logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

İlham Əliyev: Avropa Məhkəməsinin heç bir qərarının bizim üçün hüquqi qüvvəsi yoxdur

İlham Əliyev: Avropa Məhkəməsinin heç bir qərarının bizim üçün hüquqi qüvvəsi yoxdur

ADA Univeristetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda konfransda  Prezident İlham Əliyev bildirib ki, Avropa Məhkəməsinin heç bir qərarının Azərbaycan üçün hüquqi qüvvəsi yoxdur. “Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmədiyindən, biz bu məhkəmənin qərarlarını tanımırıq. … Bəyan edirəm ki, Avropa Məhkəməsinin heç bir qərarının bizim üçün hüquqi qüvvəsi yoxdur. Çünki biz səsvermə hüququmuzdan məhrum edilmişik. Biz bu hakimlərə səs verməmişik”,- deyə o qeyd edib. 

Fakt Yoxla” Azəbaycanın AŞPA-dakı nümayəndə heyətinin mandatının təsdiq edilməməsinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrasından imtina üçün əsas olub-olmadığını analiz edib.

2024-cü ilin yanvarında AŞPA rəsmi Bakının öz üzərinə götürdüyü “əsas öhdəlikləri” yerinə yetirmədiyini əsas gətirərək Azərbaycanın nümayəndə heyətinin mandatının dondurulması barədə qətnamə qəbul edib. Qətnamədə deyilir ki, Azərbaycanda azad və ədalətli seçkilər, hakimiyyət bölgüsü, qanunvericilik orqanının icra hakimiyyəti qarşısında zəifliyi, məhkəmə sisteminin müstəqilliyi və insan hüquqlarına hörmətlə bağlı çox ciddi narahatlıqlar iyirmi ildən artıqdır ki, qalmaqdadır. Bundan sonra Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Həmin dövrdən etibarən  Azərbaycanın nümayəndə heyəti AŞPA-nın sessiyalarında iştirak etmir. Bu ilin yanvar ayında isə Azərbaycan AŞPA-ya yeni nümayəndə heyəti göndərməyib.

Avropa Şurasının parlament qolu olan AŞPA 46 üzv dövlətin parlamentarilərindən ibarətdir. Assambleyanın funksiyalarına hökumətləri insan hüquqları, demokratiya məsələlərində yoxlamaq, demokratik standartları dəstəkləmək, bu öhdəliklərə əməl etməyən dövlətlərə təzyiq göstərmək, islahatlara təkan vermək, AİHM-ə hakimlərin seçilməsi və s. aiddir. 

Avropa İnsan Hüquqları Konvensiyasının 22-ci maddəsinə görə, üzv dövlətlərin hər biri tərəfindən üç namizəddən ibarət siyahı təqdim edilir, həmin namizədlər arasından biri parlamentarilər tərəfindən gizli səsvermə yolu ilə Məhkəmənin hakimi seçilir. Konvensiyanın 14 saylı protokolu ilə hər bir hakimin səlahiyyət müddəti isə uzadılaraq doqquz il müəyyən olunub  və onlar yenidən seçilə bilməz (maddə 2). 

AİHM-də üzv dövlətləri təmsil edən hakimlərin səlahiyyət müddəti fərqli dövrlərdə bitir. AİHM-in yurisdiksiyası altında 46 üzv ölkə var və Azərbaycanın nümayəndə heyətinin mandatı təsdiqlənmədiyi dövrdən (2024-cü ilin yanvar ayından) etibarən, həmin dövlətlərin yalnız on birinin  hakimləri yeniləri ilə əvəz olunub. Digər 35 dövlətin hakimi isə Azərbaycanın sessiyalarda iştirak etdiyi dövrdə seçilib. 

Azərbaycanın nümayəndə heyətinin AŞPA-da təmsil olunmadığı dövrdə seçilən hakimlər haqqında məlumat aşağıdakı cədvəldə göstərilib:
 

AİHM müstəqil məhkəmə orqanıdır və yalnız Konvensiyaya əsaslanır; bu həmin Konvensiyadır ki, dövlətlər üçün qərarların icrası heç bir qeyd-şərt olmadan, məcburi xarakter daşıyır. AŞPA AİHM-in hakimlərinin seçilməsində iştirak etsə və dövlətlərə tövsiyələr versə də, AİHM-in qərarlarının icrasına nəzarət etmək və ya onları tətbiq etmək səlahiyyəti Avropa Şurasının icra orqanı olan Nazirlər Komitəsinə aiddir. AŞPA-nın AİHM qərarlarının çıxarılması və icrası prosesində hər hansı rolu yoxdur. Assambleya sadəcə üzv dövlətlər tərəfindən təqdim olunan hakimlərin gizli səsvermə yolu ilə seçilməsində iştirak edir. Həmin namizədlər üçün tələb onların Məhkəmənin işində öz adlarından çıxış etməsidir (AİHK, maddə 21). Yəni təmsil etdiyi dövlətin mənafeyini təmsil etməyən müstəqil şəxslər olmalıdılar. Bu da AİHM-nin AŞPA ilə heç bir asılılığı olmayan hüquqi və müstəqil məhkəmə olmasını göstərir. 

“Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqındaQanuna görə, Azərbaycan beynəlxalq müqavilələrə dönmədən əməl etməli (maddə 15) və müqavilələrin yerinə yetirilməsini təmin etməlidir (maddə 16). Ratifikasiya (təsdiq) olunmuş beynəlxalq müqavilələrin ləğv edilməsi səlahiyyətləri isə yalnız Milli Məclisə aiddir. Beynəlxalq müqavilənin ləğv edilməsi üçün Milli Məclisin müvafiq komitələri qabaqcadan bu təklifə baxıb rəy verməlidir, həmin rəy əsasında da beynəlxalq müqavilənin ləğv edilib-edilməməsi məsələsi həll olunur. Üstəlik Konstitusiyada beynəlxalq müqavilələrin təsdiqi və ləğvi Milli Məclisin səlahiyyətlərinə aid edilib (maddə 94). Dövlət başçısı isə beynəlxalq müqavilələrə əməl edilməsinin təminatçısı kimi müəyyən edilib (maddə 8, bənd III). Azərbaycan AİHK-nı təsdiq (ratifikasiya) edərək, tərəf olduğu hər hansı iş üzrə Məhkəmənin qəti qərarını icra etməyi öhdəsinə götürüb (maddə 46). Konvensiyanın ləğv edilməsi barəsində Milli Məclisin qərarı olmadığı üçün Azərbaycan konvensiyanın tələblərinə əməl etməlidir və belə qərar olmadan Prezidentin AİHM-nin qərarlarını icra etməklə bağlı çıxışı onun konstitusional səlahiyyətləri ilə ziddiyyət yaradır. 

AŞPA insan hüquqlarının, demokratiyanın vəziyyəti ilə bağlı hesabatlar hazırlayaraq tənqidi münasibətini bildirsə də, Azərbaycan hökuməti tərəfindən heç bir müsbət addım atılmaması və insan hüquqları ilə bağlı vəziyyətin günbəgün pisləşməsi səbəbindən Azərbaycan nümayəndə heyətinin mandatını tanımayıb. İndi isə hökumətin AİHM qərarlarının icrasından açıq-aşkar imtina etməsi ölkədə insan hüquqlarının vəziyyətinin daha da pisləşməsinə səbəb olacaq. 

Prezident AİHM qərarlarının icrasından imtinanı Azərbaycanın sessiyalarda iştirak etməməsi ilə izah etsə də, statistik məlumatlar göstərir ki, Azərbaycan Hökuməti nümayəndə heyəti hakimlərə səs verdiyi dövrdə də qərarların icrasından yayınırdı. AŞ-nın Nazirlər Komitəsinin 2024-cü il hesabatına əsasən həmin ildə Avropa Məhkəməsi Azərbaycan əleyhinə 62 işi icraya nəzarət üçün Avropa Şurası Nazirlər Komitəsinə göndərib. Bu rəqəm  2023-cü ildə 84, 2022-ci ildə 49 idi. 31 dekabr 2024-cü il tarixinə qədər Azərbaycanın icra etmədiyi və hələ nəzarətdə olan 329 işi var idi. 2023-cü ildə bu rəqəm 337, 2022-ci ildə isə 285 olub. Bu işlərdən 23-ü (2023 və 2022-də də 21 iş) gücləndirilmiş rejimdə icraya göndərilib, yəni bunlar xüsusi əhəmiyyətli pozuntular hesab olunur, lakin bu işlərdən də 15-i 5 ildən çoxdur ki, icra olunmur. Bu da Azərbaycanın AİHM qərarlarının icrasından yayınmasını, insan hüquqları və demokratiya ilə bağlı öhdəliklərindən AŞPA-da təmsil olunduğu vaxtda da boyun qaçırdığını göstərir. 

Azərbaycan höküməti ölkədə insan hüquqlarının pozulmadığını iddia etsə də, beynəlxalq təşkilatların hesabatları, AİHM-nin qərarları bunun əksini göstərir. Bu səbəbdən Azərbaycan AŞPA-dan kənarlaşdırılıb.

AİHM-in qərarlarının icrasından imtina təkcə hüquqi məsuliyyət doğurmur, həm də ölkənin beynəlxalq birliklə əlaqələrinə və daxildə hüquq sisteminin legitimliyinə ciddi təsir göstərir. Bu kontekstdə AİHM qərarlarına əməl olunmaması, təkcə dövlətlərarası münasibətlərdə deyil, həm də cəmiyyətin hüquq və azadlıqlarının təminatında ciddi geriləmə yaradır.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Azərbaycan Prezidenti tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının tanınmaması ilə bağlı verilən bəyanat, ölkənin beynəlxalq hüquqi öhdəliklərinə və Konstitusiyasında təsbit olunmuş prinsiplərə ziddir. Azərbaycan AİHM-in yurisdiksiyasını könüllü şəkildə qəbul edərək, bu Məhkəmənin qərarlarını icra etməyi hüquqi öhdəlik kimi üzərinə götürüb. AŞPA-da nümayəndə heyətinin mandatının tanınmaması isə sırf siyasi qərardır və AİHM-in müstəqil hüquqi statusuna təsir göstərmir.

Analiz
  • 5 May, 2025
  • 116

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə