logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Tahir Kərimli: “Azərbaycanda təyyarə biletləri region ölkələri ilə müqayisədə 4-5 dəfə yüksəkdir”

Tahir Kərimli: “Azərbaycanda təyyarə biletləri region ölkələri ilə müqayisədə 4-5 dəfə yüksəkdir”

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli bildirib ki, Azərbaycanda təyyarə biletlərinin qiyməti region ölkələri ilə müqayisədə 4-5 dəfə bahadır. 

“Fakt Yoxla” iddianı araşdırıb. 

Turizm mövsümü ilə bağlı biletlərin qiyməti tez-tez dəyişdiyi üçün araşdırma zamanı 16 iyul tarixində qeydə alınan və 28 avqusta planlanan uçuş qiymətləri nəzərə alınıb.

Region ölkələri  kimi Türkiyə, Rusiya, Gürcüstan, Ermənistan və Azərbaycanda təyyarə biletlərinin qiymətləri, həmçinin bu ölkələrin paytaxtlarına müxtəlif aviaşirkətlər tərəfindən qarşılıqlı uçuşların (məsələn, Bakı-Moskva və Moskva-Bakı) qiymətləri müqayisə edilib. 

Şəhərlərin seçimi zamanı yalnız Türkiyə istisna olub və paytaxt Ankara deyil, İstanbul şəhəri müqayisə bazası kimi seçilib. Bu seçimə səbəb İstanbulun ölkə üzrə aviadaşımaların aparıcı şəhəri olmasıdır.  

Bundan əlavə, Avropanın turistlər üçün cəlbedci şəhərlərindən biri olan Parisə 5 region ölkəsindən biletlərin qiyməti də müqayisə edilib. 

İstanbula uçuşlar:

Bakıdan İstanbula “AZAL”da ən ucuz biletin qiyməti 368 manatdır. 

“Turkish Airlens”-də isə ən ucuz qiymət 334 manat təşkil edir. 

“Pegasus”la Tbilisidən 284, Yerevandan 283 manat ödəməklə İstanbula getmək mümkündür. Moskvadan İstanbula olan biletlərin qiyməti isə olduqca bahadır: 1145 manat. 

Göründüyü kimi, uçuş məsafəsi nəzərə alınmaqla İstanbula region ölkələrinin paytaxtlarından ən baha bilet Moskvaya aiddir. 

“AZAL”la Bakıdan İstanbula uçmaq Moskvadan İstanbula uçmaqdan təxminən 3 dəfə ucuzdur. Tbilisi və Yerevandan İstanbula “Pegasus”la uçuşların qiyməti eynidir (məsafə də təxminən eynidir). Bakıdan “AZAL” vasitəsilə İstanbula biletin qiyməti Tbilisi və Yerevanla müqayisədə təxminən 30% bahadır. Lakin Bakıdan uçuş məsafəsi də adıçəkilən iki paytaxt şəhəri ilə müqayisədə 33% artıqdır. Bu baxımdan hər 100 km.-ə düşən qiymət nəzərə alandıqda, qiymətlər arasında demək olar ki, fərq yoxdur. Ancaq “Turkish Airlens” şirkətinin Bakıdan İstanbula təklif etdiyi uçuş qiyməti “AZAL”ın qiymətlərindən 10% daha ucuzdur. 

Tbilisiyə uçuşlar:

Bakıdan Tbilisiyə ən ucuz təyyarə biletinin qiyməti “AZAL”da 187 manatdır.  İstanbuldan “Turkish Airlens” ilə bu istiqamətə 217, Yerevandan isə “FlyOne Armenia” ilə 152 manata uçmaq mümkündür. 

Məsafə nəzərə alındıqda, “AzAL”ın Bakı-Tbilisi marşutu üzrə təklif etdiyi qiymət “Turkish Airlens” vasitəsilə İstanbuldan Tbilisiyə uçuş qiymətindən 2.5 dəfə bahadır. Amma Yerevan-Moskva reysi üzrə biletin qiymətindən təxminən 28% ucuzdur.

Moskvaya uçuşlar:

Bakıdan Moskvaya birbaşa uçuş üçün ən ucuz bilet “AZAL”da 772 manatdır. İstanbuldan Moskvaya ən ucuz bilet 1 köçürmə ilə olan uçuşlardadır. Belə ki, İstanbuldan Bodruma və oradan da Moskvaya “Pegasus”la uçmaq üçün 1006 manat ödəniş etmək lazımdır. 

Uçuşun ümumi müddəti 7 saatdır. Buradan Moskvaya birbaşa uçmaq üçün isə ən ucuz 1934 manatlıq biletlər tapmaq olar. Birbaşa uçuşun müddəti 4 saat 30 dəqiqədir. Yerevandan Moskvaya 28 avqust tarixi üçün birbaşa uçuş olmasa da, 1 köçürmə ilə ən ucuz bilet 607 manatdır. 

Məsafə nəzərə alındıqda, “AZAL”ın qiymətləri İstanbul və Yerevandan həmin istiqamət üzrə uçuşların dəyərindən müvafiq olaraq 1.1 və 1.7 dəfə daha bahadır. 

Parisə uçuşlar:

Bu marşrut üzrə qiymətlər təkcə ölkədən-ölkəyə deyil, həmçinin xidmət göstərən aviaşirkətlərdən də asılı olaraq xeyli fərqlidir. Məsələn, Bakıdan “AZAL”la Parisə ən ucuz uçuş biletinin qiyməti 916 manatdır. Amma sərfəli qiymətləri ilə tanınan Macarıstanın “Wizz Air” aviaşirkəti Bakıdan həmin marşut üzrə təxminən 3 dəfə ucuz və ya 339 manata bilet təklif edir. 

Mütləq rəqəmlə İstanbuldan Parisə “Turkish Airlens”in təklif etdiyi biletin qiyməti (468 manat) təxminən 2 dəfə baha olsa da, hər 100 km. hesabı ilə “Turkish Airlens”in və “AZAl”ın qiymətləri arasında demək olar ki, fərq yoxdur. Lakin Yunanıstanın “Aegean” aviaşirkəti İstanbul-Paris reysi üzrə daha ucuzdur. 

Bu şirkətin hər 100 km. hesabı ilə Parisə təklif etdiyi qiymət “AZAL”ın biletinin dəyərindən az qala 40% ucuzdur. Yerevandan Parisə “FlyOne” ilə 768 manata, Tbilisidən isə  “Georgian Airways” ilə 1028 manata ucuş mümkündür. Məsafə amili nəzərə alındıqda, Bakı ilə müqayisədə Tbilisidən  Parisə “Georgian Airways” ilə təxminən 50% baha, “Turkish Airlens” vasitəsilə 18% ucuz, Yerevendan “FlyOne” vasitəsilə təxminən eyni qiymətə uçmaq mümkündür.

Beləliklə, “AZAL”ın bəzi marşrutlar üzrə sərnişinlərə təklif etdiyi qiymət, müxtəlif ölkələrə məxsus aviaşirkətlərin qiymətlərindən baha olsa da, bu fərq heç də deputatın iddia etdiyi kimi, 4-5 dəfə deyil, faizlərlə fərqlənir. Bu fərq yalnız 1 nümunədə 3 dəfəyə çatır (Bakı-Paris marşrutu üzrə “Wizz Air” və “AZAL”ın təklif etdiyi qiymətlərdə).

Moskvaya uçuşlarda region ölkələri arasında ən baha qiyməti “AZAL” təklif edir, amma ölkələr və şirkətlərarası müqayisədə bu fərq 1.7 dəfəni ötmür. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, deputatın iddiası yarı-doğrudur.

Yarı doğru
  • 22 İyul, 2022
  • 929

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə