logo logo

Deyilənlərə yox, faktlara inanın

Koronavirus

Azərbaycan quru sərhədləri niyə açmır?

Azərbaycan quru sərhədləri niyə açmır?

Azərbaycanda xüsusi karantin rejimi Nazirlər Kabinetinin qərarı ilə 2023-cü il yanvarın 1-dək uzadılıb. Bu həm də o deməkdir ki, ölkənin iki ildən artıqdır bağlı qalan quru sərhəddi daha iki ay həm xaricə səfər etmək istəyən vətəndaşların həm də ölkəyə gəlmək istəyən əcnəbilərin üzünə bağlı qalacaq.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) beynəlxalq nəqliyyat və səyahət məhdudiyyətlərini aradan qaldırmaq və ya yüngülləşdirmək çağırışından sonra qonşu ölkələrdən Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə və İran sərnişinlərin hərəkəti üçün quru sərhədlərini açsa da, Azərbaycan qapalı saxlamaq haqqında qərarını qüvvədə saxladı.

Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı vaxtaşırı tələblər dilə gətirilsə də, rəsmilər pandemiyanın yaratdığı risklərin hələ də olduğunu vurğulayırlar. Prezident İlham Əliyev hələ iyul ayında ölkənin quru sərhədlərin bağlı saxlanılmasını yoluxmaların qarşısını almaq məqsədi daşıdığını bildirib

“Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq - quru sərhədlərindən söhbət gedir”, – deyə Prezident iyulun 15-də çıxışı zamanı vurğulayıb.

Oktyabrın 31-nə olan məlumata görə, 5.3 milyondan çox şəxs bir doza, 4.8 milyondan çox şəxs iki doza, 3.3 milyondan çox şəxs isə üçüncü və ya daha artıq doza ilə vaksinasiya olunub. Bu statistika ilə əhali arasında koronavirusa qarşı kütləvi immunitet formalaşdığını söyləmək mümkündür.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə koronavirusa yoluxma və ölüm halları kəskin şəkildə aşağı düşüb. Belə ki, 2021-ci ilin oktyabrında yoluxanların sayı 42 917 nəfər, pandemiyaya görə dünyasını dəyişənlərin sayı 499 nəfər olduğu halda, bu ilin oktyabrında 1 719 yoluxma, 26 ölüm halı qeydə alınıb. Qeyd edək ki, hazırda olduğu kimi ötən ilin oktyabrında da quru sərhədlər bağlı olub.  

Azərbaycandan sərnişinlərin xaricə çıxışı ancaq hava yollarından keçir. Bu uçuşları əsasən AZAL və “Buta” Hava Yolları həyata keçirir. Virusa yoluxma və ölüm hallarının kəskin azaldığı dövrdə ölkənin quru sərhədlərinin hələ də bağlı saxlanması uçuşları təşkil edən bu aviaşirkətlərə gəlir əldə etmək fürsəti yaradılması kimi dəyərləndirilir.   

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, kütləvi immunitetin yarandığı, yoluxmanın ciddi şəkildə azaldığı, ölkədə kütləvi toplaşmanın və tədbirlərin sərbəst olduğu bir dövrdə ölkənin quru sərhədlərinin bağlı saxlanması legitim əsas daşımır, ÜST-ün tövsiyələrinə uyğun deyil.

Analiz
  • 3 Noyabr, 2022
  • 3700

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə