logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Elnur Soltanov: “Xəzər dənizi külək enerjisinin potensialına görə dünyada ikincidir”

Elnur Soltanov: “Xəzər dənizi külək enerjisinin potensialına görə dünyada ikincidir”

Energetika nazirinin müavini Elnur Soltanov "Apa.az"-a bildirib ki, Xəzər dənizi külək enerjisinin potensialına görə dünyada ikincidir. 

Soltanov qeyd edib ki, Xəzər dənizinin enerji potensialı 157 GVt-dır, bu isə Azərbaycanın mövcud enerji potensialından 20 dəfə çoxdur. 

“Xəzər dənizi külək enerjisi potensialına görə yalnız Şimal dənizindən geri qalaraq ikinci pillədə qərarlaşır”, ‒ deyə nazir müavini vurğulayıb.

“Fakt Yoxla” Elnur Soltanovun iddiasının doğru olub‒olmadığını araşdırıb.

Ümumdünya Külək Enerjisi Şurasının (GWEC) “Global Wind Report 2022” adlı hesabatında dənizdə külək enerjisi sahəsində yeni bazarların kəşf edilməsi çərçivəsində dörd ölkənin ‒ Şri Lanka, Azərbaycan, Avstraliya və Türkiyə ‒ adı önə çəkilib. Azərbaycan malik olduğu külək enerjisi potensialına görə bu ölkələr arasında ikinci yerdə qərarlaşıb.  

46 ölkədə külək enerjisinin inkişafı sahəsində imkanları və irəliləyişləri sənədləşdirən Ümumdünya Külək Enerjisi Şurası həm də müvafiq siyasət çərçivələrinin hazırlanmasında hökumətlərə dəstək verir. 

Hesabatda isə sadəcə potensial resurslara malik dörd ölkə arasındakı ikincilikdən bəhs olunur. Hesablamalara görə, Avstraliyanın dənizdə külək enerjisi potensialı 4 min 963 GVt, Azərbaycanın imkanları 157 GVt, Şri-Lankanın potensialı 92 GVt, Türkiyənin imkanları isə 70 GVt-dır. 

Energetika Nazirliyinin “Fakt Yoxla”nın sorğusuna cavabında bildirilib ki, nazirlik Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə Xəzər dənizinin Azərbaycan akvatoriyasında külək enerjisi potensialından istifadəyə dair yol xəritəsinin hazırlanması ilə bağlı işlər aparır. 

“Qeyd olunan yol xəritəsi üçün Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən aparılan araşdırmalar, həmçinin Energetika Nazirliyinin əməkdaşlıq etdiyi digər ixtisaslaşmış beynəlxalq şirkətlərin araşdırmaları göstərir ki, Xəzər dənizi küləyin sürəti və intensivliyinə görə digər su hövzələri (dənizlərlə) ilə müqayisə olunduqda sadəcə Şimal dənizindən geri qalmaqla ikinci sıradadır”, ‒ deyə nazirlikdən bildirilib. 

Energetika Nazirliyi onu da qeyd edib ki, hesablamalar zamanı sadəcə texniki potensial nəzərə alınıb, iqtisadi potensialın müəyyən edilməsi ilə bağlı işlər isə hələ davam etdirilir.

Beləliklə, nazirliyin açıqlamasından məlum olur ki, Elnur Soltanovun “Xəzər dənizi dünyada keyfiyyətinə görə yalnız Şimal dənizindən geri qalaraq ikinci pillədə qərarlaşır” ifadəsində sadəcə Xəzərin malik olduğu texniki potensial nəzərdə tutulub.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Elnur Soltanovun “Xəzər dənizi külək enerjisi potensialına görə dünyada ikincidir” iddiası əsasən doğrudur. 

Əsasən doğru
  • 16 Aprel, 2022
  • 907

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə