda da nəzərdə tutulub və indiyədək dəyişməyib. Ancaq yeni qanun layihəsində əmək pensiyasına çıxmaq üçün xidmətkeçmə müddətinin 20 ildən 25 ilə qaldırılması nəzərdə tutulub. Yaşa, xəstəliyə və ixtisara görə xidmətdən buraxılan şəxslərdən isə əmək pensiyası üçün 25 il yox, 30 il ümumi iş stajı, 12.5 il hərbi xidmət müddəti əvəzinə isə 15 il tələb ediləcək.

Milli Məclisdə qanun layihəsi ilə bağlı keçirilən mətbuat konfransında yaş həddinin və xidmətkeçmə müddətinin artırılmasında əsas məqsədin “hərbçilərin təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaq” olduğu bildirilir. Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Elçin Əliyev isə qanun layihəsinin müzakirəsi zamanı hazırda Azərbaycan Ordusunda xidmət etmək istəyənlərin saynın çoxaldığını və yaş həddini artırmaqla onların inkişafına və orduda xidmət etməyinə şərait yaradıldığını deyib. Yeri gəlmişkən, deputatlar Qüdrət Həsənquliyev layihənin birinci oxunuşda müzakirəsi zamanı qanunun hərbçilərin sosial hüquqlarını məhdudlaşdırdığını, Fazil Mustafa isə tələbin 25 ilə çatdırılmasının “yaxşı qərar” olmadığını bildirib. Qanunda həmçinin, pensiyaya çıxarkən qulluq stajına görə əlavənin 50 faizdən 65 faizə qaldırılması nəzərdə tutulub.

Müxtəlif ölkələrlə müqayisələrə gəldikdə, Rusiyada, Ukraynada, Ermənistanda Gürcüstanda da 20 il xidmət edən hərbçilərin pensiyaya çıxmaq hüququ var. NATO ölkələrindən Fransada zabitlər 27 il, zabit olmayan hərbçilər 17 il xidmət keçdikdən (və ya 52 yaşında), ABŞ-dəÇexiyada isə 20 il xidmətdən sonra pensiyaya çıxa bilərlər. Türkiyədə isə zabit və kiçik zabitlər üçün minimum məcburi xidmət müddəti 15 ildir.

“Fakt Yoxla”nın araşdırmasına görə, Azərbaycanda hərbçilərin əmək pensiyasına çıxmaq üçün minimum xidmətkeçmə müddəti 5 il, xidmətdə olmaq üçün son yaş həddi isə 3 il artırılır. Bunun müqabilində hərbçilərin qulluq stajına görə əlavələri 50% deyil, 65 faiz olacaq. Beləliklə, Azərbaycanda hərbçilərin minimum xidmətkeçmə müddəti Rusiya, Ukrayna, Ermənistan və Gürcüstan kimi postsovet ölkələrindəki müddətdən çox olacaq.

“meclis.gov.az”, “Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan sənədlər üçüncü oxunuşda qəbul edilib

“meclis.gov.az”, “Milli Məclisin iclasında

“meclis.gov.az”, Hərbçilərlə bağlı qanun layihələrinə dəyişikliklər

“meclis.gov.az”, “Milli Məclisdə hərbi qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərlə bağlı mətbuat konfransı keçirilib

“e-qanun.az”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun

“e-qanun.az”, “Hərbi xidmət haqqında” qanun

“e-qanun.az”, “Əmək pensiyaları haqqında” qanun

“e-qanun.az”, “Hərbi qulluqçuların pensiya təminatı haqqında”

“report.az”, “Müdafiə Nazirliyi hərbçilərin pensiya yaşının artırılmasına münasibət bildirib

“publika.az”, “Bu, hərbçilərin sosial hüquqlarının məhdudlaşdırılmasıdır” - Qüdrət Həsənquliyev

“youtube.com”, “Hərbi xidmətin 25 ilə qaldırılması yaxşı qərar deyil

“mintrud.gov.ru”, 12 fevral 1993-cü il tarixli 4468-1 nömrəli Federal Qanun (rus dilində)

“retraitesdeletat.gouv.fr”, Hərbi qulluqçuların pensiya hüquqları (fransız dilində)

“portal.gov.cz”, Silahlı qüvvələr üzvlərinə yaşa görə pensiya (çex dilində)

“matsne.gov.ge”, Hərbi, daxili işlər və dövlət mühafizəsi xüsusi xidmət orqanlarından buraxılmış şəxslərin və onların ailə üzvlərinin sosial təminatı haqqında Gürcüstan qanunu (gürcü dilindı)

“rada.gov.ua”, Hərbi xidmətdən buraxılan və bəzi digər şəxslərin pensiya təminatı haqqında Ukrayna qanunu (Ukrayna dilində)

“arlis.am”, Hərbçilərin və onların ailə üzvlərinin sosial təminatı haqqında Ermənistan qanunu (erməni dilində)

Analiz
  • 28 Dekabr, 2023
  • 1287

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə