logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Deputatın yanlış açıqlaması: Ukrayna müharibəsi dövründə ABŞ-Rusiya ticari dövriyyəsi azalmayıb

Deputatın yanlış açıqlaması: Ukrayna müharibəsi dövründə ABŞ-Rusiya ticari dövriyyəsi azalmayıb

Xəbərin qısa icmalı

Deputat Sevil Mikayılova İctimai TV-nin efirində yayımlanan “Diqqət Mərkəzi” proqramında (12:12) ABŞ və Rusiya münasibətlərindən danışarkən bildirib ki, Ukrayna müharibəsi bu iki ölkə arasında ticarət dövriyyəsinə təsir etməyib: “Rusiya Amerika arasında olan ticari dövriyyəyə baxsaq, onlar heç Ukrayna müharibəsi dönəmində aşağı düşməyib”, – deyə deputat bildirib.

- İki ölkə arasında ticarət dövriyyəsi müharibədən sonra əhəmiyyətli dərəcədə azalıb. Nəticə olaraq, iki ölkə arasında ticarət dövriyyəsi 2021-ci ildə 36.6 milyard dollardan, 2024-ci ildə 2,8 milyard dollara enib.

Deputat Sevil Mikayılova İctimai TV-nin efirində yayımlanan “Diqqət Mərkəzi” proqramında (12:12) ABŞ və Rusiya münasibətlərindən danışarkən bildirib ki, Ukrayna müharibəsi bu iki ölkə arasında ticarət dövriyyəsinə təsir etməyib: “Rusiya Amerika arasında olan ticari dövriyyəyə baxsaq, onlar heç Ukrayna müharibəsi dönəmində aşağı düşməyib”, – deyə deputat bildirib.

Fakt Yoxla” deputatın iddiasını araşdırıb.

Rusiyanın Ukraynaya 2022-ci ilin fevralında başlayan hərbi müdaxiləsi ABŞ və Rusiya arasında siyasi-iqtisadi münasibətlərə təsirsiz ötüşmədi. Rusiya hərbi müdaxiləsinə ABŞ-ın etirazı nəticəsində iki ölkə arasında diplomatik münasibətlər korlandı və ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə nəticələndi. Sanksiyalar isə öz növbəsində ölkələr arasında ticarət dövriyyəsinə öz mənfi təsirini göstərdi.

ABŞ statistika idarəsinin məlumatına əsasən, müharibədən əvvəlki dövrdə, yəni 2021-ci ildə Rusiyanın Amerikaya ixracı 29.64 milyard dollar təşkil edib. Bura neft, neft məhsulları, platinium, gübrələr, dəmir və aliminium ixracı daxil idi. Eyni ildə ABŞ-nin Rusiyaya texniki avadanlıq, təyyarə hissələri, avtomobil, elektronika, tibbi ləvazimatlar və kənd təsərrüfatı məhsullarından ibarət ixracı isə 6.4 milyard olub. Ümumilikdə qarşılıqlı ticarət dövriyyəsi 36.03 milyard dollar təşkil edib. Ancaq Rusiya işğalına etiraz əlaməti olaraq ABŞ-nin iqtisadi sanksiyalar qoymasından sonra qeyd edilən sahələrin mütləq çoxunda ticarət ciddi şəkildə azalıb.

Ümumilikdə ABŞ bu günə qədər Rusiyaya qarşı təqribən 6500 sanskiya tətbiq edib ki, bu da əsasən Rusiyanın enerji, maliyə və hərbi sektorunu əhatə edib, fərdləri, şirkətləri, gəmi ticarətini hədəf alıb. Əlavə olaraq Rusiya bankları beynəlxalq Svift sistemindən çıxarılıb, həmçinin Rusiya işğalına etiraz olaraq onlarla Amerika şirkəti Rusiyanı tərk edib

Qeyd edilən dövrdə sanksiyaların gübrə idxalını, uran, palladium kimi sahələri əhatə etməməsinə baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsi müharibədən sonra əhəmiyyətli dərəcədə azalıb. Nəticə olaraq, iki ölkə arasında ticarət dövriyyəsi 2021-ci ildə 36.6 milyard dollardan, 2024-ci ildə 2,8 milyard dollara enib.

Mənbə: Theglobalstatistic.com 

Müharibənin başlamasından sonra bütün sahələr üzrə olmasa da, bəzi ayrı-ayrı sektorlar üzrə ticarət həcminin statistikası da azalmanı sübut edir. Məsələn müharibədən sonra ABŞ-nin Rusiyaya nəqliyyat avadanlıqları ixracı 28.89%-dən 0,12%-ə, texniki avadanlıqlar ixracı 18,24%-dən 1,14%-ə, mədən sənayesi məhsulları isə 0,8%-dən 0,1%-ə düşüb.

Beləliklə, Rusiya və ABŞ arasında ümumi ticarət dövriyyəsi Rusiyanın Ukraynanı işğalı səbəbilə tətbiq edilən sanksiyalar nəticəsində əhəmiyyətli dərəcədə azalıb. Müharibənin əvvəlində 36 milyard olan ticarət dövriyyəsi 13 dəfə azalaraq 2025-ci ildə 2,8 milyarda enib. 

Fakt Yoxla”nın gəldiyi nəticəyə görə deputat Sevil Mikayılovanın iddiası yanlışdır.

Yanlış
  • 13 Oktyabr, 2025
  • 27

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə