logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Münasibətlərin gərginləşməsinin pik həddə çatdığı 2023-cü ildə Azərbaycanla Fransa arasında ticarət dövriyyəsi artıb.

Münasibətlərin gərginləşməsinin pik həddə çatdığı 2023-cü ildə Azərbaycanla Fransa arasında ticarət dövriyyəsi artıb.

Son aylarda Azərbaycan və Fransa arasında münasibətlər gərginləşib. Azərbaycan Prezidenti İlham Əliyev yerli kanallara verdiyi müsahibədə gərginləşmənin İkinci Qarbağ müharibəsi zamanı başladığını deyib. Dekabr ayında yerli mətbuatda Fransanın “casus şəbəkəsinin” ifşa edilməsi ilə bağlı xəbərlər yayılıb. Dekbarın 26-da isə Fransanın Azərbaycandakı Səfirliyinin iki əməkdaşı “persona-non-grata” (arzuedilməz şəxs) elan edilib. Rəsmi açıqlamada diplomatların 1961-ci il Vyana Konvensiyasını pozduğu iddia edilir. Fransa cavab olaraq Parisdəki Azərbaycan səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb.

2023-cü ilin yekunlarına dair mətbuat konfransı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iki ölkə arasında münasibətlərin “son 30 ildə ən aşağı səviyyədə” olduğunu bildirib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi hökumətə Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılmasına, “Total” da daxil olmaqla, bütün Fransa şirkətlərinin Azərbaycandan çıxarılmasına çağırış edib.

“Fakt Yoxla” Fransa-Azərbaycan münasibətlərindəki gərginliyi nəzərə alaraq iki ölkə arasında iqtisadi əlaqələri analiz edib.

Azərbaycanla Fransa arasında diplomatik münasibətlər 21 fevral 1992-ci ildə qurulub. Xarici İşlər Nazirliyinin iki ölkə arasındakı əlaqələrə dair məlumatında iqtisadi əməkdaşlıqda kosmik texnologiyalarla bağlı tərəfdaşlıq xüsusi vurğulanır. Belə ki, Azərbaycanın "Azərspace-1'' və "Azərspace-2' peykləri Fransaya məxsus kosmodromlardan orbitə buraxılıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan və Fransa arasında qarşılıqlı ticarət dövriyyəsi 2023-cü ildə 536 milyon dollar olub. Bunun təxminən 75%-ni və ya 403 milyon dollarını Fransadan idxal, 133 milyon dollar isə bu ölkəyə ixrac olub. Azərbaycan Fransaya neft məhsulları ixrac edir, Fransa isə əsasən qida məhsulları, kosmetik vasitələr, dərman vasitələri, kimyəvi məhsullar, geyim və sair ixrac edir. Münasibətlərin gərginləşməsinin pik həddə çatdığı 2023-cü ildə Azərbaycanla Fransa arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə təxminən 95%, ixrac 161%, idxal isə 81% artıb. Belə ki, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 273.8 milyon dollar olub. Azərbaycan Fransadan 50.9 milyon dollarlıq idxal edib, bu ölkəyə isə 222.8 milyon dollarlıq ixrac həyata keçirib. 

Koronavirus pandemiyasının iqtisadi təsirlərinin hiss olunmağa başladığı 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi kəskin azalıb. Növbəti illərdə dövriyyədə artım qeydə alınıb. Ötən ilin ticarət dövriyyəsi, eləcə də ixrac və idxal son 3 ilin ən yüksək həddinə çatıb.

Mənbə: Dövlət Gömrük Komitəsi

Buna baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsi son 10 ildə kəskin azalıb. Belə ki, 2013-cü ildə ticarət dövriyyəsi 1.2 milyard dollara yaxın olub. Yəni 10 il əvvəlki ilə müqayisədə ötən il ticarət dövriyyəsi 2 dəfədən çox azalıb.

2013-cü ildə Fransa ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 4.49%-ni təşkil etdiyi halda, 2023-cü ildə 1%-dən bir qədər artığını təşkil edib. 2013-cü ildə Fransa Azərbaycanın 8-ci, Avropa İttifaqında isə 4-cü ən böyük ticarət tərəfdaşı olub. 2023-cü ildə isə Fransa Azərbaycanın ən böyük 15 ticarət tərəfdaşı siyahısına daxil ola bilməyib. Buna baxmayaraq Fransa Azərbaycanın ən çox idxalı olan ölkələr arasında 7-ci yeri tutub.

Azərbaycanda hazırda nə qədər Fransa şirkətinin fəaliyyət göstərdiyi barədə dəqiq məlumat açıqlanmayıb. 2019-cu ildə Azərbaycanda 45 Fransa şirkəti olub. 2020-ci ildə isə Azərbaycanın Parisdəki səfiri ölkədə 61 Fransa şirkətinin qeydiyyatda olduğunu, onların enerji, sənaye, nəqliyyat, kosmos, ticarət, xidmətlər və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərdiyini bildirib. 2019-cu ildə verilən məlumata görə, Fransa şirkətləri ölkə büdcəsindən həyata keçirilən və dəyəri 6,2 milyard dollar olan 34 layihədə podratçı qismində iştirak edib. 

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ölkədən çıxarılmasını tələb etdiyi Fransa şirkətləri arasında “Total”ı xüsusi vurğulayıb. “TotalEnergies” Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir. Şirkət “Abşeron” qaz-kondensat yatağında SOCAR-ın 50 faiz payla tərəfdaşıdır və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində 5 faiz paya malikdir. Ötən ilin iyul ayında şirkət “Abşeron” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində təbii qaz hasilatına başlandığını elan edib.

Xarici işlər naziri Ceyhun Bayramov münasibətlərin gərginləşməsinə baxmayaraq Fransa şirkətlərinin Azərbaycandakı fəaliyyətini onların öhdəlikləri ilə əlaqələndirib. “Fransa şirkətlərinin fəaliyyəti müqavilə əsasında tənzimlənir. Orada tərəflərin öhdəliyi nəzərdə tutulur”, - o belə deyib.

Beləliklə, Azərbaycan və Fransa arasında münasibətlər “son 30 ildə ən aşağı səviyyəyə” çatsa da, ötən il pandemiyaya görə 2021-ci ildə kəskin azalan ticarət dövriyyəsi son 3 ildə ən yüksək olub. Son 10 ildə ticarət dövriyyəsində ciddi azalma qeydə alınsa da, 2022-ci illə müqayisədə ötən il 2 dəfəyə yaxın artıb.

Analiz
  • 2 Fevral, 2024
  • 3010

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə