logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Prezidentin “Amnesty International” və “Human Rights Watch”la bağlı iddiası

Prezidentin “Amnesty International” və “Human Rights Watch”la bağlı iddiası

Foto "AzTV"dan götürülüb.

Prezident İlham Əliyev Almaniyanın “ARD” telekanalına müsahibəsində iddia edib ki, “Amnesty International” və “Human Rights Watch” təşkilatı ikinci Dağlıq Qarabağ müharibəsi  başlayandan sonra Ermənistan silahlı qüvvələrinin törətdiyi dağıntılar və insan tələfatı haqqında hesabat hazırlamaq üçün Azərbaycana gəlməyiblər və hadisələri yalnız Ermənistan tərəfdən işıqlandırıblar. 

Jurnalist Oliver Mayer Rüth “Human Rights Watch” təşkilatının Azərbaycana gəlməyə hazırlaşdığını qeyd edəndən sonra Prezident bu təşkilatların Azərbaycan tərəfin müraciətindən sonra gəlməyə razılıq verdiklərini bildirib.

“Onlar bizim “Nəyə görə bura gəlmirsiniz?” dediyimizə görə gəlirlər. Biz onlara “xahiş edirik, bura gəlin” müraciətini etdikdən sonra gəlməyə razılıq verdilər”, – deyə Prezident vurğulayıb.

“Fakt Yoxla” İlham Əliyevin bu iddiasının doğru olub-olmadığını yoxlayıb.

Prezidentin müsahibəsində dediyi bir məqama diqqət edək. O, deyib: “Dünən idi, onlara dedik ki, niyə gəlmirsiniz?” Burada İlham Əliyevin “dünən” kimi təsvir etdiyi gün oktyabrın 27-si olub. Çünki Prezident bu müsahibəni oktyabrın 28-də verib. Görünən odur ki, Azərbaycan hökuməti beynəlxalq insan haqları təşkilatları ilə təmasları müsahibədən 1 gün əvvəl qurmağa başlayıb. 

İlham Əliyevin bu iddiası ilk baxışda haqlı görünə bilər. Çünki bu təşkilatlar müsahibənin baş tutuduğu tarixə qədər Azərbaycana gəlməyiblər. Amma heç də hər şey İlham Əliyevin iddia etdiyi kimi olmayıb. 

“Human Rights Watch” oktyabrın 6-da Azərbaycan hökumətinə müraciət edərək ölkəyə giriş istəyib. Təşkilatın Avropa və Mərkəzi Asiya bölməsinin direktoru Hugh Uilliamson oktyabrın 16-da paylaşdığı “twitdə” hələ də Azərbaycan hökumətindən cavab gözlədiklərini bildirmişdi.

Skrinşot “Human Rights Watch” təşkilatının Avropa və Mərkəzi Asiya bölməsinin direktoru Hugh Uilliamsonun “Twitter” səhifəsindən götürülüb.

“Human Rights Watch”un Cənubi Qafqaz üzrə nümayəndəsi Giorgi Qoqia “Fakt Yoxla”ya deyib ki, təşkilat Ermənistan hökümətinə etdiyi müraciətə operativ olaraq müsbət cavab alıb, amma Azərbaycan tərəf eyni təşəbbüsü göstərməyib. Belə ki, “Human Rights Watch”un oktyabrın 6-da Azərbaycanın Xarici İşlər Nazirliyinə (XİN) etdiyi müraciətə ancaq oktyabrın 27-də müsbət cavab verilib. 

“Human Rights Watch”dan fərqli olaraq “Amnesty International” Azərbaycan hökumətinə müraciət etməyib. Təşkilatın Cənubi Qafqaz üzrə kampaniya koordinatoru Levan Asatiani “Fakt Yoxla”ya bildirib ki, Azərbycan hökuməti “Amnesty International”ın baş katibliyi ilə ilk təmasını Londondakı səfirlik vasitəsilə qurub. 

““Amnesty International” oktyabrın 28-də aldığı dəvət məktubuna oktyabrın 29-da müsbət cavab verib. Bundan sonra təşkilatın səfirliklə təmasları davam edib”, – deyə Asatiani vurğulayıb.

Təşkilatın nümayəndəsi bir məqama da aydınlıq gətirib. O bildirib ki, səfirliyin müraciətindən əvvəl Azərbaycan tərəf bir fəal vasitəsilə onlarla əlaqə saxlayıb. 

“Bizim Azərbaycan hökuməti ilə əvvəllər də müxtəlif vaxtlarda təmaslarımız olub, onlar bizi necə tapacaqlarını bilirlər. Ona görə də bu rəsmi müraciət hesab oluna bilməzdi”, – deyə o qeyd edib.

Beləliklə, “Amnesty International” müharibənin fəsadlarını yerində qiymətləndirmək məqsədilə Azərbaycan hökumətinə müraciət etməyib. Amma eyni iddianı “Human Rights Watch”a aid etmək mümkün deyil. Çünki bu təşkilat müharibə başlayandan 1 həftə sonra XİN-ə məktub göndərib.

Azərbaycan hökuməti hər iki təşkilatın Azərbaycana gəlməsinə oktyabrın sonunda maraq göstərib. Belə ki, “Human Rights Watch”un müraciətinə oktyabrın 27-də müsbət cavab verilib. Bundan 1 gün sonra Londondakı səfirlik “Amnesty International”ı Azərbaycana dəvət edib.

İlham Əliyev isə müsahibəsində iki təşkilatın hökumətin dəvətindən sonra Azərbaycana gəlməyə razılıq verdiyini deyib. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Prezidentin iddiası faktlarla manipulyasiyadı.

AZƏRTAC, Prezidentin Almaniyanın ARD televiziya kanalına müsahibəsi

Hugh Williamson, Twitter postu

“Human Rights Watch”un Cənubi Qafqaz üzrə nümayəndəsi Giorgi Qoqianın “Fakt Yoxla”ya açıqlaması

“Amnesty International” təşkilatının Cənubi Qafqaz üzrə kampaniya koordinatoru Levan Asatianinin “Fakt Yoxla”ya açıqlaması 

Faktlarla manipulyasiya
  • 24 Noyabr, 2020
  • 352

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə