logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Azərbaycanda ötən il hər kəs pərakəndə ticarət şəbəkəsində daha çox vəsait xərcləyib

Azərbaycanda ötən il hər kəs pərakəndə ticarət şəbəkəsində daha çox vəsait xərcləyib

Dövlət Statistika Komitəsinin (DSK) 2023-ci ildə pərakəndə ticarət dövriyyəsinin vəziyyəti haqqında yayımladığı hesabata görə, 2023-cü ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 59 milyard manatlıq məhsul satılıb. 

2022-ci ildə bu rəqəm 52.2 milyard manata yaxın olub. Keçən 1 il ərzində pərakəndə ticarət dövriyyəsi nominal ifadədə 13%-dən bir qədər çox artıb. Komitə isə real ifadədə (inflyasiyanın təsiri çıxılmaqla) 1 il ərzində pərakəndə ticarət şəbəkəsində satışların 3.7% artdığını bildirir.  

Real ifadədə son 5 ildə yalnız pandemiyanın başladığı 2020-ci ildə pərakəndə ticarət dövriyyəsi bir il əvvəlki ilə müqayisədə azalıb. Belə ki, komitə həmin il pərakəndə ticarət dövriyyəsinin 1.3 faiz azaldığını bildirib. Digər illərdə 3 faiz ətrafında artım qeydə alınıb.

“Fakt Yoxla” DSK-nın təqdim etdiyi hesabat əsasında 2023-cü ildə Azərbaycanda pərakəndə ticarət şəbəkəsinin vəziyyətini analiz edib.

2023-cü ildə insanlar pərakəndə ticarət dövriyyəsində xərclədiyi vəsaitin 51.6%-ni ərzaq məhsullarına xərcləyib. 2022-ci illə müqayisədə bu göstərici dəyişməsə də, koronavirus pandemiyasının başladığı 2020-ci və ondan əvvəlki 2019-cu illə müqayisədə artıb. Belə ki, 2019-cu ildə pərakəndə ticarət şəbəkələrindən alınan məhsulların 45.8 faizini, 2020-ci ildə isə 48.6 faizini ərzaq məhsulları təşkil edib.

2019-cu ildə pərakəndə ticarət şəbəkəsində xərclənən vəsaitin 1.3 faizi əczaçılıq və tibbi mallara sərf olunubsa, 2022-ci və 2023-cü illərdə bu rəqəm 2.2 faizə yüksəlib.

Ötən il pərakəndə ticarət şəbəkələrində içki və tütün məmulatlarına 2.6 milyard dollara yaxın vəsait sərf olunub. Bu, ümumi vəsaitin 4.4 faizini təşkil edir. 

Son 5 ildə toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin pərakəndə ticarət dövriyyəsindəki payında azalma qeydə alınıb. Belə ki, 2019-cu ildə  pərakəndə ticarət şəbəkəsində xərclənən vəsaitin 17,5, 2022-ci ildə 14.1, 2023-cü ildə isə 14.3 faizi bu məqsədlə istifadə olunub.

Ümumilikdə, 2023-cü ildə Azərbaycanda 1 nəfər pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 51,6 faizini ərzaq məhsullarına, 14,3 faizini toxuculuq məhsulları, geyim və ayaqqabılara, 5,2 faizini avtomobil benzini və dizel yanacağına, 4,6 faizini elektrik malları və mebellərə, 4,4 faizini içkilər və tütün məmulatlarına, 2,2 faizini əczaçılıq məhsulları və tibbi ləvazimatlara, 1,1 faizini kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına, 16,6 faizini isə digər qeyri-ərzaq mallarına sərf edib.

Ötən il pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 484,2 manatlıq məhsul alıb. Bu, 2022-ci illə müqayisədə 52.4 manat, 2019-cu illə müqayisədə isə 152.8 manat artıb. 

2023-cü ildə  bir nəfər orta hesabla ayda pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56%-ə yaxınını ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, qalanını qeyri-ərzaq məhsullarına xərcləyib. 2019-cu ildə sözügedən vəsaitin 51 faizə yaxını, 2020-ci ildə 54%-i ərzaq məhsulları, içkilər və tütün məmulatları üçün istifadə edilib.

Beləliklə, Azərbaycanda keçən il hər kəs pərakəndə ticarət şəbəkəsində 2022-ci illə müqayisədə orta hesabla aylıq 52.4 manat daha çox vəsait xərcləyib. 2019-cu ildə insanlar pərakəndə ticarət şəbəkəsində aylıq xərclədiyi vəsaitin 51%-ə yaxınını ərzaq məhsullarına xərcləyirdisə, ötən il 56%-ni sərf edib.

Analiz
  • 26 Fevral, 2024
  • 2573

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə