logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Qızılca: 2022-ci ildə 1, 2023-cü ildə 1493 yoluxma

Qızılca: 2022-ci ildə 1, 2023-cü ildə 1493 yoluxma

2023-cü ilin aprel ayından etibarən Azərbaycan ərazisində qızılca xəstəliyinin sporadik yayılma halları başlayıb

“Fakt Yoxla” mövzunun əhəmiyyətli olduğunu nəzərə alaraq Azərbaycanda qızılca xəstəliyinə dair məlumatları analiz edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycanda 2022-ci ildə qızılcaya yoluxma sadəcə 1 nəfərdə qeydə alınıbsa, 2023-cü ilin yanvar-noyabr ayları arasında bu say 1493-ə çatıb (səh.121). Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, 2023-cü ilin noyabr ayı ərzində Azərbaycanda 2919 nəfər qızılca xəstəliyinə yoluxub.  Maraqlıdır ki, Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatla, ÜST-ün verdiyi məlumat arasında kəskin fərq var.  Hər iki statistikaya görə bu, son 23 il ərzindəki ən yüksək yoluxma olub. 2019-cu ildə yoluxma isə 337 nəfərdə qeydə alınıb. Yoluxma statistikasında xüsusən 2000-ci illərin əvvəlləri diqqəti cəlb edir. Belə ki, 2000-2023-cü illər aralığında ən yüksək ikinci yoluxma 2005-ci ildə 1238 nəfərdə qeydə alınıb. Başqa sözlə həmin il hər 100 min nəfərin 15-i qızılcaya yoluxub. 2023-cü il üçün də bu göstərici hər 100 min nəfərə 15 nəfərdir. 

Aşağıdakı cədvəldə yoluxma statistikası verilib. Qarşısında – işarəsi olan illərdə yoluxma qeydə alınmayıb. 

Azərbaycanda qızılcaya yoluxma halları, mənbə: DSK, DSK əlavə, Səhiyyə Nazirliyi

Cədvəldən də göründüyü kimi, qızılcaya yoluxma hallarında illər üzrə fərqli tendensiyalar yaranıb. Məsələn ən yüksək yoluxmanın qeydə alındığı ildən cəmi 1 il öncə 1, ondan öncəki ildə isə 0 yoluxma qeydə alınıb, həmçinin oxşar vəziyyət 2007, 2009, 2010, 2011 ,2012, 2015, 2016, 2017-ci illərdə də müşahidə olunub. 

Qızılcadan ölüm hallarına dair məlumata gəlincə isə, rəsmi olaraq bununla bağlı statistika açıqlanmır. Bu səbəbdən “Fakt Yoxla” TƏBİB-ə sorğu göndərərək ölümlərlə bağlı məlumatı dəqiqləşdirməyə çalışıb, cavab olaraq isə bu məlumatların TƏBİB-də olmadığı bildirilib. Statistika Komitəsindən də bu barədə məlumat almaq mümkün olmayıb. Mediada araşdırma zamanı məlum olub ki, digər saytlar da qızılcadan ölüm halları ilə bağlı aiddiyyatı qurumlardan məlumatı ala bilməyiblər. Məsələn, Oxu.az saytı yazıb ki, nə Dövlət Statistika Komitəsi, nə də Səhiyyə Nazirliyi bununla bağlı məlumat açıqlayıb: “Hər iki qurumdan bu rəqəmlərin onlarda olmadığı bildirilib” -deyə qeyd olunub. Rəsmi statistika açıqlanmasa da, mediadakı araşdırma nəticəsində 2023 il və 2024-cü ilin yanvarın 6-na qədər müddətdə ən azı 5 nəfərin qızılcadan öldüyü məlum olub

Səhiyyə Nazirliyi yoluxmanın əsasən uşaqlar arasında müşahidə edildiyini bildirib. Qeyd edilib ki, 2023-cü ildə qeydə alınan qızılca xəstələrinin yalnız 12%-i, yəni 35 nəfəri yaşlı insanlar olub. Nazirliyin məlumatına əsasən, epidemioloji təhlil göstərib ki, yoluxmanın əsas səbəbi peyvəndlərdən yayınma hallarıdır. Belə ki, qızılcaya yoluxan xəstələrin 95%-i profilaktik peyvənd təqviminə əsasən, peyvəndlənməyən uşaqlardır.

Bəs qızılca xəstəliyinə qarşı peyvəndlənmə ilə bağlı Azərbaycanda vəziyyət necədir?

Qızılca-Parotit-Məxmərək peyvəndinin vaksinasiyası 1-2 yaşa qədər olan uşaqları,  revaksinasiyası (II doza) isə 6 yaşlı uşaqları əhatə edir.

Son 10 il ərzində Azərbaycanda Qızılca-Parotit-Məxmərəyə qarşı profilaktik peyvəndlə əhatə olunmuş uşaqlar, %-lə

Mənbə: DSK

Cədvəldən də göründüyü kimi, 10 il əvvəllə müqayisədə 2022-ci ildə vaksinasiya edilən uşaqlar 5%-dən çox, revaksinasiya edilən uşaqlar isə 8%-ə yaxın azalıb. Bu illər ərzində ən aşağı vaksinlənmə faizi 2020-ci ildə baş verib. Belə ki, həmin il uşaqların yalnız 82,3%-i qızılca əleyhinə vaksin qəbul edib. 2023-cü ilin peyvəndlənmə statistikası hələ məlum olmasa da, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib ki, 2023-cü ilin dekabrın 20 günü ərzində Azərbaycanda 60 mindən çox uşaq qızılca əleyhinə peyvənd olunub.

Qeyd edək ki, son vaxtlar qızılca xəstəliyinin yayılmasının artması Avropada da müşahidə edilir. Belə ki, ÜST-ün məlumatına əsasən, 2023-cü il yanvar-oktyabr aylarında Avropada 53 üzv dövlətdən 40-da 30 mindən çox yoluxma halı qeydə alınıb.  Bildirilib ki, bu 2022-ci ildə qeydə alınmış 941 nəfərlə müqayisədə təxminən 30 dəfə çoxdur. 

Beləliklə, 2023-cü ildə Azərbaycanda qızılcaya yoluxma hallarında son  23 ilin ən yüksək göstəricisi qeydə alınıb. Bu xəstəlikdən ölüm halları rəsmi açıqlanmayıb, göndərilən sorğulara da ölümlərlə bağlı cavab almaq mümkün olmayıb. Buna baxmayaraq media araşdırması nəticəsində məlum olub ki, ən azı 5 nəfər qızılcaya yoluxaraq vəfat edib.

Analiz
  • 8 Fevral, 2024
  • 732

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə