Fələstin və İsrail arasında hərbi vəziyyətin oktyabrın 7-dən gərginləşməsindən sonra Fələstin-Ermənistan münasibətləri mövzusu sosial şəbəkələrdə yenidən aktuallaşıb. Məsələn, 94 mindən çox izləyicisi olan “qloball_xeber” adlı instagram hesabında paylaşılan məlumata görə, Fələstinin keçmiş lideri Yasir Ərəfat “Erməni xalqı Qarabağda haqq savaşı aparır. Onlar da bizim kimi əzilmiş xalqdır. Ona görə də biz bu savaşda erməni xalqının yanındayıq” deyib. Siam.az saytında gedən məqalədə iddia olunur ki, Fələstin rəsmi şəkildə Dağlıq Qarabağın Ermənistan əraziləri olduğunu iddia edərək, BMT və digər beynəlxalq tribunalarda Ermənistana öz dəstəyini nümayiş etdirib, hazırki prezident Mahmud Abbas isə Ermənistanın Azərbaycan ərazilərini tamamilə ələ keçirərək “Böyük Ermənistan” qurmasını arzulayıb. Bundan əlavə, Fələstinin “Erməni soyqırımını” tanıdığı, soyqırımın 100 illiyi münasibəti ilə xüsusi poçt markası buraxdığı iddiaları da zaman-zaman sosial şəbəkələrdə və mediada yayımlanıb.
“Fakt Yoxla” mövzunun aktuallığını nəzərə alaraq bu iddiaların doğru olub-olmadığını yoxlayıb.
Dövlətlərin bir-birlərinə qarşı münasibətləri rəsmi açıqlamalar və aktlarla müəyyən olunur. Fələstin xalqının beynəlxalq səviyyədə rəsmi təmsilçisi Fələstin Hökumətidir. Azərbaycandan fərqli olaraq Ermənistanın Fələstinlə rəsmi münasibətləri yoxdur, hər iki tərəf bir-birini suveren dövlət olaraq tanımır. Fələstinin Azərbaycanda səfirliyi mövcuddur, Azərbaycanın isə Fələstində diplomatik nümayəndəliyi fəaliyyət göstərir.
Fələstinin Azərbaycana qarşı Ermənistanı dəstəkləməsi ilə bağlı hər hansı bir rəsmi mövqe mövcud deyil. Əksinə Fələstin Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. 2009-cu ildə Fələstinin Xarici İşlər naziri Riyad əl-Maliki Ermənistanın işğalı altında olan ərazilərin Azərbaycana aid olduğunu bildirib. 2011-ci ildə Prezident İlham Əliyevlə görüşündə Fələstin Prezidenti Mahmud Abbas “hər iki dövlətin ortaq problemlərinin olduğunu, Azərbaycanın da işğaldan əziyyət çəkdiyini və işğal faktı ilə bağlı müvafiq BMT qətnamələrinin yerinə yetirilmədiyini” deyib. 2023-cü ildə İlham Əliyevlə görüşündə isə Riyad əl-Maliki Azərbaycanı torpaqlarını işğaldan azad etməsi münasibəti ilə təbrik edib. Bundan əlavə, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində Fələstin və Azərbaycan bir-birlərinin mövqelərini dəstəkləyirlər. Azərbaycandakı Fələstin səfirliyi də açıqlamasında bildirib ki, “Fələstin bütün beynəlxalq təşkilatlarda və forumlarda Azərbaycanla koordinasiyadadır və onunla əməkdaşlıq edir.”
Qeyd edək ki, 2012-ci ildə BMT-də keçirilən səsvermə zamanı Azərbaycanla yanaşı, Ermənistan da Fələstinə müşahidəçi statusunun verilməsinə dair qətnamənin lehinə səs verib. Bu mövqeyinə görə Mahmud Abbas 2013-cü ildə Fələstində yaşayan ermənilərin yeni il tədbiri zamanı Ermənistana təşəkkürünü bildirib. Lakin Fələstin BMT-də qeyri-üzv müşahidəçi dövlət statusunda təmsil olunduğuna görə səsvermələrdə iştirak hüququna malik deyil. Bu baxımdan, Fələstinin BMT-də Azərbaycanı və ya Ermənistanı dəstəkləməsi mümkün deyil.
Fələstin həmçinin “Erməni soyqırımı”nı tanımayan ölkələr sırasındadır. Fələstinin “Erməni soyqırımı”nın 100 illiyi ilə bağlı poçt markası buraxması xəbərinin də əsası yoxdur, belə ki, bu iddia Fələstinin Azərbaycandakı səfirliyi tərəfindən təkzib edilib. Bununla belə, 2021-ci ildə Fələstinin Kilsə İşləri üzrə Ali Prezident Komitəsinin sədri Muin Ellias Yusif Xurinin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana işgüzar səfər çərçivəsində Erməni Soyqırımı Memorialını ziyarət edib və qonaqlar üçün olan xatirə kitabına ürək sözlərini yazıb. Səfirlik həmçinin Mahmud Abbasa aid edilən “Böyük Ermənistan arzusu” ilə bağlı iddianı da inkar edib.
Onu da qeyd edək ki, Yasir Ərəfat “biz və ermənilər bir xalqıq,” “mən ermənilərə heç vaxt xəyanət etməyəcəm” deyə fikirlər səsləndirib. O, bu fikirləri 2000-ci ildə İsraillə Kemp-David danışıqlarından sonra Fələstinin Yerusəlimdəki erməni kvartalının İsrailin idarəçiliyinə verilməsinə razılaşması haqda iddialara cavab olaraq deyib. Belə ki, hazırda İsrail işğalı altında olan Şərqi Yerusəlimin Qədim Şəhər adlanan hissəsində Yəhudi, Xristian, Erməni və Müsəlman kvartalları mövcuddur və bu ərazidə 2000 nəfərlik erməni icması yaşayır. 2000-ci ildə keçirilən Kemp David Sammitində ABŞ prezidenti Bill Klinton yəhudi və erməni kvartallarının İsrailin nəzarətinə verilməsini, fələstinlilərə isə xristian və müsəlman kvartalları üzərində “müəyyən dərəcədə suverenlik” haqqının tanınmasını təklif etmişdi. Ərəfat “Əl-Əyyam” və “Əl-Həyat” qəzetlərinə açıqlamasında erməni kvartalının İsrailin idarəçiliyinə keçməsi ilə razılaşmayacaqlarını nəzərdə tutub. Bu fikirlərin Ermənistan və Azərbaycan arasındakı münaqişə ilə əlaqəsi yoxdur.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə əsasən, Fələstinin “erməni soyqırımı”nı tanıması, beynəlxalq təşkilatlarda və Qarabağ münaqişəsində Azərbaycana qarşı Ermənistanı dəstəkləməsi, Fələstində “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar poçt markasının buraxılması iddiaları yanlışdır.