logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Son 5 ildə Azərbaycanda orta aylıq əmək haqqı göstəricisi real olaraq nə qədər dəyişib?

Son 5 ildə Azərbaycanda orta aylıq əmək haqqı göstəricisi real olaraq nə qədər dəyişib?

2022-ci ilin yanvarından etibarən ardıcıl 19 aydır ki, Azərbaycanda ikirəqəmli inflyasiya müşahidə edilir. Dövlət Statistika Komitəsinin sonuncu açıqlamasına görə, bu ilin ilk yeddi ayı ərzində Azərbaycanda inflyasiya göstəricisi 12.2 faizə bərabər olub. 

Sonuncu rəsmi açıqlamaya görə, Azərbaycanda orta aylıq əmək haqqı 922 manata bərabərdir. Rəsmi əmək haqqı ilə bağlı göstəricilər açıqlanarkən onun ilin əvvəli ilə müqayisədə nə qədər artdığı bildirilir. Məsələn, orta aylıq əmək haqqı ilə bağlı açıqlamada bildirilir ki, ilin əvvəlindən ölkədə orta aylıq əmək haqqı 11.5% artıb. Ancaq, nəzərə almaq lazımdır ki,  inflyasiya pulun alıcılıq dəyərinin aşağı düşməsinə səbəb olur. Bu baxımdan, orta aylıq əmək haqqının ilin əvvəli ilə müqayisədəki artımı sadəcə nominal artımı göstərir. Əmək haqqının real artımı isə nominal artımla inflyasiya göstəricisinin fərqi kimi müəyyən edilir.

“Fakt Yoxla” son 5 ildə Azərbaycanda orta aylıq əmək haqqı göstəricisinin real olaraq nə qədər dəyişdiyini araşdırıb.

Cədvəl: 2018-2023-cü illərdə nominal və real orta aylıq əmək haqqı göstəriciləri

Cədvəldən göründüyü kimi, 2023-cü ilin yanvar-iyul ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda orta aylıq əmək haqqı nominal olaraq 11.5 faiz artsa da, real olaraq ilin əvvəli ilə müqayisədə 0.7 faiz aşağı düşüb. Çünki, il ərzində orta aylıq əmək haqqındakı artım inflyasiyadan geri qalıb. Son beş il ərzində nominal əmək haqqı və inflyasiya arasındakı ən yüksək fərq 14% ilə 2019-cu ildə qeydə alınıb. Son beş il ərzində ən pis nəticə isə 2021-ci ildə baş verib. Həmin il inflyasiya nominal əmək haqqındakı artımı 3.3% qabaqlayıb.

Azərbaycanda inflyasiyanın alternativ hesablaması olmadığı üçün dövlətin rəsmi hesablamasının həqiqətə uyğun olub-olmadığını yoxlamaq mümkün deyil. Bu səbəbdən iddia yoxlanılarkən ancaq rəsmi statistikaya istinad edilmişdir. Lakin, araşdırmalar göstərir ki, hökumətin inflyasiya ilə bağlı təqdim etdiyi rəqəmlər reallıqdan aşağı olur.

“Fakt Yoxla”nın araşdırmasına görə, orta aylıq əmək haqqının ilin əvvəli ilə müqayisədəki artımı sadəcə nominal artımı göstərir. İnflyasiyanın təsirlərini nəzərə aldıqda bəlli olur ki, 2023-cü il ərzində Azərbaycanda orta aylıq əmək haqqı real olaraq artmayıb, əksinə 0.7 faiz azalıb.

“Dövlət Statistika Komitəsi”, Qiymətlərin dəyişməsi haqqında  

“Dövlət Statistika Komitəsi”, Makroiqtisadi göstəricilər (iyul 2023)

“report.az”, Orta aylıq əmək haqqı açıqlanıb  

“Dövlət Statistika Komitəsi”,  Makroiqtisadi göstəricilər 2022

“Dövlət Statistika Komitəsi”  Makroiqtisadi göstəricilər 2021

“Dövlət Statistika Komitəsi”,  Makroiqtisadi göstəricilər 2020

“Dövlət Statistika Komitəsi”,  Makroiqtisadi göstəricilər 2019

“Dövlət Statistika Komitəsi”,  Makroiqtisadi göstəricilər 2018

Analiz
  • 30 Avqust, 2023
  • 1339

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə