logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Rəhman Hümmətov: ““Buta Airways” Bakı-Moskva reysi üzrə 29 avroya bilet almaq imkanı verir”

Rəhman Hümmətov: ““Buta Airways” Bakı-Moskva reysi üzrə 29 avroya bilet almaq imkanı verir”

“...Bakı-Moskva bileti almaq istəyən sərnişinə “Buta Airways” ilə 29 avrodan, AZAL ilə isə 135 avrodan, Bakı-Dubay istiqaməti üzrə AZAL ilə 133 avrodan, Bakı-İstanbul reysi üzrə “Buta Airways” ilə 29 avrodan, AZAL ilə isə 114 avrodan başlayaraq seçim imkanı var.” 

Bunu Report İnformasiya Agentliyinə müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

“Fakt yoxla” nazir müavininin iddiasının doğru olub-olmadığını araşdırıb.

“Buta Airways”in rəsmi saytında axtarış zamanı məlum olur ki, hazırda Bakı-Moskva istiqamətində 10 sentyabr tarixinədək olan biletlər satışdadır. Həmin dövr ərzində “Buta Airways”in təklif etdiyi ən ucuz biletin qiyməti 250 manata, yəni 135 avroya bərabərdir.

Azərbaycan Hava Yolları (AZAL) şirkətinin Bakı-Moskva reysinə 2023-cü il üçün təklif etdiyi ən ucuz biletin qiyməti isə 306.37 manata, yəni 166 avroya bərabərdir.

“AZAL”ın həyata keçirdiyi Bakı-Dubay reysi üzrə qiymətlərə gəldikdə isə, 2023-cü il üçün şirkətin təklif etdiyi ən ucuz biletin qiyməti 297.64 manata, yəni 161 avroya bərabərdir.

“Buta Airways”in təşkil etdiyi Bakı-İstanbul reysinə baxdıqda məlum olur ki, 2023-cü il üçün şirkətin təklif etdiyi ən ucuz biletin qiyməti 194.84 manata, yəni 105 avroya bərabərdir. 

“AZAL” isə 2023-cü il üçün Bakı-İstanbul reysi üzrə ən ucuz bileti 250.51 manatdan, yəni 135 avrodan təqdim edir.

Onu da qeyd edək ki, “Buta Airways”  22 dekabr 2022-ci ildə 29 avroya 10 000 biletin onlayn satışına başladı. Biletlər 9 istiqamət üzrə təklif edilmişdi: Ankara, İzmir, İstanbul, Tbilisi, Aktau, Həştərxan, Mineralnıye Vodı, Kazan və Ufa. Qeyd edək ki, həmin gün şirkətin saytında yüklənmə səbəbi ilə texniki problemlər yaranmışdı və biletlər qısa zaman ərzində tükənmişdi. Bu baxımdan, bəzi hallarda şirkət kampaniya çərçivəsində məhdud sayda bileti müştərilərinə 29 avrodan başlayan qiymətlərlə təklif etsə də, hazırda bu qiymətə biletlər mövcud deyil.

Beləliklə, həm “AZAL”ın, həm də “Buta Airways”ın vebsaytına nəzər saldıqda göründü ki, biletlər nazir müavini Rəhman Hümmətovun qeyd etdiyi qiymətlərdən baha satılır. Bəzən endirimlər olsa da, bu qısa zamanda və məhdud sayda bilet üçün keçərli olur. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə Rəhman Hümmətovun iddiası faktlarla manipulyasiyadır. 

Faktlarla manipulyasiya
  • 14 Aprel, 2023
  • 815

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə