logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

İlham Əliyev: "Ermənistan Brüssel prosesi adlanan prosesi davam etdirməmək qərarına gəldi”

İlham Əliyev: "Ermənistan Brüssel prosesi adlanan prosesi davam etdirməmək qərarına gəldi”

Xəbərin qısa icmalı

Prezident İlham Əliyev oktyabrın 14-də Brüsselin vasitəçiliyi ilə aparılan sülh danışıqları ilə bağlı deyib ki, "əfsuslar olsun ki, Ermənistan tərəfi Brüssel prosesi adlanan bu prosesi davam etdirməmək qərarına gəldi”.

- Azərbaycan 2022-ci ilin sonundan etibarən Brüssel formatında görüşlərdən rəsmi şəkildə imtina etməyə başladı. 2022-ci il noyabrın 25-də Prezident İlham Əliyev 7 dekabra planlaşdırılan Brüssel sammitinə qatılmayacağını bildirdi. Buna səbəb kimi Əliyev 15 Noyabrda Fransa Senatının Azərbaycana qarşı sanksiya çağırışını və Fransa Prezidenti Emmanuel Makronun müsahibəsində Azərbaycan əleyhinə fikirlərini göstərdi.

-2023-cü ilin may və iyul aylarındakı görüşlərdə də iştirak edən Azərbaycan sentyabrda ərazi bütövlüyünü tam təmin edəndən sonra Prezident İlham Əliyev bu formatda 2023-cü ilin oktyabrında planlaşdırılan daha iki görüşə - Qranada və Brüssel görüşlərinə - qatılmaqdan imtina etdi. Beləcə, Avropa İttifaqı vasitəçiliyi ilə Azərbaycan Ermənistan arasındakı 2023-cü ilin iyulunda son görüş oldu və ondan sonra Avropa İttifaqının vasitəçiliyi sonlandırıldı.

Prezident İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən Ermənistan-Azərbaycan arasında sülh danışıqlarının vəziyyətindən danışıb. Əliyev Brüsselin vasitəçiliyi ilə aparılan sülh danışıqları ilə bağlı deyib ki, "əfsuslar olsun ki, Ermənistan tərəfi Brüssel prosesi adlanan bu prosesi davam etdirməmək qərarına gəldi”.

“Fakt Yoxla” Prezident İlham Əliyevin iddiasının doğru-olub olmadığını yoxlayıb. 

İkinci Qarabağ müharibəsinin bitməsindən sonra Ermənistanla Azərbaycan arasında sülh danışıqları çərçivəsində ilk görüş 2021-ci ilin yanvarında Moskvada baş tutub. 10 Noyabr atəşkəsinə vasitəçilik etmiş Rusiya ölkələri danışıqlar üçün bir araya gətirəndən sonra tərəflər Rusiya vasitəçiliyi ilə sərhədlərin demarkasiyası, kommunikasiya yollarının açılması və qarşılıqlı ərazi bütövlüyünün tanınması məsələlərini müzakirə etdikləri daha bir neçə görüş keçirdilər. Ancaq, 2022-ci ildən etibarən Rusiyanın Ukraynada apardığı müharibə səbəbindən sülh danışıqlarındakı vasitəçiliyi tədricən zəiflədi. Digər tərəfdən Ermənistan da Rusiya ilə qarşılıqlı münasibətlərində olan problemlər səbəbilə Moskvanın vastiçəliyindən tədricən uzaqlaşmağa başladı. 

Rusiya ilə bərabər 2021-ci ildən iki ölkə arasında Avropa İttifaqının vasitəçiliyi ilə “Brüssel formatı” adlanan danışıqlar prosesi də başladı. Bu format çərçivəsində ölkələr arasında ilk görüş 2021-ci ilin dekabr ayında, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutub. Bundan sonra tərəflər arasında humanitar məsələlər, sərhəd delimitasiya və sülh müqaviləsinin müzakirə edildiyi bir neçə görüş də keçirildi. Beləcə, 2021-ci ildən Moskva və Brüssel arasında Ermənistan-Azərbaycan sülh danışıqları vasitəçiliyi uğrunda başlanan rəqabət Avropa İttifaqının xeyrinə dəyişdi. Belə ki, Ermənistan-Rusiya münasibətlərinin korlanması, Yerevanın Rusiyadan uzaqlaşması və Qərbə yaxınlaşması fonunda Brüssel vasitəçiliyinin əhəmiyyəti artdı və sülh müqaviləsinin imzalanması ətrafında müzakirələr daha da ciddiləşdi. 2022-ci il aprel görüşündə hər iki ölkə birgə sərhəd kommisiyası yaradılmasına, oktyabrda Praqada keçirilən görüşdə isə tərəflər bir-birinin ərazi bütövlüyünün tanınması və Aİ müşahidə missiyasının Ermənistan sərhəddinə yerləşdirilməsinə razılaşdı. Bundan əlavə Ermənistan Azərbaycan arasında daha bir vasitəçilik də ABŞ tərəfindən həyata keçirilirdi və bu çərçivədə hər iki ölkənin XİN başçıları ABŞ dövlət katibi Entoni Blinkenin təşkilatçılığı ilə Vaşiqtonda görüşürdülər. 

Buna baxmayaraq, Azərbaycan 2022-ci ilin sonundan etibarən Brüssel formatında görüşlərdən rəsmi şəkildə imtina etməyə başladı. 2022-ci il noyabrın 25-də Prezident İlham Əliyev 7 dekabra planlaşdırılan Brüssel sammitinə qatılmayacağını bildirdi. Buna səbəb kimi Əliyev 15 Noyabrda Fransa Senatının Azərbaycana qarşı sanksiya çağırışını və Fransa Prezidenti Emmanuel Makronun müsahibəsində Azərbaycan əleyhinə fikirlərini göstərdi. Bundan sonra Azərbaycan tərəfinin Avropa İttifaqı vasitəçiliyinə qarşı narazılığı böyüdü. 2023-cü ilin may və iyul aylarındakı görüşlərdə də iştirak edən Azərbaycan sentyabrda ərazi bütövlüyünü tam təmin edəndən sonra Prezident İlham Əliyev bu formatda 2023-cü ilin oktyabrında planlaşdırılan daha iki görüşə - Qranada və Brüssel görüşlərinə - qatılmaqdan imtina etdi. Beləcə, Avropa İttifaqı vasitəçiliyi ilə Azərbaycan Ermənistan arasındakı 2023-cü ilin iyulunda son görüş oldu və ondan sonra Avropa İttifaqının vasitəçiliyi sonlandırıldı. Əvəzində Azərbaycan Ermənistanla münasibətləri regional formatlarda və ya iki tərəfli danışıqlarda həll etməyi təklif etməyə başladı. Bundan əlavə Prezident İlham Əliyev Azərbaycanın Qərb vasitəçiliyindən narazılğı fonunda Rusiya vasitəçiliyini qəbul etdiyini bildirib. Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən deyib: Biz Rusiya Federasiyasının vasitəçiliyini minnətdarlıqla qəbul edirik, çünki Rusiya bizim qonşumuz, müttəfiqimiz, həmçinin bizim regionda yerləşən, minlərlə kilometr uzaqda olan ölkələrdən fərqli olaraq qonşuluqda yerləşən Ermənistanın da müttəfiqidir. Təbii ki, ölkələrimiz arasında münasibətlərin tarixi, əlbəttə, Rusiya tərəfinin vasitəçiliyini nəzərdə tutur”. 

Beləliklə, göründüyü kimi Brüssel formatından Ermənistan yox, bu vasitəçilik altında nəzərdə tutulan görüşlərə qatılmayan və əvəzində regional məsələlərin regional çərçivədə həll olunmasını təklif edən Azərbaycan imtina edib. 

Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Prezident İlham Əliyevin iddiası yanlışdır.

Yanlış
  • 9 Noyabr, 2024
  • 463

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə