logo logo

Deyilənlərə yox, faktlara inanın

Hüquq

“Azadlıq Radiosu” Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərir?

“Azadlıq Radiosu” Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərir?

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev COP29 tədbirinin açılış mərasimində “Azadlıq Radiosu”nun jurnalistinin insan haqları ilə bağlı sualına cavab olaraq, “... Azərbaycan Respublikasında qeyri-qanuni fəaliyyət göstərməyinizə baxmayaraq “Azadlıq Radiosu”nun əməkdaşı olaraq siz də iştirak edirsiniz” deyərək, “Azadlıq Radiosu”nun akkreditasiyaya almadan fəaliyyət göstərməsini qanunsuz fəaliyyət adlandırıb.

“Fakt Yoxla” Prezidentin köməkçisinin iddiasını analiz edib.

“Azadlıq Radiosu” (“Radio Free Europe/Radio Liberty”nin Azərbaycan xidmətinin adıdır) Amerika hökuməti tərəfindən maliyyələşdirilən, Şərqi Avropa, Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərqdə xəbərlər, məlumatlar, təhlillər və hesabatlar dərc edən beynəlxalq media təşkilatıdır. 2004-cü ildə nümayəndəliyi vasitəsilə Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək, Azərbaycanda fəaliyyətə başlayıb (AİHM qərar, Azadlıq Radiosu və başqaları Azərbaycana qarşı).

“Azadlıq Radiosu”nun fəaliyyətinin qanunsuz hesab edilib-edilmədiyini bilmək üçün hazırda qüvvədə olan “Media haqqında” Qanunun müvafiq normalarına baxmaq lazımdır. Qanunun 73.1-ci maddəsi Media İnkişafı Agentliyinə ölkədəki bütün jurnalistləri və media subyektlərini bir mərkəzdə qeydiyyatdan keçirmək üçün Media Reyestrini yaratmaq hüququ verir. Bu, Azərbaycan Prezidenti tərəfindən formalaşdırılan Medianın İnkişafı Agentliyinin nəzarəti altında fəaliyyət göstərən, məlumatların toplandığı mərkəzi reyestrdir. Reyestrdə qeydiyyatdan keçmək istəyən media subyektləri və jurnalistlər üçün xüsusi şərtlər müəyyən olunub və bu şərtlər reyestrdə qeydiyyat üçün mütləqdir. Lakin, hökümət reyestrdə qeydiyyatdan keçməyən və qeydiyyatdan keçmək üçün tələb olunan şərtlərə cavab verməyən media qurumlarının fəaliyyətinin necə olacağına aydınlıq gətirməyib. 

“Azadlıq Radiosu”nda fəaliyyət göstərən media nümayəndələrinin akkreditasiyası qaydaları isə Qanunun 11-ci maddəsi ilə Xarici İşlər Nazirliyinə həvalə edilib. Xarici İşlər Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikasında xarici media nümayəndələrinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında 2022-ci il 1 avqust tarixli Qərarı ilə akkreditasiya qaydalarını müəyyən edir. Qərar qəbul olunduğu dövrdə “Azadlıq Radiosu” artıq 14 il idi ki, Azərbaycanda fəaliyyət göstərirdi.

Media Reyestrində nə qədər media subyektinin qeydiyyatdan keçdiyi, qeydiyyata alınmayan media subyektlərinin fəaliyyəti haqqında rəsmi məlumatlar ictimaiyyətə təqdim olunmayıb. Bu məsələ ilə bağlı Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci ilin yekunlarına dair hesabat konfransında qeyd edib ki, müraciət edənlərdən 160-a yaxın media subyektinə müsbət cavab verilib, digərlərinin müraciətləri baxılmaqdadır. Onun sözlərinə görə, qeydiyyatdan keçməyən media subyektləri məhkəməyə veriləcək və onların fəaliyyətini davam etdirib-etdirməməsi məsələsinə məhkəmə qərar verəcək. Məhkəmənin media subyektinin fəaliyyətini dayandırması haqqında qərarı isə Azərbaycan Respublikasının Konstitusiyasına və tərəfdar olduğu bir sıra beynəlxalq sənədlərlə ifadə azadlığı hüququnu təmin etməklə bağlı öhdəliyinə uyğun şəkildə həyata keçirilməlidir. Konstitusiya görə, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var və kütləvi informasiyanın azadlığına təminat verilir. O cümlədən, mətbuatda dövlət senzurası qadağandır (maddə 50, bənd I və II). Həmçinin Avropa İnsan Hüquqları Konvensiyası (maddə 10) və Mülki və Siyasi Hüquqlar haqqında Pakt (maddə 19) ilə hər kəs hakimiyyət orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq məlumat və ideyaları almaq və yaymaq hüququna malikdir. Ümumi tələblərə gəldikdə, hər iki sənəd üzv dövlətlərə ifadə azadlığı hüququnu məhdudlaşdırmağa imkan verir. AİHK-nın 10-cu maddəsi baxımından məhdudiyyətlər iğtişaşların və ya cinayətin qarşısının alınması, məxfi şəkildə alınan məlumatların açıqlanmasının qarşısının alınması və hakimlərin səlahiyyətlərinin və qərəzsizliyinin qorunması hallarında tətbiq edilə bilər. Dövlətlər ifadə azadlığına dair məhdudiyyətləri tətbiq edərkən Avropa İnsan Haqları Məhkəməsinin müvafiq məhkəmə hüququnun inkişaf etdirdiyi “üç hissəli test”-ə əməl etməlidir (AİHM qərar, The Sunday Times Birləşmiş Krallığa qarşı):

1) Məhdudiyyətlər qanunda nəzərdə tutulmalıdır. Lakin normanın qanun kimi qəbul edilməsi üçün o, qanunun keyfiyyəti prinsipinə cavab verməlidir, yəni müvafiq şəxsə öz davranışını tənzimləmək imkanı vermək üçün kifayət qədər dəqiqliklə tərtib edilməlidir (AİHM qərar,  Perinçe İsveçrəyə qarşı) və mütənasiblik prinsipinin tələbi olaraq, minimum məhdudlaşdırıcı tədbir tətbiq edilməlidir (AİHM qərar, Tağıyev və Hüseynov Azərbaycana qarşı). 

2) 10.2-ci maddədə sadalanan legitim məqsədlərindən azı birini (milli təhlükəsizlik, ictimai təhlükəsizlik maraqları, cinayətlərin qarşısının alınması və s.) ehtiva etməlidir; 

3) Demokratik bir ölkədə yuxarıda sadalanan legitim məqsədlər naminə ifadə azadlığına məhdudiyyət qoymaq zəruri və labüd olmalıdır.

Daxili məhkəmələr hər hansı media subyektinin fəaliyyətini qanunsuz hesab edib dayandırmaq üçün yuxarda qeyd olunan 3 mərhələli testə uyğun davranmalıdır. Həmçinin məhkəmə müəyyən edir ki, məhdudiyyət və cəzalar mətbuatın tənqidi ifadə etməsini məhdudlaşdırmağa, jurnalistləri ictimai müzakirələrə qatılmaqdan çəkindirməyə, mətbuatın məlumat yaymaq və ictimai nəzarət funksiyasını yerinə yetirməsini əngəlləməyə yönəlməməlidir  (AİHM, Bedat İsveçrəyə qarşı qərar).

“Azadlıq Radiosu”nun 2009-cu ildən etibarən müxtəlif təzyiqlərlə üzləşməsi və xəbər saytının bloklanması ilə bağlı AİHM-nin qərarında bildirilir ki, radioya olan müdaxilələr Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinin “qanunla nəzərdə tutulmuş” tələbinə cavab vermir və məhkəmə bunu pozuntu olaraq tanıyıb.

“Media haqqında” Qanun qəbul edilərkən beynəlxalq qurumlar tərəfindən də müsbət qarşılanmayıb və bu qurumlar Azərbaycanı ifadə azadlığı hüququna hörmət etməyə çağırıblar. Belə ki,  10 fevral 2022-ci ildə Mərkəzi ofisi Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) və Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı qanunun azad, müstəqil, senzurasız media və plüralizm prinsiplərinə zidd olaraq media sahəsini və jurnalistika peşəsini həddindən artıq tənzimlədiyinə görə onun ləğvinə çağırış ediblər.

Avropa Şurası Venesiya Komissiyası isə 20 iyun 2022-ci ildə açıqladığı rəyində bildirib ki, Media Reyestri ya ləğv edilməli, ya da jurnalistlərin və media subyektlərinin reyestrə daxil edilməsi üçün detallı şəxsi məlumatların verilməsi də daxil olmaqla həddən artıq məhdudlaşdırıcı şərtlər, təhsillə və fəaliyyətin davamlılığı ilə bağlı tələblər Qanundan çıxarılmalı, cəmiyyətin məlumatlandırılması üçün geniş spektrdə çalışan subyektlərin öz fəaliyyətlərini həyata keçirə bilmələri təmin edilməlidir.

Fakt Yoxla”nın gəldiyi qənaətə görə media subyektinin fəaliyyətinin qanunsuz hesab edilməsi üçün barəsində çıxarılmış məhkəmə qərarı olmalıdır. Məhkəmə qərarı isə AİHM-nin müəyyən etdiyi testə uyğun olmalıdır. “Azadlıq Radiosu”nun 2004-cü ildən Ədliyyə Nazirliyində qeydiyyatda olması onun fəaliyyətinin şəffaflığı və hüquqi stastunun müəyyən olunması üçün əsas verir və qanunsuz fəaliyyətdə ittiham olunması üçün hüquqi əsas yoxdur.

“E-qanun”, “Media haqqında” Azərbaycan Respublikası Qanununu

Xarici İşlər Nazirliyinin Kollegiyasının “Azərbaycan Respublikasında xarici media nümayəndələrinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında Qərar

Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci ilin yekunlarına dair hesabat konfransında

AİHM qərar, The Sunday Times Birləşmiş Krallığa qarşı

AİHM qərar,  Perinçe İsveçrəyə qarşı

AİHM qərar, Tağıyev və Hüseynov Azərbaycana qarşı

AİHM, Bedat İsveçrəyə qarşı qərar

AİHM qərar, Azadlıq Radiosu və başqaları Azərbaycana qarşı

Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi çağırışı

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç bu gün açıqladığı çağırış məktubu

Venesiya Kommisiyası “Media haqqında” Qanuna dair rəy

“E-qanun”, Azərbaycan Respublikasının Konstitusiyası

Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt

“E-qanun”, Avropa İnsan Hüquqları haqqında Konvensiya

Analiz
  • 21 Noyabr, 2024
  • 861

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə