logo logo

Deyilənlərə yox, faktlara inanın

Hüquq

İlham Əliyevin əlcəzairli döyüşçülər haqqında iddiası

İlham Əliyevin əlcəzairli döyüşçülər haqqında iddiası

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı AzTv-yə verdiyi müsahibəsində Fransanın Bakıda açılmış Hərbi Qənimətlər Parkına qarşı mövqeyini tənqid edərək deyib ki, Fransada əlcəzairli döyüşçülərin kəllə sümüklərinin nümayiş olunduğu muzey mövcuddur.

“Bu Hərbi Qənimətlər Parkı ilə Azərbaycana qarşı aparılan çirkin kampaniyaya son qoyulmalıdır. Fransa muzeyində Əlcəzair Milli Müqavimət Hərəkatının öldürülmüş öndərlərinin kəllələri nümayiş etdirilir”, ‒ deyə Əliyev vurğulayıb.

“Fakt Yoxla” Prezidentin bu iddiasının doğru olub-olmadığını yoxlayıb.

Hərbi Qənimətlər Parkında Ermənistanla 44 gün davam edən müharibə zamanı ələ keçirilən hərbi qənimətlərin bir hissəsi nümayiş olunur. 

Parkda eksponatlar arasında müharibə müddətində öldürülən Ermənistan əsgərlərinə məxsus dəbilqələrin nümayiş etdirilməsi beynəlxalq medianın diqqətini çəkib

Tənqidlərə cavab olaraq Əliyev Fransada muzeydə əlcəzairli döyüşçülərin kəllələrinin nümayiş olunduğunu qeyd edib.  

Prezidentin iddiasında səsləndirdiyi hadisələrin tarixi XIX əsrdə dayanır. Belə ki, 1830-cu ildən sonra Fransa müasir Əlcəzair torpaqlarını kolonia siyasəti çərçivəsində işğal etməyə başlamışdı. Müstəmləkə illərində Əlcəzairdə yaşayan yerli əhali bir neçə dəfə üsyan qaldırıb. 

1849-cu ildə ölkənin şərqində başlamış Ziban üsyanının rəhbərlərindən olan Şeyx Əhməd Buzan da daxil olmaqla öldürülən 24 üsyançının kəlləsi qənimət qismində Fransaya aparılmışdı

Fransaya XIX əsrdə 37 əlcəzairlinin kəllə sümüyü aparılıb. Onlar 2020-ci ilədək Parisdə yerləşən antropoloji İnsan Muzeyində (Musée de l'Homme) saxlanılıb. 

 

Ümumilikdə, muzeyin zirzəmisində  antropoloji və tarixi artefaktlar qismində toplanmış insan qalıqlarından ibarət 18.000 eksponat var. Onların əsasən arxeoloji qazıntılar nəticəsində toplanıldığı bildirilir. Bu eksponatlar arasında filosof Rene Dekartın da kəllə sümüyü nümayiş etdirilir.

 

Muzeyin tarixi 1882-ci illərə dayansa da əsası 1937-ci ildə qoyulub. Muzeyin məqsədi təkamül və koloniyalaşdırma nəticəsində itmək təhlükəsi altında qalan obyektlərin toplanılaraq qorunması xarakteri daşıyıb. 

İnsan Muzeyi Fransanın Milli Təbiət Tarixi Muzeyinin (Muséum national d'histoire naturelle) filialıdır. İnsan Muzeyindən başqa onun Bitkilər bağı, Paleontoloji muzey, Təkamül qalereyası kimi filialları mövcuddur. Muzey və onun filialları elmi və tarixi mahiyyət daşıyır.

Foto İnsan Muzayinin tvitter səhifəsindən götürülüb.


1962-ci ildə Əlcəzair müstəqillik qazanandan 50 il sonra Milli Müqavimət Hərəkatının liderlərinin kəllə sümüklərinin Əlcəzairə geri qaytarılması məsələsi aktullaşıb. 2011-ci ildə əlcəzairli tarixçi Əli Fərid Belkadi bu istiqamətdə kampaniya başlatmışdı.

 “France24” telekanalının 2016-cı ildə efirə verilmiş süjetinə əsasən, mübahisələr başlayandan sonra əlcəzairli döyüşçülərin kəllə sümükləri zirzəmidə saxlanan digər eksponatlardan ayrılaraq ayrıca otaqda saxlanılıb.

İnsan muzeyinin mətbuat xidmətinin rəhbəri Henri-Pierre Godey “Fakt Yoxla”ya bildirib ki, muzey əlcəzairli üsyançıların kəllə sümüklərini ictimaiyyətə nümayiş etdirməyib: “Onlar sərgilənmir və sırf elmi tədiqiqatlar üçün nəzərdə tutulmuş antropoliji araşdırmalar üçün nəzərdə tutulan saxlanclarda qorunur”. 

Henri-Pierre Godey 2020-ci il iyulun 3-də  iki ölkə arasında danışıqlar nəticəsində 24 üsyançının kəllə sümüyünün geri qaytarıldığını bildirib. Belə ki, 2018-ci ilin yanvarında Əlcəzair rəsmi olaraq Fransaya kəllə sümüklərinin qaytarılması üçün müraciət ünvanlayıb. Bundan əvvəl, 2017-ci ildə Fransa prezidenti Emmanuel Makron Əlcəzairə səfəri zamanı müstəmləkəçiliyi “Respublikanın böyük səhvi”  adlandıraraq kəllə sümüklərinin qaytarılacağına söz vermişdi. İçlərində Şeyx Əhməd Buzan, Şərif Bübəğla kimi üsyançı liderlərin də olduğu 24 nəfərin qalıqları Əlcəzairə qaytarılandan sonra onlar müsəlman adətlərinə uyğun olaraq təntənəli şəkildə dəfn olunublar.

Muzeyin ictimaiyyətlə əlaqələr üzrə məsul işçisi Pauline Striegler “Fakt Yoxla”ya deyib ki, qalan əlcəzairlilərin sümükləri üsyana aid olmadığından Əlcəzair höküməti onları tələb etməyib. 

Beləliklə, Əlcəzair Milli Müqavimət Hərəkatının liderlərinin kəllə sümükləri Fransaya hərbi qənimət kimi aparılsa da, sonradan muzeydə saxlanılan 1800 eksponatın arasına daxil edilib. Onlar 2011-ci ilədək muzeyin zirzəmisində saxlanılan digər ekponatların tərkibində ancaq araşdırmaçılara açıq olub.

Döyüşçülərin qalıqlarının geri qaytarılması məsələsi gündəmə gələndə əlcəzairli döyüşçülərin kəllə sümükləri digər eksponatlardan ayrılıaraq başqa otağa yerləşdirilib. Bu sümüklərə çıxış daha da mıhdudlaşdırılıb. Muzeydə saxlanılan 37 əlcəzairliyə aid kəllə sümükləri arasından 24 döyüşçünün qalıqları 2020-ci ildə vətənlərinə geri qaytarılıb. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Prezident İlham Əliyevin iddiası faktlarla manipulyasiyadır.

Faktlarla manipulyasiya
  • 28 May, 2021
  • 1796

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə