logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Aydın Mirzəzadə: “Vaxtilə Qarabağ probleminin həllinə istiqamətlənmiş maliyyə vəsaiti indi sosial problemlərə yönəldilir”

Aydın Mirzəzadə: “Vaxtilə Qarabağ probleminin həllinə istiqamətlənmiş maliyyə vəsaiti indi sosial problemlərə yönəldilir”

“Ordunun saxlanması, məcburi köçkünlərin yaşayışının təmini, onlara müavinətlərin verilməsi, övladlarının ali məktəblərdə təhsil haqlarının ödənilməsi və s. hamısı xərcdir. Şükürlər olsun ki, bu, artıq keçmişdə qaldı, bu ilin dövlət büdcəsi əvvəlki ilə müqayisədə xeyli artıb. Çünki vaxtilə Qarabağ probleminin həllinə istiqamətlənmiş maliyyə vəsaiti indi iş yerlərinin açılması, vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması kimi işlərə sərf edilir”. Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından olan  deputatı Aydın Mirzəzadə belə deyib . 

“Fakt Yoxla” deputatın iddiasının doğru olub-olmadığını araşdırıb.

2020-ci ildə Azərbaycanla Ermənistan arasında 44 gün davam edən müharibədən sonra Azərbaycan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsinə və ətraf yeddi rayona (Laçın şəhərindən keçən 5 km. dəhliz istisna olmaqla) nəzarəti bərpa edib. Müharibənin dayandırılması ilə bağlı Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanan 10 noyabr bəyanatının 7-ci bəndində məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı nəzərdə tutulub. 

Aydın Mirzəzadənin bu açıqlamasına görə,  Vətən müharibəsindən sonra məcburi köçkünlərə ayrılan xərclər daha aktual olmadığından bu ilin dövlət büdcəsi ötən illə müqayisədə çox olub. Deputat onu da vurğulayıb ki, məcburi köçkünlərə ayrılan xərclər artıq yeni iş yerlərinin açılmasına, sosial problemlərin həllinə yönəldilir. Əslində, vəziyyət Mirzəzadənin iddia etdiyi kimi deyil.

Belə ki, gələn il məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə 367,4 milyon manat vəsait ayrılacaq. Bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 0,8 faiz çoxdur. 2022-ci ilin büdcəsində məcburi köçkün statusu olan və onlara bərabər tutulan şəxslərə  60 manat olmaqla vahid aylıq müavinətin verilməsi üçün 340 milyon manat, onların istehlak etdiyi kommunal xidmətlərin haqqının qarşılanması üçün 19,6 milyon manat, digər tədbirlər üçün isə 4,8 milyon manat vəsait nəzərdə tutulub.

Amma məsələ gələn ilin büdcə xərcləri ilə də yekunlaşmır. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 3-cü maddəsində deyilir ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirləri onların əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində qüvvədədir.

Bu o deməkdir ki, müharibədən sonra məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlər dayandırılmayıb. Qanuna görə, məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə qayıtdıqdan sonra da bir neçə il bu imkanlardan yararlana biləcəklər. Azad olunmuş ərazilərə əhalinin köçürülməsi prosesinin hələ başlamadığını nəzərə alsaq, məcburi köçkünlərin bu hüquqları hələ qarşıdakı illərdə də qüvvədə olacaq. 

Ordunun saxlanması xərclərinə gəlincə, Maliyyə naziri Samir Şərifov parlamentdə 2022-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı bildirib ki, Vətən müharibəsi zamanı istifadə və çıxdaş olunmuş silah və sursatların, hərbi texnikaların yenilənməsi, o cümlədən bir sıra hərbi texnika və avadanlıqların ehtiyatlarının yaradılması və bərpası üçün gələn ilin dövlət büdcəsindən əlavə olaraq 500 milyon manat vəsait ayrılacaq. Gələn ilin büdcəsində Qarabağın bərpası ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün ayrılamış vəsaitin həcmi isə, 2,2 milyard manatdır.

Beləliklə, məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə  gələn ilin dövlət bücəsinin  xərcərində nəzərdə tutulan vəsait 2020-ci illə müqayisədə 0,8 faiz artırılıb. Bundan başqa, Qarabağdan olan məcburi köçkünlər onlar üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən əvvəlki yaşayış yerlərinə qayıdandan sonra üç il müddətinə  istifadə edə biləcəklər. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Aydın Mirzəzadənin iddiası əsasən yanlışdır.

Əsasən yanlış
  • 9 Dekabr, 2021
  • 794

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə