logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Razi Nurullayev: Dünyada heç bir hökumət təbii fəlakətdən dəyən zərərə görə vətəndaşa ödəniş etmir

Razi Nurullayev: Dünyada heç bir hökumət təbii fəlakətdən dəyən zərərə görə vətəndaşa ödəniş etmir

Xəbərin qısa icmalı

Bakıda yağan yağışlar nəticəsində vətəndaşlara dəyən zərərin dövlət tərəfindən aradan qaldırılması ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayev çıxışında bildirib ki, normadan artıq yağan yağışlara görə vətəndaş evini, əşyasını itirir, sonra gözləyir ki, görək dövlət ona ev, mebel verəcəkmi, təmir edəcəkmi? Onun sözlərinə görə dünyanın heç bir yerində bunu hökumət etmir, sığorta şirkətləri edir.

2021-ci ildə Almaniyanın qərb bölgələrində baş verən daşqın nəticəsində 200-dən çox insan həyatını itirdi və 46 milyard avro itki oldu. Bu itkinin yalnız 11 milyard avrosu sığorta tərəfindən ödənildi. Mərkəzi hökumət isə binaları təmir etdi, yerli infrastruktur qurdu və fəlakətin nəticələrini aradan qaldırdı. Almaniyada təbii fəlakətlərin nəticələrinə görə əvvəlcədən tədbirlər görülsə də, hökümət zərərin miqyasını nəzərə alaraq yalnız sığorta ilə kifayətlənmədən, əhali üçün əlavə maliyyə vəsaiti ayırıb.

- Rusiyada təbii fəlakət baş verdikdə, dəymiş zərərin ödənilməsi tamamilə dövlətin üzərinə düşür. Bununla əlaqədar olaraq, hökumət uzun müddətdir ki, digər maliyyə institutları vasitəsilə təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün dövlətin maliyyə yükünün azaldılmasına çalışır.

- Türkiyədə isə yaşanan təbii fəlakətlər nəticəsində əhaliyə dəyən zərərin qarşılanması üçün xüsusi  Təbii Fəlakətdən Sığorta Təşkilatı (TFST) mövcuddur. Vətəndaşlar daşınar və ya daşınmaz əşyaları qismən və ya tam zədələndikdə bu təşkilatdan maddi ziyanın ödənilməsini istəyə bilər.

Bakıda yağan yağışlar nəticəsində vətəndaşlara dəyən zərərin dövlət tərəfindən aradan qaldırılması ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayev çıxışında bildirib ki, normadan artıq yağan yağışlara görə vətəndaş evini, əşyasını itirir, sonra gözləyir ki, görək dövlət ona ev, mebel verəcəkmi, təmir edəcəkmi? Onun sözlərinə görə dünyanın heç bir yerində bunu hökumət etmir, sığorta şirkətləri edir.

Fakt Yoxla” deputatın iddiasının doğru olub olmadığını yoxlayıb.

Normadan artıq yağıntı səbəbindən vətəndaşlara dəyən zərəri dövlətin ödəməsi mövzusunu araşdırarkən ümumilikə təbii fəlakət kimi fövqəladə hallarda dövlətin öhdəliklərinin nələr olduğunu nəzərdən keçirəciyik. 

Azərbaycan Respublikasında təbii fəlakət kimi fövləlaqdə hadisələrin nəticələrinin aradan qaldırılması üçün dövlətin vəzifələrindən biri maliyyə vəsaiti ehtiyatları yaratmaqdır (“Mülki Müdafiə haqqında” Qanun, maddə 6). Həmçinin fövqəladə hadisələr nəticəsində səhhətinə və əmlakına dəymiş ziyana uyğun ödənclər almaq da vətəndaşların hüquqlarına aid edilib (maddə  9, bənd 5). Fövqəladə hadisənin və onun nəticələrinin aradan qaldırılması tədbirləri hadisə yerində yerləşən hüquqi şəxslərin, dövlət və yerli büdcələrin (xərclərin), sığorta fondlarının vəsaitləri və digər maliyyə mənbələri hesabına Nazirlər Kabineti tərəfindən aparılır. Göstərilən vəsaitlər kifayət etmədikdə dövlət büdcəsinin ehtiyat fondundan qanunvericilik ilə müəyyən olunmuş qaydada vəsait ayrılır (maddə 17). Bu qanundan aydın olur ki, Azərbaycan Respublikasında sığorta ödənişləri vətəndaşların mülki müdafiəsini təşkil etmək üçün alternativ maliyyə mənbəyidir. 

Sığorta ödənişləri təbii fəlakətdən sonra dövlətin üzərinə düşən maddi öhdəlikərin azaldılması üçün əlverişli vasitə olsa da, ölkəmizdə bu sahədə ciddi problemlər var. Belə ki, 2011-ci ildə qəbul olunmuş “İcbari Sığorta haqqında” Qanuna əsasən daşınmaz əmlaka malik hər bir şəxs həmin daşınmaz əmlak barəsində məcburi olaraq sığorta müqaviləsi bağlamalıdır (maddə 3.1.1). Əmlakın sığortası müqaviləsi isə həm də əmlakın, onun ərazisində və ya içərisində yerləşən başqa əmlakla birlikdə, yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsini nəzərdə tutur (“Sığorta fəaliyyəti haqqında” AR Qanunu, maddə 14.3.2.1). Qeyd olunan daşınmaz əmlakın icbari sığorta müqaviləsinin bağlanmamasına görə İnzibati Xətalar Məcəlləsində fiziki şəxslərin otuz manat məbləğində, vəzifəli şəxslərin səksən manat məbləğində, hüquqi şəxslərin iki yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutlsa da (maddə 469.1), qanunun icrasına hələ də başlanmayıb.  Qanuna görə bu cərimələri tətbiq etmək  səlahiyyəti yerli icra hakimiyyəti orqanlarına məxsus olsa da, cərimənin tətbiq edilməsi üçün mexanizm yaradılmayıb.

Azərbaycanda sığorta sisteminin arzu edilən səviyyədə inkişaf etməməsinin əsas səbəblərindən biri sənədsiz evlərinin sayının çoxluğudur ki, mülkiyyətçilər bu mənzilləri və həmin mənzildə olan əşyaları sığorta etdirə bilmir. Mülki Məcəlləyə görə özbaşına tikili aparmış şəxs ona dair əqd bağlaya bilməz (maddə 180.2), bu səbəbdən həmin əmlaklar barəsində sığorta müqaviləsi bağlanması mümkün deyil. Təxmini rəqəmlərə əsasən hazırda Azərbaycanda 500 minə yaxın qeydiyyatsız ev var ki, onların böyük əksəriyyəti Bakı və Bakıətrafı ərazilərdə yerləşir. 

Sığorta sahəsinin Azərbaycanda arzu edilən səviyyədə inkişaf etməməsinin digər səbəbi də bu sahənin inhisara alınmasıdır. Belə ki, 2023-cü ilin 1-ci rübü üzrə sığorta şirkətlərinin bazar payları barəsində statistikaya əsasən, “Paşa Həyat Sığorta” ASC 36.1 faiz payla birinci,  “Paşa Sığorta” ASC 30.3 faiz payla ikinci olub, üçüncü yerdə isə 8.7 faiz payla “Qala Həyat” ASC göstərilib. Bu hal sığorta bazarında şirkətlərin rəqabət aparmasını çətinləşdirir və bazarın inkişafı üçün maneələr yaradır. 

Bundan başqa sığorta şirkətlərinin sığorta ödənişlərini ödəməkdən boyun qaçırması ilə bağlı şikayətlərin çoxluğu əhali arasında bu sahəyə marağın artmasına maneə olur. Statistikaya baxdıqda da məlum olur ki, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycandakı sığorta şirtkətləri əmlakın yanğından və digər risklərdən sığortası üçün 21 milyon 327 min manat sığorta haqqı toplayıb ki, bunun yalnız 274 min 700 manatını sığorta ödənişi olaraq geri qaytarıb.

İnkişaf etmiş ölkələrdə isə təbii fəlakətlərin vurduğu zərəri minimum həddə salmaq üçün əvvəlcədən müxtəlif fəaliyyət planları həyata keçirilir. Məsələn, Almaniyada Federal Mülki Müdafiə və Fəlakətlərə Yardım Agentliyi fəlakətləri və mülki müdafiəni əhatə edən risk qiymətləndirmə planı hazırlayır və həyata keçirilməsi üçün yerli hökumətlərə göndərir. Sözügedən risklərin qiymətləndirilməsi planı və əlaqəli proqram təminatı; təhlükə dərəcəsinə, baş vermə ehtimalına və zərərin miqyasına əsaslanan əsaslı risk qiymətləndirmə yanaşması yaradılır. Hərtərəfli risk qiymətləndirməsi əsasında səlahiyyətli ekspertlər daşınmaz əmlaklara daşqınlara qarşı davamlılıq sertifikatı verir. Yerli hökumət sözügedən sertifikatlaşdırma şərtlərini yerinə yetirmək üçün vətəndaşlara qrant və kredit dəstəyi verir. Bu tədbirlərə baxmayaraq, 2021-ci ildə Almaniyanın qərb bölgələrində baş verən daşqın nəticəsində 200-dən çox insan həyatını itirdi və 46 milyard avro itki oldu. Bu itkinin yalnız 11 milyard avrosu sığorta tərəfindən ödənildi. Mərkəzi hökumət isə binaları təmir etdi, yerli infrastruktur qurdu və fəlakətin nəticələrini aradan qaldırdı. Almaniyada təbii fəlakətlərin nəticələrinə görə əvvəlcədən tədbirlər görülsə də, hökümət zərərin miqyasını nəzərə alaraq yalnız sığorta ilə kifayətlənmədən, əhali üçün əlavə maliyyə vəsaiti ayırıb.

Rusiya Fedrasiyasında "Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması haqqında"  Federal Qanunun müddəalarına uyğun olaraq, Rusiya Federasiyasının vətəndaşları fövqəladə hallar nəticəsində onların sağlamlığına və əmlakına dəymiş ziyana görə kompensasiya almaq hüququna malikdirlər. Hazırda Rusiyada təbii fəlakət baş verdikdə, dəymiş zərərin ödənilməsi tamamilə dövlətin üzərinə düşür. Bununla əlaqədar olaraq, hökumət uzun müddətdir ki, digər maliyyə institutları vasitəsilə təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün dövlətin maliyyə yükünün azaldılmasına çalışır. Bu istiqamətdə əmlak sığortası sisteminə dəyişiklik etməklə, əhaliyə və müəssisələrə dəyən zərərin ödənilməsi üzrə öhdəliklərin qismən sığorta şirkətlərinə verilməsi üçün işlər görülür. 

Türkiyədə isə yaşanan təbii fəlakətlər nəticəsində əhaliyə dəyən zərərin qarşılanması üçün xüsusi  Təbii Fəlakətdən Sığorta Təşkilatı (TFST) mövcuddur. Vətəndaşlar daşınar və ya daşınmaz əşyaları qismən və ya tam zədələndikdə bu təşkilatdan maddi ziyanın ödənilməsini istəyə bilər. Həmçinin təbii fəlakət nəticəsində ailə üzvlərini və ya öz sağlamlıq imkanlarını itirməsinə görə də vətəndaşlar təzminat almaq hüququna malikdir.

Azərbaycan da qonşu dövlətlər kimi hazırda sığorta sisteminə keçməkdə olan ölkə olduğu üçün təbii fəlakətlərdən dəyən zərərin tam şəkildə sığorta ödənişləri hesabına ödənilməsi real deyil. Sığorta ödənişləri təbii fəlakətin vurduğu zərərin aradan qaldırılması zamanı dövlətin üzərinə düşən yükün azalması üçün ideal vasitə olsa da, bu sahədə ciddi tənzimləməyə və əhali tərəfindən bu xidmətdən istifadənin genişləndirilməsinə ehtiyac var. Almaniya nümunəsindən də göründüyü kimi bu sistem tam şəkildə təşkil olunsa belə bəzi təbii fəlakətlərin vurduğu zərəri tam qarşılaması mümkün olmaya bilər. 

Azərbaycanda da yaxın dövr ərzində təbii fəlakət nəticəsində ziyan dəymiş evlərin dövlət tərəfindən təmir olunmasına aid nümunələr var.  AR Prezidenti 2019-cu ildə Ağsu və Şamaxı rayonlarında baş vermiş zəlzələ nəticəsində yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı sərəncam verib. Sərəncama əsasən  işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ağsu Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.  Bu təcrübənin son günlərdə yağışlar nəticəsində əmlakı zərər çəkmiş vətəndaşlara da tətbiq edilməsi zəif inkişaf etmiş sığorta bazarı nəticəsində vətəndaşların mülkiyyətinin müdafiəsi üçün vacibdir.

Beləliklə, yuxarıda gördüyümüz kimi, hətta dünyanın inkişaf etmiş ölkələrində belə sığorta ödənişləri təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün kifayət etmir və dövlət büdcəsindən bu məqsədlə əlavə vəsait ayrılır.

Fakt Yoxla”nın gəldiyi nəticəyə görə iddia yanlışdır.

“Musavat.com”

“E-qanun”, “Mülki müdafiə haqqındaAzərbaycan Respublikası Qanunu

“E-qanun”, “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunu

“E-qanun”, “Sığorta fəaliyyəti haqqında”  Azərbaycan Respublikası Qanunu

“E-qanun”, İnzibati Xətalar Məcəlləsi

Sığorta sinifləri üzrə statistika göstəriciləri

“E-qanun”,  Mülki Məcəlləsi

 “Referans.az” https://www.referans.az/article/70112

“cyberleninka.ru

“admivanovskoe.ru

hayatadestek.org

afad.gov.tr

AR Prezidentinin 15 noyabr 2019-cu il  tarixli, № 1567 Ağsu rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamı

Yanlış
  • 13 Noyabr, 2024
  • 309

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə