logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Qərb Ukraynanı qurban verir?

Qərb Ukraynanı qurban verir?

“…ABŞ və NATO Rusiya ilə hərbi toqquşmalara hazır deyil…Bu səbəbdən də…Ukraynanı Rusiyaya qurban verir”.

Siyasi ekspert Elçin Xalidbəyli “Yeni Müsavat” qəzetində yazdığı məqalədə belə iddia səsləndirib.

“Fakt Yoxla” iddianın ABŞ və NATO-nun Ukraynanı Rusiyaya qurban verib-verməməsi hissəsində doğru olub-olmadığını yoxlayıb.

Məqalə 27 yanvar 2022-ci ildə dərc olunub. Ona görə də araşdırmanın birinci hissəsində həmin tarixə qədərki dövrü nəzərə alacağıq. 

Rəsmi Moskva 2014-cü ildə Ukraynanın şərqindəki Donbasın böyük bir hissəsini işğal edən Rusiyönümlü üsyançıları dəstəklədi. Bu səbəbdən iki ölkə arasındakı münasibətlər yenidən pisləşməyə başladı. İki ölkə arasında uzun sürən qarşıdurmalarda indiyədək ən azı 13 min insan həyatını itirib. Ancaq Ukraynanın indi daha böyük təhlükə ilə üzləşdiyi düşünülür, bu da Rusiyanın bütün Ukraynanı işğal etməsi cəhdidir. Əgər bu işğal baş verərsə, çox güman ki, ölkənin şərqində, üsyançıların yerləşdiyi yerdə başlayacaq.

Bu müddət ərzində Rusiya-Ukrayna böhranı dünyada geniş müzakirə olunur, dünya liderləri problemi həll etmək üçün müxtəlif səylər göstərir. ABŞ prezidenti Co Bayden bildirib ki, Rusiyanın fevralda Ukraynanı işğal edəcəyi ehtimalı var, belə bir addım “dünyanı dəyişdirəcək”. Bayden Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı narahatlıqların artdığı bir vaxtda Moskvanın "qırmızı xətlərini" qəbul etməyəcəklərini bildirib. Dövlət katibi Entoni Blinken ABŞ-ın diplomatiyaya önəm verməkdə davam etdiyini, lakin Moskvanın “geniş aqressiyaya” əl atacağı təqdirdə tez və sərt cavab verəcəklərini bildirib.

Böyük Britaniyanın baş naziri Boris Conson bəyan edib ki, Rusiyaya Ukraynaya müdaxilənin şiddətli, qanlı və ağrılı bir proses olacağı barədə xəbərdarlıq edilməlidir. O həmçinin  bildirib ki, Rusiya Ukraynaya hücum edərsə, bu, “təkcə Ukrayna üçün deyil, Rusiya üçün, hətta bütün dünya üçün fəlakət olacaq: “Rusiya Ukraynaya hər hansı miqyasda hücum edərsə, şübhəsiz ki, bu, təkcə Ukrayna üçün deyil, həm də Rusiya üçün fəlakət olacaq. Bu, bütün dünya üçün fəlakət olacaq. Britaniya Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünün yanında olacaq”.

Avropa Komissiyasının sədri Ursula von der Leyen də Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə Avropa İttifaqının “böyük iqtisadi və maliyyə sanksiyaları” tətbiq edəcəyini bildirib

Araşdırmanın ikinci hissəsində isə, müharibə başlayandan sonra NATO və ABŞ-ın Ukraynaya hansı dəstəyi verdiyinə nəzər salaq. 

ABŞ prezidenti Co Bayden 25 fevralda imzaladığı qərarla Ukraynaya Rusiya təhdidindən özünü müdafiə edə bilmək üçün 350 milyon dollar dəyərində təxirəsalınmaz yardım ayırıb. 

Martın 12-də açıqlanan digər qərarla əlavə 200 milyon dollar həcmində hərbi yardım ABŞ tərəfindən Ukraynaya verilib. 

ABŞ prezidenti həmçinin, 15 mart 2022-ci ildə imzaladığı başqa bir qərarla Ukraynaya ümumilikdə 13,6 milyard dollar dəstək paketi ayırıb. Bu məbləğin 6,5 milyard dolları hərbi, 6,7 milyard dolları isə humanitar və digər yardımlar üçün nəzərdə tutulub

NATO üzvü Birləşmiş Krallıq isə 7 martda Ukraynaya humanitar və iqtisadi yardım məqsədilə 400 milyon funt-sterlinq yardım paketi ayırıb. Bundan əlavə Birləşmiş Krallıq Ukraynaya hərbi-texniki yardım da göstərir.

AlmaniyaFransa və digər NATO üzvləri də Ukraynaya hərbi və ya humanitar yardım göstərirlər. 

Beləliklə, həm ABŞ, həm də NATO ölkələri müharibədən əvvəl və müharibə başlayandan sonra Ukraynaya hərbi, humanitar və digər yardımları göstəriblər. 

Məhz bu köməkliklərin nəticəsidir ki, müharibənin başlanmasından 40 gündən çox vaxt keçməsinə baxmayaraq Rusiya silahlı qüvvələri Ukraynada bircə böyük şəhərə də nəzarəti ələ ala bilməyib.

Bütün bunları nəzərə alaraq demək olar ki, ABŞ və NATO Ukraynanı Rusiyaya qurban vermir.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, iddia anti-Qərb propaqandasıdır.

Propaqanda
  • 8 Aprel, 2022
  • 1199

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə