logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Allahşükür Paşazadə: “Azərbaycanda heç bir dini ayrı-seçkilik yoxdur”

Allahşükür Paşazadə: “Azərbaycanda heç bir dini ayrı-seçkilik yoxdur”

“Azərbaycanda heç bir dini ayrı-seçkilik yoxdur”. 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxulislam Hacı Allahşükür Paşazadə Aşura günü jurnalistlərə açıqlamasında belə deyib. 

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Konstitusiyanın 18-ci maddəsində bildirilir ki, bütün dini etiqadlar qanun qarşısında bərabərdir. 

25-ci maddəyə görə isə, dövlət dinindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. 

Bütün dinlər və dini qurumların qanun qarşısında bərabər olması “Dini etiqad azadlığı haqqında” Qanunun 5-ci maddəsində də əks olunub. Belə ki, heç bir din (dini cərəyan) və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz. 

Buna baxmayaraq, qanunun 21-ci maddəsi islam təmayüllü icma üzvlərinin diskriminasiyaya məruz qalmasına səbəb olur. Həmin maddənin 3-cü hissəsindəki “Xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarına islam dininə aid ayin və mərasimlərin aparılması qadağası” 2017-ci ildə ləğv edilsə də, digər məhdudiyyətlər hələ də qalmaqdadır. 

Belə ki, xaricdə dini təhsil almış Azərbaycan vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırmaqla islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər.

İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan vətəndaşı tərəfindən qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan aparılması Cinayət Məcəlləsinin168-1.1-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır. 

Bu əməli törədənlər 2000 manatdan 5000 manatadək məbləğdə cərimə olunur və ya bir ilədək müddətə azadlıqdan məhrum edilirlər. Bu isə öz növbəsində qeyri-islam icmalarından fərqli olaraq islam təmayüllü icmaların qarşısına əlavə sədlər yaradır. 

İslam dini icmaları təşkilat məsələlərində QMİ-yə tabe olduğu halda, qeyri-müsəlman dini icmaların istədikləri dini mərkəzlərə (idarələrə) tabe olmaq və tabeçiliyini dəyişdirmək hüququ var. Yəni qeyri-müsəlman dini icmalarından fərqli olaraq, islam təmayüllü dini icmalar öz dini mərkəzlərini müstəqil seçmək azadlığına sahib deyillər. Belə olan halda dini etiqadların qanun qarşısında bərabərliyi prinsipi pozulmuş olur.

“Fakt Yoxla” iki il öncə dərc etdiyi yazıda bu faktın ayrı-seçkilik olduğu qənaətinə gəlmişdi. 

Bu ilin fevralında “Dini etiqad azadlığı haqqında” Qanundakı yeni dəyişikliklərə əsasən, islam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təyin olunur. Yəni qeyri-müsəlman dini qurumlarından fərqli olaraq, islam təmayüllü icmalar öz rəhbərlərini müstəqil seçmək azadlığına sahib deyillər.

“Fakt Yoxla” bu mövzuda araşdırmasında dövlətin islam təmayüllü dini icmaların fəaliyyətinə nəzarəti daha da gücləndirdiyi qənaətinə gəlmişdi.

Beynəlxalq hesabatlarda “qeyri-ənənəvi” dini icmalardan olan “Yehovanın Şahidləri” təriqətinin üzvlərinin ayrı-seçkiliyə məruz qaldığı xüsusilə vurğulanır. Bu icmanın üzvlərinin əqidəsi hərbi xidmət keçməklə ziddiyyət təşkil edir. 

Konstitusiyanın 76-cı maddəsində bildirilir ki, vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.

Lakin “Yehovanın Şahidləri” təriqətinin üzvləri hərbi xidmətə etiraz etmək haqqından mütəmadi olaraq məhrum edilib və hərbi xidmətdən yayınmaya görə təqibə məruz qalıblar. 

2018-ci ildə “Yehovanın Şahidləri” icmasının 2 üzvü -  Emil Mehdiyev və Vahid Əbilov 1 il müddətinə təxirə salınmış azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər. 

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Müşfiq Məmmədov və digərləri Azərbaycana qarşı” işi üzrə “Yehovanın şahidləri” icmasının beş üzvünün ərizəsini təmin edib. 

Qərarda Azərbaycan məhkəmələrinin ərizəçilərin Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan dini etiqad azadlığı hüququnu (Maddə 9.) pozduğu bildirilir. Məhkumluğun zərərçəkənlərə mənəvi ziyan vurduğu qənaətinə gələn məhkəmə Azərbaycan hökumətini 38 min 269 avro cərimə edib. 

Bundan əlavə, İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyası Azərbaycanın qarşısında ümumilikdə 16 öhdəlik qoymuşdu ki, onlardan ikisinə prioritet qaydada əməl olunması istənilirdi. Onlardan birincisi fərqli və müstəqil vətəndaş cəmiyyətinin inkişafına imkan verən şərtlərin yaradılması, ikincisi  hərbi xidmətə alternativlər barədə qanunvericiliyin qəbulu idi. 

Lakin komissiyanın hesabatında bildirilir ki, Azərbaycan bu prioritet tövsiyələrin heç birini yerinə yetirməyib. Halbuki Azərbaycanın Avropa Şurasına üzv qəbul ediləndə hərbi xidmətə alternativ qanunun qəbulu üzrə öhdəlik götürmüşdü.

Birləşmiş Millətlər Təşkilatının İşçi Qrupunun Azərbaycanla bağlı hesabatında dini məsələlərə də yer ayrılıb. 

Hesabatda İspaniya Azərbaycanda “qeyri-ənənəvi” dini qurumların din azadlığından effektiv şəkildə faydalanması ilə bağlı məhdudiyyətlərin olduğunu vurğulayıb.

İspaniya tərəfindən Azərbaycan hökümətinə azlıqlara məxsus birliklərin icbari qeydiyyat prosedurunu sadələşdirmək və onların dini etiqad azadlığını əsassız şəkildə məhdudlaşdırmamaq tövsiyə olunub. 

Sənəddə həmçinin bildirilib ki, dini etiqadına görə həbs edilmiş bütün şəxslər dərhal və qeyd-şərtsiz azadlığa buraxılmalı, ölkədə mövcud olan bütün dinlərin nüməyəndələri üçün dini etiqad azadlığının təşviqi məqsədilə görülən tədbirlərin sayı artırılmalıdır.

Beləliklə, Azərbaycanda yuxarıda qeyd olunan bir sıra hallarda dini ayrı-seçkiliyə rast gəlmək mümkündür. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Şeyxulislam Hacı Allahşükür Paşazadənin iddiası əsasən yanlışdır.

Yanlış
  • 4 Oktyabr, 2022
  • 36

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə