logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Bakı və ətrafındakı əhalinin məskunlaşmasına dair rəsmi statistika reallığı dəqiq ifadə etmir

Bakı və ətrafındakı əhalinin məskunlaşmasına dair rəsmi statistika reallığı dəqiq ifadə etmir

Bakı və ətrafındakı əhalinin məskunlaşmasına dair rəsmi statistika reallığı dəqiq ifadə etmir

Paytaxtda yaşayan əhalinin sıxlığı, həmçinin avtomobil yollarındakı tıxac tez-tez Azərbaycan mediasında gündəm mövzusuna çevrilir. Sıxlığın səbəbi kimi xüsusən də paytaxtda əhalinin çoxluğu göstərilir. (mənbə: 1, 2, 3, 4, 5, 6, 7) Həmçinin, bu günlərdə Azərbaycan Nazirlər Kabinetinin Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiq etməsi də gündəmdədir. Qeyd edək ki, Bakının Baş planında demoqrafik vəziyyət də nəzərə alınaraq vurğulanıb ki, Bakı şəhərinin 2040-cı ilə olan əhalisinin sayı  2,88 – 3,17 milyon nəfər arasında dəyişəcək.

Bəs Bakı şəhərindəki əhali sıxlığı, Azərbaycanda şəhər əhalisi, yəni urbanizasiya nə qədərdir? İllər üzrə kənd və şəhər əhalisinin balansı necədir? “Fakt Yoxla” mövzunun əhəmiyyətini və gündəmdə olduğunu nəzərə alaraq, Bakıda əhalinin sıxlığı, Azərbaycandakı kənd və şəhər əhalisinin balansı və buna dair məlumatları analiz edib.

Dövlət Statistika Komitəsinin (DSK) ən son məlumatına (səh.9) əsasən, Azərbaycanda əhalinin sayı 10,1 milyondan çoxdur. Əhalinin sıxlığı, yəni, bir kvadrat kilometrə düşən əhalinin sayı isə 118 nəfərdir. Ölkə əhalisinin 54,6%-i şəhər, 45,4%-i isə kəndlərdə yaşayır. Azərbaycan Respublikası 1 muxtar respublika, 63 rayon, 79 şəhər, 262 qəsəbə və 4246 kənd yaşayış məntəqəsindən ibarətdir. (səh.41). 

Azərbaycandakı 63 rayonun 29-da əhali 100 min nəfərdən çoxdur. Yəni, Azərbaycandakı rayonların cəmi 46 faizinin 100 min nəfərdən çox əhalisi var. 18 rayonda isə 50 min – 100 min arası əhali yaşayır. Azərbaycandakı 4246 kəndin yalnız 92-də əhali sayı 5000-dən çoxdur. 214 kəndin əhalisi isə 50 nəfərdən azdır. 177 kəndin əhalisi isə 50-100 nəfər aralığındadır. 











 

Mənbə: DSK

Yuxarıdakı cədvəldə Azərbaycanda müstəqillikdən bəri şəhər və kənd əhalisinin nisbəti göstərilib. Cədvəldən də göründüyü kimi, bu illər ərzində şəhər əhalisinin xüsusi çəkisi kənd əhalisinin xüsusi çəkisindən daha çox olub. Kənd əhalisinin xüsusi çəkisi ən çox 1999, 2000 və 2001-ci illərdə qeydə alınıb ki, həmin illərdə kənd əhalisinin xüsusi çəkisi 48,9% təşkil edib. Şəhər əhalisi isə ən çox 2020-ci ildə 54,9% qeydə alınıb. Diqqət çəkən məqam 2020-ci ildən bəri kənd əhalisinin xüsusi çəkisinin artması, əksinə şəhər əhalisinin xüsusi çəkisinin isə azalmasıdır.

Dünya Bankının göstəricilərinə əsasən, urbanizasiya səviyyəsinin qonşu ölkələrlə müqayisəsində də maraqlı tendensiya yaranıb.

Azərbaycan və qonşu ölkələrin urbanizasiya səviyyəsi, 2022,  mənbə:Dünya Bankı

Yuxarıdakı cədvəldən də göründüyü kimi Azərbaycandakı urbanizasiya qonşu ölkələrlə müqayisədə təkcə Türkmənistandan irəlidədir. Başqa sözlə, Türkmənistan istisna olmaqla bütün qonşu ölkələrdəki urbanizasiya səviyyəsi Azərbaycandan daha çoxdur. Ən yüksək göstərici İran və Türkiyədə 77% qeydə alınıb.

 Bəs Azərbaycandakı əhalinin sıxlığında hansı situasiyalar qeydə alınıb?

Azərbaycanda mövcud olan 11 Respublika tabeli şəhərin əhalisi və orada yaşayan əhalinin sıxlığı ilə başlayaq. Xankəndi şəhəri haqqında məlumatlar tam olmadığından cədvələ son statistikadakı göstəriciləri daxil edilib. Xankəndi cədvəldə yer alsa da bu şəhərlərin müqayisəsi zamanı Xankəndi şəhəri istisna edilib. 

Mənbə: DSK

Respublika tabeli şəhərlər arasında Bakı şəhəri əhali sayına görə 2 milyon 336 min nəfərlə rəqibsiz liderdir. Buna ən yaxın göstərici 426 min nəfərlə Sumqayıtdır. Maraqlısı odur ki, əhalisi ən çox olsa da, Bakı əhali sıxlığına görə 3 şəhərdən geri qalır. Belə ki, Sumqayıt, Gəncə və Şirvan şəhərləri əhalinin sıxlığına görə ilk 3 yeri bölüşür. Gəncə və Sumqayıtın əhali sıxlığı Bakıdan müvafiq olaraq 3 və 4 dəfə çoxdur. Respublika tabeli şəhərlər arasında sıxlığı ən az olan isə 1 kv. km-ə düşən 76 nəfərlə Şəkidir. 

Bakıdakı əhalinin sıxlığı 3 respublika tabeli şəhərdən geri qalsa da, şəhər daxilindəki rayonlarda əhali sıxlığı qeyri-mütənasibdir və Qaradağ rayonu istisna olmaqla digər rayonların sıxlığı ölkə üzrə normadan (118 nəfər) çox yuxarıdır. 

Mənbə: DSK

Yuxarıdakı cədvəldə paytaxt Bakının rayonları üzrə əhali göstəriciləri verilib. Bakının əhalisi ən çox olan rayonu 329,6 min nəfərlə Sabunçu, ən az əhalisi olan rayonu isə 18,7 min nəfərlə Pirallahıdır. Əhali sıxlığının ən yüksək olduğu rayon Nəsimidir. Belə ki, bu rayonda hər 1 kvadrat kilometrə 21880 nəfər düşür. Cədvəldən də məlum olur ki, bu sıxlığa ən yaxın rayon Yasamaldır. Lakin Yasamal rayonundakı əhalinin sıxlığı Nəsimi rayonundakı sıxlıqdan təxminən 2 dəfə azdır. Sıxlığın ən az olduğu Bakı rayonu isə 107 nəfərlə Qaradağ rayonudur. Qeyd edək ki, Qaradağ həm də Bakının sahəcə ən böyük rayonudur. 

Həmçinin, Sosial Tədqiqatlar Mərkəzinin “Azərbaycanda daxili miqrasiya və urbanizasiyanın sosial aspekləri” adlı hesabatında bildirilib ki, 2018-ci ildə Bakının miqrasiya saldosu müsbət 35,7% təşkil edib. Bakıya  gələn miqrantların böyük hissəsi Xəzər, Sabunçu və Binəqədi rayonlarında yerləşib. 

Son olaraq qeyd edək ki, əhalinin sayı ilə bağlı yuxarıdakı məlumatlar rəsmi statistikaya əsasən verilən məlumatlardır. Lakin, əhalinin daxili miqrasiyası ilə bağlı rəsmi statistika olmaması Bakı və ona bitişik ərazilərdə  real məskunlaşma səviyyəsinin dəqiq müəyyənləşdirilməsini qeyri-mümkün edir. Lakin bəzi müstəqil tədqiqatçılar və araşdırma mərkəzləri Bakı və Abşeron yarımadasında əhalinin real sayının rəsmi statistikada əks olunandan xeyli yüksək olduğunu iddia edir. 

Məsələn, Bakı Araşdırmalar İnstitutunun (BAİ) bu mövzuda hazırladığı yazısında qeyd edilib ki, Abşeron rayonunda orta təhsildə xalis qeydiyyat əmsalının orta ölkə göstəricisindən təxminən 2,5 dəfə yüksək olması faktı bu rayonda real yaşayanların sayının rəsmi qeydiyyatda olan əhalidən ən azı 2 dəfə çox olmasına işarə edir: “Abşeron rayonunun inzibati mərkəzi olan Xıradalan şəhərində 2 saylı məktəb 1380 yerlik olsa da, təhsil alanların sayı bundan təxminən 4.5 dəfə çoxdur və faktiki 6177 şagird təhsil alır”. 

Bundan başqa təbii qaz və elektrik enerjisi istehlakında paya əsasən paytaxtda qeydiyyatda olan əhali ilə müqayisədə edərək real məskunlaşan əhali sayını da müəyyənləşdirmək olar. 

2022-ci ilin statistikasına əsasən, Azərbaycanda ümumilikdə əhali tərəfindən 4 milyard kubmetr, Bakı şəhərində isə əhali tərəfindən 1,5 milyard kubmetr qaz istehlak edilib. Yəni, ölkə üzrə təbii qaz istehlakının 37,5%-i Bakının payına düşür. Yenə həmin ilin statistikasına əsasən Azərbaycanda əhali tərəfindən ümumilikdə 6,6 milyard kv/saat, Bakı şəhərində isə 2,6 milyard kv/saat elektrik enerjisi istehlak edilib. Yəni, ölkə üzrə elektrik enerjisi istehlakının 39,4%-i Bakının payına düşür. Halbuki, Bakıda rəsmi qeydiyyatda olan əhali ölkə əhalisinin 23%-dən azdır.    

Beləliklə, rəsmi statistikaya görə paytaxt Bakı şəhəri əhali sıxlığına görə respublika tabeli 3 şəhərdən geridə qalsa da, onun ayrı-ayrı rayonlarındakı sıxlıq ölkə ortalamasından nəzərçarpacaq dərəcədə yüksəkdir. Həmçinin, müstəqillikdən indiki dövrə qədər Azərbaycandakı şəhər əhalisinin xüsusi çəkisi kənd əhalisini üstələyib. Buna baxmayaraq qonşu ölkələrin əksəriyyətindəki urbanizasiya səviyyəsi Azərbaycandan daha yüksək olub. Yazıda son olaraq vurğulanıb ki, Bakı və ətrafı ərazilərdəki əhalinin məskunlaşmasına dair rəsmi statistika real məskunlaşmanı dəqiq ifadə etmir və bir sıra alternativ məlumatlar real məskunlaşmış əhalinin sayının rəsmi statistikadan daha yüksək olduğunu göstərir. 

Analiz
  • 31 Yanvar, 2024
  • 1399

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə