Biz kimik?

“Fakt Yoxla” (Fact Check) Azərbaycan cəmiyyətinə siyasi xəbər və informasiyaların  tərəfsiz çatdırılmasını nəzərdə tutan, həmçinin ictimaiyyətin manipulyasiyaya məruz qalmasının qarşısının alınması üçün həyata keçirilən təşəbbüsdür.

Hazırda “Fakt Yoxla” siyasət, hüquq, insan hüquqları, sosial və iqtisadiyyat sahələrində faktların yoxlanmasını həyata keçirir.

Layihənin hədəflərinə aşağıdakılar daxildir:

1. İctimai fiqurların səsləndirdiyi ifadələrin həqiqətəuyğun olub-olmadığını, siyasətçilərin vədlərinə əməl edib-etmədiklərini yoxlamaq;
2. Qanunvericiliyin monitorinqi və qanunların praktikada nə dərəcədə səmərəli tətbiq edildiyinə  nəzarət etmək;
3. Azərbaycanın beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəlikləri hansı səviyyədə yerinə yetirdiyini və ölkədə qəbul olunmuş qanunların ümumbəşəri dəyər olan insan hüquqlarına uyğun olub-olmadığını araşdırmaq;
4. Mediada, müxtəlif  internet resurslarda gedən yalan xəbərləri aşkarlamaq və ictimaiyyəti məlumatlandırmaq:

“Fakt Yoxla” Beynəlxalq “Fact-checker” şəbəkəsinin Prinsiplər kodeksini öz faktyoxlama meyarlarına daxil etmişdir. Lakin kodeksin prinsipləri ölkə şərtləri nəzərə alınmaqla tətbiq olunur. Həmçinin “Fakt Yoxla” öz fəaliyyətində www.politifact.comwww.factcheck.ge resurslarının təcrübələrinə istinad edir.

İctimai şəxslərin ifadələrində deyilmiş faktların düzgünlüyü aşağıdakı mümkün informasiya resursları vasitəsilə yoxlanılır:

1. Rəsmi dövlət qurumlarının veb-saytlarını istifadə etməklə;
2. “Fakt Yoxla” üzvü tərəfindən ictimai məlumat almaq üçün göndərilmiş rəsmi sorğu vasitəsilə;
3. İnternetdə hökumət və qeyri-hökümət təşkilatlarının, xəbər agentliklərinin, media qurumlarının, tədqiqat institutlarının və digər oxşar qurumların hesabatlarını, araşdırmalarını və ifadələrini axtarmaqla;
4. İctimai şəxslərdən, həmçinin onların media əlaqələndiricilərindən müsahibə götürməklə.

“Fakt Yoxla”nın komandası ictimaiyyətə, seçicilərə, həmçinin siyasətçilərə ölkə gündəmində doğruları müəyyən etməyə yardımçı olur. Bu da siyasətçilərin ictimai hesabatlılığının artırılmasına, faktlara əsaslanan və faktlarla dəstəklənən siyasi ritorikanın inkişafına kömək edir.

“Fakt Yoxla”nın güman olunan aktiv istifadəçiləri aşağıdakılardır: Parlament, hökumət üzvləri, nazirliklər və digər dövlət qurumlarının əməkdaşları, yerli özünüidarəetmə strukturlarının üzvləri və qulluqçuları, siyasətçilər, diplomatlar, xarici missiyaların rəhbərləri, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri, mütəxəssislər, tələbələr, gənc sahibkarlar, təhsil və digər sahələrdə fəaliyyət göstərən gənclər.

“Fakenews”

Saxta xəbər təbliğatının tərkib hissəsidir və onu həyata keçirmək üçün zəruri bir vasitə kimi qəbul edilir.  Saxta xəbərin hamı tərəfindən qəbul edilmiş hər hansı bir tərifi yoxdur, lakin ümumi rəyə əsasən müəyyən bir məlumat mənbəyinin populyarlaşması və ya bəlli bir qrupun siyasətinin həyata keçirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrinin yaydığı yalan və ya yanlış məlumatdır.