logo logo

Deyilənlərə yox, faktlara inanın

Hüquq

Söyüdlü kəndinə giriş-çıxışın məhdudlaşdırılması qanunvericiliyin tələblərinə uyğundurmu?

Söyüdlü kəndinə giriş-çıxışın məhdudlaşdırılması qanunvericiliyin tələblərinə uyğundurmu?

İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri həmin ərazidə yerləşən qızıl mədənindən zəhərli tullantıların axıdılmasına etiraz məqsədi ilə aksiya keçiriblər. Bu zaman əraziyə yeridilən polis qüvvələri ilə etirazçılar arasında qarşıdurma yaranıb. Polisin qeyri-adekvat güc tətbiq etməsi nəticəsində onadək kənd sakini xəsarət alıb, 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib. Bundan sonra kəndin giriş-çıxışı bağlanıb, kənd sakinlərindən başqa heç kim, xüsusən də media nümayəndələri kəndə buraxılmır. Sakinlərə isə yalnız sənədləri yoxlandıqdan sonra kənddən çıxmağa və geri qayıtmağa icazə verilir. 

“Fakt Yoxla” Söyüdlü kəndində sərbəst hərəkətin məhdudlaşdırılmasının qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını yoxlayıb.

Konstitusiyanın 28-ci maddəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və ölkə ərazisindən kənara gedə bilər. Bu hüquq Azərbaycanın qoşulduğu Avropa İnsan Haqları Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsində də təsbit olunub. Konvensiyaya görə, sərbəst hərəkət etmək hüququ yalnız qanuna müvafiq olaraq tətbiq edilən və demokratik cəmiyyətdə ictimai maraqların qorunmasını hədəfləyən məhdudiyyətlərə məruz qala bilər. 

Oxşar şəkildə, Azərbaycan Konstitusiyasının 71-ci maddəsində də qeyd olunur ki, hər kəsin hüquq və azadlıqları Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Belə ki, müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. Buradan aydın olur ki, digər insan hüquq və azadlıqları kimi sərbəst hərəkət etmək hüququnun məhdudlaşdırılması üçün də Konstitusiyanın 71-ci maddəsində sadalanan əsasların olması lazımdır. 

Konstitusiyanın 111-ci və 112-ci maddələrində isə müvafiq olaraq hərbi və fövqəladə vəziyyətin tətbiq olunması proseduru müəyyən edilib. Belə ki, zəruri əsaslar yarandıqda Azərbaycan Respublikasının Prezidenti hərbi (fövqəladə) vəziyyət elan (tətbiq) edir və bu barədə fərmanı 24 saat ərzində Milli Məclisin təsdiqinə verir. Bu zaman hərbi və ya fövqəladə vəziyyətin tətbiq olunduğu ərazilərdə sərbəst hərəkət etmək hüququ da məhdudlaşdırıla bilər. Burada önəmli məqam odur ki, hərbi və ya fövqəladə vəziyyətin tətbiqi üçün Prezident fərman verməli və parlament onu 24 saat içində təsdiqləməlidir.

Bundan əlavə, “Dini ekstremizimə qarşı mübarizə haqqında” Qanunda nəzərdə tutulan dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejimi var ki, bu zaman Prezidentin fərmanına ehtiyac duyulmur. Həmin qanunun 7-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında nəqliyyat vasitələrinin və piyadaların hərəkətini müvəqqəti məhdudlaşdıra və ya qadağan edə, həmçinin ərazinin müəyyən sahələrinə və obyektlərə nəqliyyat vasitələrini və piyadaları buraxmaya bilər. Həmçinin, “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunun 9-cu maddəsində terror əleyhinə aparılan əməliyyat zonasında da bu tipli məhdudlaşdırıcı tədbirlərin həyata keçirilə biləcəyi nəzərdə tutulub. 

Söyüdlü kəndində isə nə hərbi və ya fövqəladə vəziyyət elan edilib, nə də dini ekstremizm və ya terrorçuluğa qarşı əməliyyat aparılır. Bu baxımdan həmin ərazidə hərəkətin məhdudlaşdırılması üçün Konstitusiya və qanunlarda nəzərdə tutulan əsaslar yoxdur. Bu isə həmin kənd ərazisinə daxil olmağa icazə verilməyən şəxslərin sərbəst hərəkət etmə hüququnun pozulmasına yol açır.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə əsasən, Söyüdlü kəndinə giriş-çıxışın məhdudlaşdırılması qanunvericiliyin tələblərinə ziddir.

Analiz
  • 10 İyul, 2023
  • 1181

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə