Aprelin 9-da ADA Universitetində keçirilmiş "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyev bildirib ki, “Azad Avropa/Azadlıq Radiosu” və “Amerikanın Səsi” artıq fəaliyyətini dayandırıb. Prezident bu iddianı ABŞ prezidenti Donald Trampın USAID-ə qarşı apardığı kampaniyanı tərifləyərkən səsləndirib.
"Fakt Yoxla" bu iddianın doğru olub-olmadığını yoxlayıb.
2025-ci il martın 14-də ABŞ Prezidenti Donald Tramp ABŞ Qlobal Media Agentliyinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı sərəncam imzalayıb. Həm “Azad Avropa/Azadlıq Radiosu” (red: bundan sonra Azadlıq Radiosu), həm də “Amerikanın Səsi” bu Agentliyin tərkibində olduğu üçün hər iki qurum qlobal miqyasda fəaliyyətini dayandırmaq riski ilə qarşılaşmışdı.
Lakin, bu sərəncamın ardından qərarın ləğvi üçün müxtəlif məhkəmə işləri başladı. Martın 18-də “Azadlıq Radiosu” federal qrantın dayandırılması cəhdlərinin qarşısını almaq üçün məhkəməyə müraciət edib. Federal məhkəmənin qərarına əsasən Prezident Trampın “Azadlıq Radiosu” ilə bağlı verdiyi qərar dondurulub. Qərarda deyilir ki, Konqresin tərəfindən yaradılan qurumu ləğv etmək üçün prezidentin səlahiyyəti yoxdur. Martın 27-nə olan məlumata görə Tramp administrasiyası “Azadlıq Radiosu”nun maliyyələşdirilməsini bərpa edib.
Həmçinin, mart ayında Nyu-York Məhkəməsi “Amerikanın Səsi”nin işçilərini işdən çıxarılması, müqavilələrin dayandırılması və ya ofislərin bağlanması da daxil olmaqla Tramp administrasiyasının icra sərəncamından irəli gələn hər hansı hərəkətə mane olan müvəqqəti məhdudlaşdırma qərarı verib. Bundan başqa, federal məhkəmə də aprelin 22-də verdiyi qərarla administrasiyadan “Amerikanın Səsi” və federal səviyyədə maliyyələşən digər media qurumları ilə bağlı qərarlarını geri götürməsini tələb edib. Bu qərarla bağlı müxtəlif məhkəmə işləri hal-hazırda da davam etməkdədir.
ABŞ-da baş verənlərlə yanaşı, “Azadlıq Radiosu”nun maliyyələşdirilməsi üçün Avropada da təşəbbüslər irəli sürülüb. 22 mart tarixli məlumata görə Çexiya hökuməti ABŞ administrasiyası tərəfindən maliyyələşdirmənin kəsilməsindən sonra “Azadlıq Radiosu”nu dəstəkləmək təşəbbüsü göstərib..
“Amerikanın Səsi” və “Azadlıq Radiosu”nun həm ingiliscə, həm də Azərbaycan dilində rəsmi vebsaytlarına və sosial media hesablarından görünür ki, “Amerikanın Səsi”nin yayımları baş verən proseslərə görə dayansa da, “Azadlıq Radiosu”nun yayımları aktiv olaraq davam edir.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Prezident İlham Əliyevin “Azadlıq Radiosu” və “Amerikanın Səsi”nin fəaliyyətini dayandırması ilə bağlı səsləndirdiyi iddia əsasən yanlışdır.