Azərbaycan 1995-ci ildən BMT-nin Qadınlara qarşı bütün ayrı-seçkiliyin aradan qaldırılması komitəsinin üzvdür.
Azərbaycan hər dörd ildən bir bu quruma gender əsaslı zorakılıqla bağlı hesabat verir. Komitə isə Azərbaycanla bağlı yekun tövsiyələr və müşahidələr sənədi hazırlayır.
Komitənin 2015-ci ilə dair hazırladığı “Azərbaycanla bağlı beşinci dövri yekun Tövsiyələr və Müşahidələr” sənədində qeyd olunurdu ki, Azərbaycanın Avropa Şurasının “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Konvensiyasını (İstanbul Konvensiyası) imzalamağı gecikdirməsi narahatlıq doğurub.
Bəs Azərbaycanın bu sahədə mövcud qanunvericiliyi Konvensiyaya qoşulmağa maneə yaradırmı?
“Fakt Yoxla” bu suala aydınlıq gətirmək üçün yerli qanunvericiliyi və beynəlxalq hüquqi sənədləri araşdırıb.
2011-ci il mayın 11-də qəbul edilən İstanbul Konvensiyası Avropa Şurasının üzvü olan 34 dövlət tərəfindən ratifikasiya edilib. Digər 11 üzv dövlət bu Konvensiyanı imzalasa da, ratifikasiya etməyib. Avropa Şurasına üzv olan Azərbaycanla Rusiya isə Federasiyası Konvensiyanı nə imzalayıb, nə də ratifikasiya ediblər.
İstanbul Konvensiyası qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması üçün çoxtərəfli prinsipləri əks etdirən vahid sənəddir. Bu sənəddə dövlətlərdən zorakılıqla bağlı dörd istiqamətdə tədbirlərin görülməsi tələb olunur: önləyici tədbirlər, qurbanları qoruma (protection), cəzalandırma (prosecution) və zorakılığın qarşısının alınması barədə siyasət müəyyən etmə (policy making). Bu 4 aspekt qısaca “4P yanaşması” adlandırılır.
Konvensiyanın III fəsli önləyici tədbirlər haqqındadır. Sənəd tərəflərdən milli səviyyədə bir sıra tədbirlərin həyata keçirilməsini tələb edir. Bu tədbirlərə dövlətlər üzərində maarifləndirmə, təhsil proqramlarının uyğunlaşdırılması, mütəxəssislərin yetişdirilməsi və qabaqlayıcı müdaxilə və müalicə proqramlarının yaradılması kimi öhdəliklər daxildir.
IV fəsil müdafiə və dəstəklə bağlıdır. Bu fəsil mütəxəssislər tərəfindən yardım xidməti, cinsi zorakılığa, o cümlədən zorlanmaya məruz qalanlarla iş, zorakılığın şahidi olmuş uşaqların qorunması və onlara dəstəklə bağlı normaları əks etdirir.
Konvensiyanın V fəsli maddi-hüquq normalardan bəhs edir. Konvensiyanı qəbul edən dövlətlər milli qanunvericiliklərinin maddi normlarını Konvensiyanın bu fəsli ilə müəyyən edilən normalara uyğunlaşdırmalıdırlar.
Konvensiyanın bu hissəsi hansı əməllərin cinayət hesab edilməsini, ağırlaşdırıcı halları və cəzaların müəyyən edilməsini nəzərdə tutur.
Konvensiyanın Monitorinq mexanizmi iki qurumdan ibarətdir. Birinci qurum “GREVIO” adlanan qadınlara və məişət zorakılığına qarşı tədbirlər üzrə ekspert qrupudur.
Qrup insan hüquqları, gender bərabərliyi, qadınlara və məişət zorakılığına qarşı mübarizə qurbanlarına yardım kimi sahələr üzrə çalışan 15 mütəxəssisdən ibarət olmalıdır. Bu qrup Konvensiyanı ratifikasiya edən ölkələrin vətəndaşı olan şəxslərdən təşkil olunur. Qrupun əsas rolu ölkələrin Konvensiyanın tələblərini nə dərəcədə yerinə yetirdiyini müəyyənləşdirməkdir.
İkinci qurum Tərəflər Komitəsidir. Konvensiyanı ratifikasiya edən tərəflərin nümayəndələrindən ibarət olan bu siyasi orqan həmin ölkələrin namizədliyini irəli sürdüyü şəxslər arasından birinci qrup olan “GREVIO”nun üzvlərini seçir.
“GREVIO” sorğular əsasında Konvensiyada iştirak edən dövlətlərdən hesabatlar alır. Bu qurum həmçinin QHT-lərdən, vətəndaş cəmiyyətinin üzvlərindən, insan hüquqlarının müdafiəsi üzrə milli institutlardan, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarından, Parlament Assambleyasından və Avropa Şurasının digər ixtisaslı qurumlarından yaxud Qadınlara qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə (“CEDAW”) Komitəsi kimi ixtisaslaşmış qurumlardan da məlumatlar ala bilər.
Əgər verilmiş məlumat kifayət etməsə, yaxud da hansısa bir məsələ təcili diqqət tələb etsə, onda “GREVIO" üzv dövlətin milli hakimiyyət orqanları ilə əməkdaşlıq çərçivəsində həmin ölkəyə səfər edə bilər.
“GREVIO” əldə etdiyi məlumatlar əsasında sözügedən ölkə tərəfindən şərh edilməsi üçün hesabat tərtib edir. Bu şərhlər yekun hesabatda nəzərə alınır və nəticələr Tərəflər Komitəsinə təqdim olunur. Komitə “GREVIO”nun əldə etdiyi nəticələr əsasında həmin ölkənin göstərilmiş tarixdə yerinə yetirməsinə dair tövsiyələr hazırlaya bilər.
Konvensiya dövlətlərə yalnız icazə verilən maddələrə və bir dəfə yenilənməklə, beş il müddətinə qeyd-şərtlər etmək imkanı tanıyır. Dövlətlər qeyd-şərtlərlə kompensasiya, yurisdiksiya, az əhəmiyyətli cinayətlərlə bağlı məsələləri müəyyən edə, eləcə də psixoloji zorakılıq və təcavüz məqsədilə təqib kimi əməlləri dekriminal olaraq saxlaya bilərlər.
Azərbaycan 1995-ci ildə BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasını ratifikasiya edib. Bu sahə üzrə bir çox normativ aktlar bu sənədin ratifikasiyasından sonra qəbul edildiyi üçün, qanunvericilik BMT-nin Konvensiyasına uyğun şəkildə tərtib olunub.
Konvensiyada nəzərdə tutulmuş bir çox spesifik əməl Azərbaycanın Cinayət Məcəlləsində ictimai təhlükəli əməl kimi nəzərdə tutulub. Buraya qadını nikaha daxil olmağa məcbur etmə, qanunsuz abort etmə, seksual xarakterli zorakılıq hərəkətləri və s. daxildir. Lakin əməllərin məişət zorakılığı zəminində törədilməsi xüsusi tərkib və ya ağırlaşdırıcı hallar olaraq müəyyən edilməyib.
Bundan başqa, Azərbaycan bu sahəni tənzimləyən “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun 2010-cu ildə qüvvəyə minib. Amma bu Qanunun tələblərinin pozulması cinayət tərkibi daşımır. Yalnız İnzibati Xətalar Məcəlləsində bu qanunun tələblərinin pozulması barədə məsuliyyət müəyyən edilib.
Qeyd edək ki, İstanbul Konvensiyası tərtib edilərkən “LGBTQİ” nümayəndələrini də nəzərə alıb. Belə ki, mətnin məişət zorakılığı ilə bağlı hissələrində “partnyor” sözündən də istifadə edilib. Ayrıseçkiliyin qadağan edilməsi ilə bağlı 4-cü maddədə isə cinsi oriyentasiyaya görə ayrı-seçkilik qadağan olunur.
Konvensiyanın qəbul edilməməsi ilə bağlı Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı ötən il “BBC Azərbaycanca”ya demişdi ki, Konvensiyada eynicinslilərlə bağlı məsələlərin olması müzakirələri uzadıb.
Beləliklə, qanunvericilikdə Azərbaycanın İstanbul Konvensiyasını qəbul etməməsinə səbəb olacaq ziddiyyət yoxdur. Normativ aktlara bəzi əlavə və dəyişiklər etməklə qanunvericiliyin Konvensiyaya uyğunlaşdırılması mümkündür.